" Layihənin yazılması qaydası və fandreyzinq planı" mövzusunda seminar keçirilmişdir.

Yanvarın 26-da İsveçrənin CABİR- Məzunlar Şurası təşkilatı İqtisadi Resursların Öyrənilməsi Mərkəziylə birlikdə Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzində tələbə və mütəxəssislər üçün " Layihənin yazılması qaydası və fandreyzinq planı" mövzusunda seminar keçirmişdi.Tədbirə Karyera Mərkəzinin rəhbəri Fuad Əliyev açılış sözüylə başlamışdı. O seminarda iştirak edən nümayəndələrə iştirak etdikləri üçün öz minnətdarlığını bildirdi. O, həmçinin qeyd etdi ki, CABİR-Alumni Azerbaijan tərəfindən təşkil olunan bu cür seminarlarda iştirak etmək xüsusilə gənclərin öz qabiliyyətlərinin inkişafında  önəmli rol oynayır. Daha sonra tədbirin keçirilməsində hamıya uğurlar arzu etdiyini bildirdi. Daha sonra söz seminarın təqdimatçısı Ruslan Atakişiyevə verildi. Ruslan Atakishiyev  CABIR-Alumni haqqında ümumi məlumatlar verdikdən sonra “Layihənin yazılması qaydası və fandreyzinq planı” layihəsi haqqında iştirakçılara məlumat verdi. Daha sonra O, İRÖM  tərəfindən hazırlanmış slaydlara keçid alaraq layihələrin necə yazılması və bu zaman nələrə diqqət yetirilməsi gərəkliyini diqqətə çatdırdı.O bildirdi ki, ilk öncə layihələrin mövzusu konkret olmalı, spesifik bir problemə yönəldilməlidir. Həmçinin seçilən problemin həlli layihəni həyata keçirən tərəfindən real görülməli və onun imkanları daxilində olmalıdır.Eyni zamanda elə bir problem seçilməlidir ki, həqiqətən də  o problem müəyyən məkanda və zamanda mövcud olmuş olsun. Daha sonra Ruslan Atakişiyev icrası nəzərdə tutulmuş layihənin maliyyələşmə mənbələr haqqında müzakirələrə başladı. Əlbəttə, maliyyə dəstəyi olmadan layihələrin həyata keçirilməsi qeyri-mümkündür. Hətta, layihə təkliflərinin verilməsi məhz maliyyə vəsaitinin əldə edilməsi üçündür. Bu məqsədlə layihələri maliyyələşdirən donor subyektlərinə diqqət çəkildi. Bunlar arasında hökümətlər, beynəlxalq təşkilatlar, firmalar, fərdi şəxslərin adı çəkildi. Beləliklə icraçılara mövcud layihələrin maliyyəşdirilmə mənbələri göstərilmiş oldu.Daha sonra Ruslan Atakişiyev vərəqlər paylayaraq, iştirakçılardan hər hansı bir problem üzrə layihə təklifi yazılmasını rica etdi. Layihələr arasından səsvermə yoluyla “İqtisadiyyat üzrə ali təhsilin praktikləşdirilməsi” təklifi qalib gəldi. Qalib gələn bu təklif əsasında layihə formasının virtual olaraq doldurulmasına başlandı. Daha sonra suallar bölməsinə keçildi. Bu bölmədə iştirakçılar rahat bir şəkildə öz suallarını ünvanlamağa başladılar.Verilən suallara cavablarla yanaşı bir neçə məsləhətlər də verildi.Sonda iştirakçılardan tədbiri necə qiymətləndirdikləri öyrənildi. Bunun üçün onlardan maksimum 5 bal üzərindən qiymətləndirmə aparmaları istəndi. İştirakçılar qiymətləndirmə aparıb nəticələri təqdim etdikdən sonra iştirakçılara seminarda aktiv iştirak etdiklərinə görə hər birinə sertifikatlar paylanaraq foto şəkillər çəkildi.