BMT-nin

28 oktyabr 2014-cü il tarixində Makedoniyanın Skopye şəhərində BMT-nin Qlobal Sazişinin növbəti tədbiri keçirilmişdir. Toplantıda Qlobal Sazişin  Avropa şəbəkələrinin rəhbərləri bir araya gəlmişlər. Bu dəfəki yığıncaq “Sosial məsuliyyət – rəqabətli və dayanıqlı biznesin rəhni kimi” mövzusuna həsr olunmuşdu. Açılış nitqini Makedoniyanın baş nazirinin iqtisadi məsələlər üzrə müavini cənab  Vladimir Paşevski etmişdir. Tədbir  iştirakçılarını  BMT-nin Makedoniya üzrə rezident əlaqələndiricisi xanım  Lousia Vinton, BMT-nin Qlobal Sazişinin baş ofisinin yerli şəbəkələr üzrə rəhbəri cənab Valid Nağı və  Qlobal Sazişin Makedoniya üzrə nümayəndəsi cənab Goran Lazarevski  salamlamışlar. Sonra  BMT-nin Qlobal Sazişinin idarə heyətinin   üzvü  Dr. Yılmaz Argudən Qlobal Sazişin mahiyyəti ilə bağlı məruzə ilə çıxış etmişdir. Növbəti  olaraq  Qlobal Saziş  proqramının  regional  əlaqələndiriciləri  olan  Avstraliyalı  xanım Renate Lackner – Gass,  Serbiyalı cənab Marta Tomas və Bolqarıstanlı   xanım   Aleksandra  Radinoviç   proqram   çərçivəsində  Korporativ  Sosial Məsuliyyət mövzusunda təqdimatlarını etmişdilər.            Tədbirin 2-ci günü sazişin üzvləri Titan sement zavoduna getmişlər və burada keçirilən  toplantıda  Qlobal  Sazişin baş  ofisinin  yerli  şəbəkələr üzrə rəhbəri cənab Valid Nağı, sazişin Afrika və Avropa regionu üzrə rəhbəri xanım Tiina Mylly mövcud vəziyyət və gələcək inkişaf planları barəsində iştirakçıları məlumatlandırmışlar. Qlobal Sazişin Azərbaycan üzrə təmsilçisi, İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin sədri Ruslan Atakişiyev, Qlobal Sazişin baş ofisinin yerli şəbəkələr üzrə rəhbəri Valid Nağı və Qlobal Sazişin Afrika və Avropa regionu üzrə rəhbəri  Tiina Mylly birlikdə Azərbaycanda Qlobal Sazişin inkişafı  üzrə  müzakirələr aparmışlar.   Müzakirə zamanı Ruslan Atakişiyev  bildirmişdir ki,  Azərbaycanda  BMT-nin Qlobal Saziş şəbəkəsi  2008-ci ildə  yaradılmış  və  artıq 19 üzvü vardır.      Bunların içərisinə  9 QHT, 4 şirkət, 1 universitet və 5  birlik daxildir. Müzakirə zamanı konsepsiya layihəsi haqqında danışılmışdır.  Ruslan Atakişiyev bu konsepsiya layihəsində 4 əsas istiqamətin mövcud olduğunu bildirmişdir. 1. Fermerlər arasında əmək hüquqları üzrə təlimlər; 2. Kənd təsərrüfatında çalışan kiçik və orta sahibkarlar arasında Yaşıl İqtisadiyyat haqqında seminarlar; 3. Kənd təsərrüfatında çalışan kiçik və orta sahibkarlar arasında marketinq, biznes planlaşdırma və beynəlxalq mühasibat  uçotu  haqqında qısa müddətli kurslar; 4. Kənd təsərrüfatı regionlarında qadın sahibkarlar üçün biznes inkişafı təlimləri; Tədbirin 3-cü günü qonaqlar M6 konfrans və treninq mərkəzində olmuşlar.