"İslam maliyyəsi: qlobal təcrübə və Azərbaycanda inkişaf perspektivləri" mövzusunda seminar keçirilib
2026-cı il, iyulun14-də İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (SER) sədri, phd.Ruslan Atakişiyev Azərbaycan Kapital Bazarları Assosiasiyasında (AKBA) "İslam maliyyəsi: qlobal təcrübə və Azərbaycanda inkişaf perspektivləri" mövzusunda seminarla çıxış edib.
Seminarın məqsədi iştirakçıları İslam maliyyəsinin əsas prinsipləri, beynəlxalq təcrübə, bu sahədə mövcud maliyyə alətləri və Azərbaycanın maliyyə sektorunda İslam maliyyəsinin tətbiqi perspektivləri barədə məlumatlandırmaq olub.
Ruslan Atakişiyev çıxışı zamanı bildirib ki, İslam maliyyəsi yalnız alternativ maliyyələşmə mexanizmi deyil, həm də real iqtisadiyyatın inkişafını, risklərin ədalətli bölüşdürülməsini və etik maliyyə prinsiplərini təşviq edən mühüm maliyyə modelidir. O, müxtəlif ölkələrin təcrübəsindən nümunələr təqdim edərək İslam maliyyəsinin kapital bazarlarının inkişafına, investisiya imkanlarının genişlənməsinə və maliyyə inklüzivliyinin artırılmasına verdiyi töhfələrdən bəhs edib.
Seminar çərçivəsində sukuk, İslam investisiya fondları, şəriətə uyğun maliyyələşmə alətləri, korporativ idarəetmə prinsipləri və Azərbaycanda bu istiqamətdə formalaşan hüquqi və institusional imkanlar ətrafında geniş müzakirələr aparılıb.
Qeyd olunub ki, İqtisadi Resursların Öyrənilməsi Mərkəzi ölkədə İslam maliyyəsinin inkişafına dəstək məqsədilə təlim, tədqiqat və maarifləndirmə fəaliyyətlərini davam etdirir.
Seminar Qarabağ Universitetinin tələbələri ilə yanaşı digər sahədən olan iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və İslam maliyyəsinin ölkəmizdə inkişaf perspektivləri, kapital bazarlarında yeni maliyyə alətlərinin tətbiqi, eləcə də beynəlxalq təcrübənin Azərbaycanda istifadəsi ilə bağlı faydalı müzakirələr aparılıb.
