“Kiçik sahibkarlıq subyektləri üçün vergilər” mövzusunda treyninq-debat keçirilib
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı ilə 7 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmənin əhəmiyyəti” üzrə treyninq-debat keçirmişdir. İRÖM-ün sədri, layihənin koordinatoru Ruslan Atakişiyev tədbir iştirakçılarına layihənin həyata keçirilməsində başlıca məqsədin kiçik sahibkarlıq subyektlərinə Vergi ödəmənin əhəmiyyətini aşılamaqla onlarda könüllü ödəməyə meylin artırılmasına sövq etmək olduğunu vurğulamışdır. Sonra söz Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin baş dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş İlkin Dövlətova verilmişdir. O, da öz çıxışında verginin hər bir dövlətin iqtisadiyyatındakı müsbət rolundan danışmışdır. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katib əvəzi Faiq Səmədov son dövrlər ölkəmizdə həyata keçirilən vergi islahatlarında sahibkarların rolundan bəhs etdi. Tədbirdə firma rəhbərləri, mühasibləri, fiziki şəxslər iştirak etmişdir. İRÖM-ün eksperti, vergi mütəxəssisi Radil Fətullayevin “kiçik sahibkarlıq subyektlərində Vergi siyasəti” və “Qanunvericiliyə riayət və son düzəlişlər” mövzularında iştirakçılara treyninq keçmişdir.“Professional mühasib” jurnalının baş redaktoru, audit mütəxəssisi Mehdi Babayev, qeyd edilən mövzularda debatları aparmış, iştirakçılardan təkliflər toplayaraq onları sistemləşdirmişdir. Tədbirin sonunda iştirakçılarla şəkillər çəkilmişdir