“Faizsiz Bankçılğa Giriş” kitabı işıq üzü gördü.
İqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev tərəfindən yazılan, “Faizsiz Bankçılğa Giriş” kitabında faizsiz bankçılığın yaranma tarixi, elmi-nəzəri əsasları, dünya maliyyə sistemində yeri, bu tip institutların fəaliyyət prinsipləri öz əksini tapmışdır. Həmçinin, Azərbaycanda dövlət və özəl sektorun maliyyə təminatında Faizsiz Bankların vəsaitlərinin cəlb olunmasının yolları və perspektiv imkanları barəsindəki məsələlərə də toxunulmuşdur. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin İctimaiyyətlə Əlaqələr Departamentindən qhtxeber.az-a verilən məlumata görə, kitab faizsiz iqtisadi sistem haqqında məlumat almaq istəyən geniş oxucu kütləsi, iqtisadçı tələbə, magistr və gənc alimlər, sahibkarlar, o cümlədən bank sektorunda çalışan şəxslər üçün nəzərdə tutulmuşdur.Müəllif, eyni zamanada mərkəzin sədri Ruslan Atakişiyevin dediyinə görə son dövrlər dünyanın 75-dən çox ölkəsində, 400-ə yaxın maliyyə təşkilatı tərəfindən həyata keçirilən nativ investisiya mənbəyi sayılan faizsiz bankçılıq haqqında Azərbaycan oxucusunun, xüsusilə də iqtisadçıların məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir. Fikrimizcə Azərbaycanda sahibkarlığın inkişafı baxımından yeni maliyyə alətlərinin daim axtarılıb üzə çıxarılması və onların ölkəmizdə tətbiqinin sürətləndirilməsi iqtisadiyyatımızın dayanıqlı, davamlı və yüksələn xətlə tərəqqisinə kömək göstərəcəkdir.
Qeyd edək ki, kitab “Nikoyl Bank”-ın və “İdrak” ictimai birliyinin maliyyə dəstəyi ilə SER-in həyata keçirdiyi “Faizsiz bankçılıq və İslam İnkişaf Bankı haqqında nə bilirik?” mövzusundakı layihə çərçivəsində nəşr edilmişdir.