Ətraf mühitə dost texnologiyaların təkmilləşdirilməsində BMT-nin Qlobal Saziş təşəbbüsü önəmli beynəlxalq təcrübə sistemidir.
Ətraf mühit insanı lazım olan bütün məhsul və xidmətləri ilə təmin etsədə, bunun qarşılığında insan fəaliyyətinin çox hissəsi təbiət sistemini dağıtmağa və ya yenidən qurmağa yönəlmişdir. Halbuki insanın həyat keyfiyyəti onun bu gün və gələcəkdə əldə edə biləcəyi ərzaq, su, enerji və bioloji ehtiyatların kəmiyyətindən və keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Təbii ki, sənaye inqilabı ilə başlayan sürətli inkişaf və texnologiyaların təkmilləşməsi təbii mühit üzərindən təsirsiz ötməmişdir. Saysız nəqliyyat vasitələri, istehsalat prosesləri, telekommunikasiya və sintetik kimya cəmiyyətin inkişaf etmiş həyat tərzi ilə yanaşı, ətraf mühitin bu gün üzləşdiyi problemlərə görə də məsuliyyət daşıyır.
Buna görə sənayenin və insanın inkişafı həm yerli, həm milli, həm də qlobal səviyyədə davamlılığın təmin olunmasını tələb edir. Dayanıqlı inkişaf konsepsiyası 1980-ci illərdə yaranmış və 1990-cı illərdə inkişaf etdirilmişdir. “Birləşmiş Millətlər Təşkilatında Davamlı İnkişafın Tarixi” nin bir çox tərifləri mövcuddur, lakin daha geniş yayılmış tərif Norveçin keçmiş Baş Naziri Qro Harlem Brundtlandtın sədrlik etdiyi Davamlı İnkişaf üzrə Ümumdünya Komissiyasının hesabatında veriləndir: “Davamlı inkişaf ele bir inkişafdır ki,bugünün ehtiyaclarını gələcək nəsillərin öz ehtiyaclarını ödəmək imkanını məhdudlaşdırmadan ödəyir….” Davamlı inkişafın iki əsas konsepsiyası vardır:
• Ehtiyaclar konsepsiyası, xüsusilə, dünyanın ən yoxsul xalqlarının əsas ehtiyaclarıdır ki, onlara prioritet yer verilməlidir;
• Məhdudiyyətlər ideyası – texnologiya və sosial təsisatların ətraf mühitin hazırki və gələcək ehtiyacları ödəmək imkanını məhdudlaşdırmasıdır. Bir çox ölkələr və beynəlxalq təsisatlar ekoloji hədəflərə çatmağa istiqamətlənmiş inkişafa nəzarət etmək məqsədilə dinamika indikatorlarını işləyib hazırlamışlar. Bu dinamika indikatorları müxtəlif cür istinad şərtlərinə aid ola bilər, məsələn:
• Milli siyasət hədəfləri
; • Dövlətlər tərəfindən qəbul edilmiş beynəlxalq siyasət hədəfləri;
• Davamlılıq səviyyələrinin yaxınlaşması. Bildiyimiz kimi, bu gün həyatımızı müasir texnologiyalarsız təsəvvür etmək çətindir. İstər evdə və ya işdə, ümumiyyətlə gün ərzində istənilən sahədə işimizi asanlaşdıran müxtəlif cihazlardan istifadə edirik.
Lakin istifadə etdiyimiz texnologiya məhsullarının bir çoxu cəmiyyətə mənfi təsir göstərir, ətraf mühitin çirklənməsinə, küçələrdə sıxlığın yaranmasına və ya başqa arzuedilməz halların yaranmasına səbəb olur.Texnologiyalar ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə mənbələrindən biridır. Elektron tullantılarının içərisində əsasən də mobil telefon və kompüterlər üstünlük təşkil edir. Səbəb isə bu qurğuların tez-tez yenisi ilə əvəz edilməsidir. Birləşmiş Millətlər Təşkilatı bu problemi qlobal təhlükələr sırasına daxil edib. Mütəxəsislər bu problemin həlli yolunu ekoloji cəhətdən daha təmiz olan “yaşıl” texnologiyaların, “yaşıl iqtisadiyyatın” yaradılması və inkişaf etdirilməsində görürlər.
Bunun üçün kompüter və periferiya qurğularında enerji istehlakının minimuma endirilməsi, yararsız və ya köhnəlmiş elektron avadanlıqlarının ekoloji cəhətdən təmiz üsullarla təkrar emalı, kompüter, server, printer və digər elektron qurğular üçün yəni, enerjiyə qənaət edən texnologiyaların işlənib hazırlanması, ətraf mühitə təsirinin azaldılması məqsədi ilə kompüter sistemlərinin istehlsalında xərclərin minimuma endirilməsi problemin həllində vacib amildir. Bütün bunları nəzərə alaraq, “yaşıl” informasiya texnologiyaları biliklərinin tədrisinın vacib olduğunu da xüsusi vurğulamalıyıq.
