Bakı KOB evində “Azərbaycanda İslam bankçılığından istifadə mexanizmləri” mövzusunda növbəti seminar keçirilib.

    11 aprel 2026-cı il tarixində Bakı KOB Evində  sahibkarlar üçün  “Azərbaycanda İslam bankçılığından istifadə mexanizmləri”  mövzusunda növbəti seminar keçirilib.

 Seminar İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER) və Rabitəbank ASC-nin İslam Bankçılığı Şöbəsinin birgə təşkilatçılığılı ilə baş tutub.

Seminarda İslam maliyyəsi üzrə beynəlxalq sertifikat sahibi i.f.d. Ruslan Atakişiyev çıxış edərək ölkədə tətbiq olunan İslam maliyyə məhsullarının xüsusiyyətləri, işləmə mexanizmləri və beynəlxalq praktikada istifadə olunan yanaşmalar haqqında geniş təqdimatla çıxış edib. O, həmçinin beynəlxalq maliyyə institutlarının təklif etdiyi alətləri və prioritet istiqamətlər barədə də məlumat verib.

     Çay fasiləsi zamanı iştirakçılar qeyri-rəsmi mühitdə bir araya gələrək süfrə ətrafında fikir mübadiləsi apararaq, müzakirə olunan mövzular üzrə qarşılıqlı təcrübə və baxışlarını bölüşüblər.

Seminarın davamında Rabitəbank ASC-nin  İslam bankçılığı şöbəsinin rəhbəri Arslan Bektaşi çıxış edərək maliyyələşdirilən layihələrin xüsusiyyətləri, müraciət prosedurları və uğurlu nəticə əldə etmək üçün vacib amilləri real nümunələr üzərindən izah edib. Bununla yanaşı, yeni maliyyə alətlərinə çıxış imkanları və müraciət şərtləri də iştirakçıların diqqətinə çatdırılıb.

İştirakçıların fəal müzakirələri ilə davam edən tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. Seminarın sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, bu kimi təşəbbüslər Azərbaycanda İslam maliyyəsinin inkişafına təkan verməklə yanaşı, sahibkarların alternativ maliyyə resurslarına çıxışını asanlaşdırır və maliyyə inklüzivliyinin genişlənməsinə töhfə verir.