"Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi" layihəsinin icrasına başlanılır.

2000-ci ilin iyul ayında təsis edilmiş BMT Qlobal Sazişi (QS) məsul və dayanıqlı korporativ siyasət və təcrübələrin hazırlanması, icrası və açıqlanması üçün liderlik platformasıdır. Bu saziş öz fəaliyyət və strategiyalarını insan hüquqları, əmək, ətraf mühit və korrupsiyaya qarşı mübarizə sahəsində bütün dünyada qəbul edilmiş 10 prinsipə uyğunlaşdırmaqda qərarlı olan şirkətlər üçün strateji siyasət təşəbbüsü olaraq xidmət göstərir. Bu 10 prinsip geniş şəkildə aşağıdakı şəkildə sıralanır: İnsan hüquqları Prinsipləri- 1. - Müəssisələr beynəlxalq dərəcədə elan olunan insan hüquqlarını dəstəkləməli və hörmət etməlidir. 2. Müəssisələr əmin olmalıdırlar ki, onların öz fəaliyyətləri insan hüquqlarının pozulması ilə nəticələnməyəcəkdir. Əmək prinsipləri- 3. Müəssisələr cəmiyyətin müstəqilliyini və kollektiv danışıqların tanınmasını dəstəkləməlidirlər. 4. Müəssisələr məcburi və icbari əməyin aradan qaldırılmasını dəstəkləməlidirlər. Prinsip 5. Müəssisələr uşaq əməyinin ləğv edilməsini dəstəkləməlidirlər. Prinsip 6. Müəssisələr peşə və sənətə görə olan ayrı seçkiliyin aradan qaldırılmasını dəstəkləməlidirlər. Ekoloji prinsiplər- 7. Müəssisələr ekoloji tələblərə olan ehtiyat tədbirlərini dəstəkləməlidirlər. 8. Müəssisələr ekoloji öhdəlikləri həyata keçirmək üçün böyük təşəbbüs göstərməlidirlər. 9. Müəssisələr ətraf mühitə ziyan vurmayan texnologiyaları inkişaf etdirməli və genişləndirməlidirlər. Anti-korrupsiya prinsipləri- 10. Müəssisələr məcburi pul almaq və rüşvətxorluq da daxil olmaqla hər növ korrupsiyaya qarşı mübarizə aparmalıdırlar.

Bu gün artıq bu şəbəkəyə dünyanın 143 ölkəsindən 12000-dən çox özəl müəssisə, QHT, təhsil müəssisəsi qoşulmuşdur.

Qlobal Saziş prosesi Azərbaycanda 2006-cı ildə, bir sıra özəl müəssisə və təşkilatın Qlobal Sazişdə iştiraka maraq göstərməsi ilə başladılmışdır. Hal-hazırda Azərbaycanda Şəbəkənin 19 üzvü var, bunlardan yeddisi biznes sektorunu, doqquzu Vətəndaş Cəmiyyəti Təşkilatlarını, ikisi isə akademik sektoru təmsil edir.

Azərbaycan Qlobal Saziş prinsiplərinin iri və orta tipli şirkətlərdə təbliğ olunması onların cəmiyyətin ümumbəşəri dəyərlərinin qorunmasında məsuliyyətliliyini artırmaqla yanaşı həmin prinsiplərin onların gündəlik  fəaliyyətlərində tətbiqinin genişlənməsinə nail olunmuş olur. Bununla yanaşı Qlobal Sazişi şirkətlərə Birləşmiş Millətlər Təşkilatı ilə işləməyə, dünya üzrə müəssisələr və özlərinin təşkilatları ilə təcrübələri bölüşməyə, həmkarlar ittifaqları və vətəndaş cəmiyyəti qrupları ilə danışıqlar aparmağa imkan yaradır.

Əfsuslar olsun ölkəmizdə fəaliyyət göstərən iri və orta milli sahibkarlıq subyektləri arasında Qlobal Saziş prinsipləri haqqında hələ də müfəssəl məlumat yoxdur. Çünki, indiyə kimi Qlobal Saziş barəsində maarifləndirmə işləri zəif olmuş həmçinin, şirkətlərin bu sazişə qoşulmasından əldə edəcəkləri nailiyyətlər onlara tam aşılanmamışdır.  

Qeyd edək ki, 2013-cü ildən İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi bu şəbəkənin Azərbaycan bölməsinin təmsilçisi seçilmişdir. Təşkilatımızın sədri 2014-cü ilin oktyabrın 28-30-u tarixlərində QHT Şurasının maliyyə dəstəyi ilə Makedoniyanın Skopye şəhərində Avropa Qlobal Saziş şəbəkələrinin illik toplantısında iştirak edərkən Azərbaycanda bu şəbəkəyə milli sahibkarlarımızın maraq göstərməsi və ölkəmizin şirkətlətlərinin bu təşəbbüsdə yaxından iştirakı məsələlərini vurğulamışdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Birlik Azərbaycanın iri və orta biznes strukturlarının Qlobal Sazişin prinsiplərini rəhbər tutaraq inkişaf etmələri, onların dünya sosial məsuliyyətlilik şəbəkələrində təmsil olunmalarına təkan verməklə ölkəmizin beynəlxalq aləmdə bu sahədə də tanıdılmasına nail olmaq üçün “Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq strukturlarının maarifləndirilməsi” layihəsini təklif edir.