Dünya təcrübəsinə əsasən, bir çox inkişaf etmiş ölkələrdə «Ağıllı Şəhər» sistemi tətbiq olunur ki, buda aşağıdakı prinsiplər üzərində qurulur:
- Şəhərin bütün ekoloji tələblərə cavab verməsi,
- Şəhərin avtonom rejimdə fəaliyyət göstərməsi,
- Ən son informasiya və kommunikasiya texnologiyalarının tətbiqi,
- Ümumi sistemin əsas hissəsi kimi “Ağıllı nəqliyyat sistemi” nin effektiv işləməsi.
“Ağıllı sistem”lərin tətbiqi ekologiya mühitinin yaxşılaşdırması, vaxta qənaət, təhlükəsizlik, xərclərin azalması və ümumiyyətlə şəhərin daha effektiv fəaliyyəti deməkdir.Əgər ki, «Ağıllı şəhər» layihəsi həyata keçirilirsə, müəyyən qaydalara uyğun olması mütləqdir. Belə ki, - “Ağıllı evlər”də enerjiyə qənaət edən cihazlardan istifadə etmək lazımdır;
- Alternativ enerji qaynaqları və ətraf mühitə dost texnologiyalarından şəhər miqyasında geniş istifadəsi tam təmin olunmalıdır. Ətraf mühitin qorunması üçün reaktiv , aktiv və proaktiv kimi qabaqlayıcı yanaşmalar mövcuddur. Reaktiv yanaşma dedikdə, tullantıların tipik və ya ənənəvi poliqona yerləşdirilməsi, aktiv yanaşma dedikdə isə, tullantıların enerji hasil etməklə utilizasiyası nəzərdə tutulur.Proaktiv yanaşma isə tullantıların qarşısının alınması deməkdir.
Bu cür yanaşmalardan istifadə etməklə, təşkilatlar ekoloji və sosial məsuliyyətlərini əsas biznes strategiyalarına daxil etməli və bununla da cari və gələcək nəsillərə davamlı faydalar verməyə imkan yaratmaq üçün mikroiqtisadi səviyyədə tətbiq etməlidirlər. Bu yanaşma “korporativ məsuliyyət” kimi anlaşılır. Bu yanaşmanı “könüllü” də adlandıra bilərik , çünki onlar ekoloji qanunvericiliyin yerinə yetirilməsi baxımdan tələb edən normativ aktlara daxil edilmir. Son zamanlarda ekoloji problemlərin daha da kəskinləşməsi ilə əlaqədar olaraq, bir çox dövlətlərin məhdud fəaliyyətləri ilə əlaqədar ekoloji problemlərin çoxunun öz həllini tapması mümkün deyil. Ətraf mühitin qorunması üçün həyata keçirilməli olan prioritet vəzifələrə aid razılıq beynəlxalq danışıqlar vasitəsilə əldə edilir.
Çoxşaxəli danışıqlar əsasən rəsmi konfrans səviyyəsində, dövlət orqanları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektorun iştirakı ilə həyata keçirilir. Ətraf mühitin qorunması üçün “yaşıl” texnologiyanın yüksək səviyyədə inkişafına nail olmaq üçün beynəlxalq konvensiyalara qoşulmaqla, onlardan irəli gələn öhdəliklərə əməl etmək önəmli məsələlərdən biridir.
Bu cür beynəlxalq layihələrdən biri kimi BMT-nin Qlobal Saziş təşəbbüsünü göstərmək olar.Belə ki, 2000-ci ilin iyul ayında təsis edilmiş BMT Qlobal Sazişi (QS) məsul və dayanıqlı korporativ siyasət və təcrübələrin hazırlanması, icrası və açıqlanması üçün liderlik platformasıdır. Bu saziş öz fəaliyyət və strategiyalarını insan hüquqları, əmək, ətraf mühit və korrupsiyaya qarşı mübarizəni rəhbər tutan bir təşəbbüsdür. Ətraf mühitin mühafizəsi və ona nəzarət sistemini gücləndirmək məqsədilə BMT –nin Qlobal Saziş təşəbbüsü önəmli rol oynayır.
Belə ki, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq səviyyədə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə islahatların aparılmasına imkan yaradır:“Ətraf Mühit prinsipləri.
Prinsip 8: İşgüzar dairələr ətraf mühitə dair daha yüksək məsuliyyət göstərməli və müvafiq təşəbbüslər irəli sürməlidirlər.
Prinsip 9: İşgüzar dairələr ekoloji cəhətdən zərərsiz texnologiyaların inkişaf etdirilməsi və daha geniş tədbiqinə dəstək olmalıdırlar…”
Ətraf mühiti mühafizəsi üçün BMT –nin Qlobal Saziş təşəbbüsü , “yaşıl” texnologiyanın inkişafı , ekoloji tarazlığın qorunub saxlanması ilə bərabər, mövcud ekoloji problemlərin həll edilməsi yolunda konkret müsbət nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynamaqla yanaşı, “yaşıl” iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsi üçün də əlverişli şərait yaradır.