“Sosial problemlərin həllinə sahibkarlıq subyektlərinin cəlbi” layihəsinin icrasına başlayır
Bu gündən İqtisadi Resursların Öyrənilməsi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsi çərçivəsində ayrılmış qrant vəsaiti hesabına “Sosial problemlərin həllinə sahibkarlıq subyektlərinin cəlbi” layihəsinin icrasına başlayır.
Layihənin məqsədi sosial problemlərin həllində sahibkarlıq subyektlərinin iştirakı ilə bağlı beynəlxalq aləmdə mövcud olan uğurlu təcrübənin Azərbaycan sahibkarları arasında təbliğ edərək onların bu istiqamətdə təşəbbüslərinin genişləndirilməsinə, davamlılığının artmasına və ictimai təsisatlarla sözügedən sahədə əməkdaşlıqlarının möhkəmləndirilməsinə nail olmaqdır.
Layihə çərçivəsində sahibkarlara paylanması nəzərdə tutulan “Biznesin sosial məsuliyyəti” adlı kitabçanın hazırlanaraq nəşr olunması nəzərdə tutulur. Sosial problemlərin həlli istiqamtində biznesə təklif olunan mütərəqqi vasitələr, Azərbaycanda bu sahədə mövcud vəziyyətə yanaşmalar, milli sahibkarlığın bu fəaliyyətə cəlb olunmasının biznesin inkişafı üçün əhəmiyyəti, bu istiqamətdə ictimai təsisatlarla əməkdaşlığın əhəmiyyəti və ictimai birliklərin atacağı addımlar, sosial məsuliyyətin biznes subyektlərində tətbiqi üzrə praktiki misalların yer alacağı kitabça, sahibkarlar üçün təlimatlandırıcı bilikləri özündə ehtiva edəcəkdir. Kitabçanın nəşrindən sonra Bakı və Sumqayıt şəhərlərində 40-a yaxın sahibkarın və ictimai birlik nümayəndələrinin iştirakı ilə sosial problemlərin həllində sahibkarlıq subyektlərinin rolu mövzusunda silsilə seminarlar keçiriləcəkdir. Layihə çərçivəsində o cümlədən sosial şəbəkələrdə layihənin problemi üzrə müxtəlif mövzular və suallar ətrafında müzakirələr təşkil ediləcəkdir. Təşkilatın saytında sosial məsuliyyət üzrə sahibkarların vəzifələri, bu sahədə beynəlxalq təcrübə və layihə üzrə bütün materialların elektron formasının toplandığı pəncərə də açılacaqdır. Sonda pəncərənin link-i e-mail vasitəsilə 300 - ə yaxın iri və orta sahibkarlıq subyektlərinə göndəriləcəkdir.
Qeyd edək ki, layihə 1 oktyabr tarixinədək - 6 aylıq müddəti əhatə edəcək.