“Sahibkarların maliyyə mənbələrinə effektiv çıxış yolu: İslam bankçılığı”

16 fevral 2023 -cü il tarixində İqtisadi Resursların Öyrənilməsi Mərkəzi tərəfindən “Mingəçevir Media Mərkəzi”ndə “Sahibkarların maliyyə mənbələrinə effektiv çıxış yolu: İslam bankçılığı” mövzusunda mingəçevirli sahibkarlarla görüş təşkil edilmişdir.
Tədbiri KOBİA-nın Aran regional koordinatorluğunun koordinatoru Ayaz Ədilov giriş sözü ilə başlamış, həmçinin tədbirin moderatorluğunu da həyata keçirmişdir. Çıxış zamanı şəhər KOB-larının bir araya gəlməsini, maarifləndirici tədbirlərdə iştirak etməsini həmçinin belə önəmli bir mövzunun seçilməsini yüksək qiymətləndirmişdir. Daha sonra tədbirin sponsorları “ADN Global” şirkətinin rəhbəri Vüqar Baxışov və “BƏYLƏRBƏYİ” güvənlik sistemləri MMC-nin rəhbəri Əmirxan Abdullayev öz doğma şəhərləri olan Mingəçevirdə belə bir seminarın təşkil olunmasından məmnunluq duyduqlarını həmçinin seminarda öyrənəcəkləri yeni maliyyə alətləri vasitəsiylə öz bizneslərinə əlavə maliyyə vəsaiti cəlb etmə imkanı qazanacaqlarına inandıqlarını bildirmişlər. Belə bir seminarın Mingəçevir şəhərində keçirilməsinini şəhərin biznes mühitinin yaxşılaşmasına xidmət edəcəyini diqqətə çatdırmışdırlar. Ayrıca bir sahibkar olaraq şəhərin inkişafı, gənclərin işlə təmin olunması və onların müxtəlif təcrübə proqramlarına qatılaraq fərqli peşələrə yiyələnməsi mövzusunda əlllərindən gələni etməyə hazır olduqlarını söyləmişdirlər.
Seminar İstanbul Universitetinin "İslam İqtisadı və Maliyyəsi" ixtisası üzrə doktorantı, İRÖİB-ün və UNEC Meybullayev İslam Maliyyə mərkəzinin tədqiqatçısı Yamin Savalanlının “Biznes risklərinin bölüşdürülməsi, kütləvi iştirak və inkişaf” mövzusundakı çıxışı ilə davam etmişdir. O öz məruzəsində İslam iqtisadiyyatının bəzi təməl prinsiplərinə toxunmuş, keyfiyyətli istehsal və israf arasında tərs asılılığın olduğunu praktik nümunələrlə açıqlamış, borc faizlərinə icazə verildiyi üçün risklərin ötürüldüyü mövcud maliyyələşdirmə sisteminə alternativ kimi İslam maliyyəsinin ortaqlıq alətlərinin riskləri bölüşdürücü özəlliyinə diqqət çəkmişdir.
Sonra İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, i.f.d. Ruslan Atakişiyev “Sahibkarların maliyyə ehtiyaclarına alternativ yol: İslam bankçılığı” mövzusu ilə çıxış etmişdir. O, ölkə üzrə KOB-ların maliyyə mənbələrinə çıxışında İslam maliyyəsinin oynadığı rol ilə bağlı aparılmış tədqiqatın nəticələri barəsində bəzi önəmli nüanslara toxunaraq İslam maliyyəsinin dünya üzrə cari vəziyyəti, bu sistemin maliyyləşmə alətləri haqqında ətraflı izahlar vermişdir. Çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, çay süfrəsi ətrafında sual-cavab konteksində səmimi söhbət baş tutmuşdur. Sonda iştirakçılara “İslam maliyyə alətləri” kitabı hədiyyə edilmişdir.
Qeyd edək ki, üç saata yaxın davam edən seminarda müxtəlif istehsal və xidmət sektorlarını əhatə edən sahibkarlar, bank nümayəndləri və tələbələr olmaqla 50-ə yaxın Mingəçevir sakini iştirak etmişdir.