Lənkəranda treyninq-debat keçirilmişdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) birgə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 6 oktyabr 2017-cı il tarixində Lənkəran şəhərində Lənkəran Regional Mərkəzinin kəndli-fermer təsərrüfatları üçün “Kəndli fermer təsərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində “Aqrar sektorda uçotun təşkili və alternativ maliyyələşmə” mövzusunda treyninq-debat keçirmişdir. Tədbiri giriş sözü ilə Lənkəran Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Tofiq Rzayev açmışdır. O, çıxışında ölkəmizdə həyata keçirilən islahatların kənd təsərrüfatının inkişafında rolundan bəhs etmişdir. Tədbirdə həmçinin, Lənkəran Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Təyyub Rzayev də çıxış etmişdir. O da öz növbəsində layihənin kənd təsərrüfatı və fermerlər üçün əhəmiyyətindən danışmışdır. Söz İRÖİB-in sədri, layihənin koordinatoru, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevə verildi. O, “Mövcud maliyyələşmə kanalları - Girov, faiz və əlçatanlıq”, “Alternativ maliyyə mənbələrinə çıxışın zəruriliyi - Ortaqlıq (muşaraka), vençur kapitalı (mudaraba), vədəli satış (murabaha) və icarə (lizinq); kimi investisiya cəlbi mövzularından danışaraq onlara biznes təklifin işlənməsi üzrə praktiki nümunələr öyrətmişdir. Sonra İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev isə “Kəndli fermer təsərrüfatlarında, İdarəetmədə, Qərar qəbulunda uçotun vacibliyi” mövzusunda çıxış edərək “Balans”, “Mənfəət və Zərər ” haqqında hesabatların hazırlanmasını izah edərək iştirakçılarla birlikdə konkret təsərrüfat hadisələri əsasında nümunələr işləmişdir. Qeyd edək ki, sözügedən layihə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına” dair Strateji Yol Xəritəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin icrasını özündə ehtiva edir. Tədbirin sonunda iştirakçılarla birgə xatirə şəkli çəkilmişdir.