«Azərbaycanda ali təhsil haqlarının müəyyənləşdirilməsinin mövcud vəziyyəti və təkmilləşdirilməsi yolları» metodiki vəsaitin təqdimatı keçirilib
14.12.2011-ci il tarixində Bakıda «İqtisadi Resursların Öyrənilməsi» İctimai Birliyi «Ali təhsildə qiymətqoyma metodunun təkmilləşdirilməsi» layihəsi çərçivəsində Azərbaycan Təhsil Nazirliyi ilə birgə hazırladığı «Azərbaycanda ali təhsil haqlarının müəyyənləşdirilməsinin mövcud vəziyyəti və təkmilləşdirilməsi yolları» metodiki vəsaitin təqdimatını keçirib.
«APA-ECONOMICS»in məlumatına görə, tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının «Ali təhsilin iqtisadiyyatı» komissiyasının sədri Əvəz Bayramov təhsil haqqı məsələsinin Azərbaycanın təhsil sisteminin ən aktual problemi olduğunu bildirib: «Belə bir problemin mövcudluğu ölkənin təhsil sistemində təhsil haqlarının müəyyənləşdirilməsi üçün hüquqi normativ aktın olmamasıdır. Dünya praktikasında dövlət hesabına təhsil haqqı məbləği müəyyənləşdirilərkən ölkə təhsilinə ayrılan xərclər nəzərə alınmır. Yəni dövlət büdcəsindən ali təhsil ocağına ayrılan vəsait yalnız tələbənin təhsil haqqı məbləği ilə bağlı olmamalıdır. Burada tələbənin təhsil haqqı məsələsindən başqa, universitetin maddi-texniki bazasının gücləndirilməsi, həmçinin digər xərcləri də nəzərə alınmalıdır».
Ə.Bayramovun sözlərinə görə, mövcud vəziyyətdə Azərbaycanda təhsil haqlarının müəyyənləşdirilməsi üçün hazırlanan bu metodiki vəsait əldə olunan vacib sənəd hesab olunur.
İctimai Birliyin sədri Ruslan Atakişiyev metodiki vəsait haqqında geniş məlumat verərək ali təhsildə qiymətin müəyyənləşdirilməsinin beynəlxalq təcrübəsi və Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət və özəl universitetlərin nümunəsi barədə ətraflı məlumat verib.
Layihənin eksperti Nazim Hacıyev isə bildirib ki, dövlət və ali təhsil müəssisələrində qiymətlərin formalaşması prosesi özəl təhsil strukturlarındakı analoji prosesdən bir qədər fərqlənir. Bu isə bir sıra səbəblərlə bağlıdır. Belə ki, əksər dövlət ali təhsil müəssisələri güclü maddi-texniki bazaya və inkişaf etmiş sosial infrastruktura malikdirlər. Bu da onların saxlanmasına küllü miqdarda xərc tələb edir və təbii ki, qiymətlərin formalaşması zamanı bu vəziyyət nəzərə alınır.
N.Hacıyev qeyd edib ki, təhsil xidmətləri sferasında qiymətlərin formalaşması əmtəə və xidmətlərin qiymətlərinin müəyyən edilməsində toplanmış təcrübəyə əsaslanmalıdır: «Hazırda dövlət və özəl ali təhsil müəssisələri tərəfindən qiymətlərin formalaşmasının bütün əsas metodları bu və ya digər səviyyədə tətbiq edilir. Belə ki, təhsil müəssisələri xərc metodları, istehlakçıya hesablanmış metodlar və rəqabətə hesablanmış metodlardan istifadə edir».
Tədbirin sonunda metodiki vəsait iştirakçılar arasında müzakirə olunub.