“KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” layihəsinin həyata keçirilməsinə başlamışdır.

Məlumdur ki, özəl sektorun inkişafında onun başlıca hərəkətverici qüvvəsi kiçik və orta biznes (KOB) subyektləridir. Belə ki, əhalinin çox çeşidli məhsullarla təminində, ölkənin ucqar bölgələrinə məhsulların çatdırılmasında, dəyişkən iqtisadi mühitə tez bir zamanda uyğunlaşmaqda və fəal şəxslərin məşğulluğa cəlb olunmasında KOB-ların rolu müstəsnadır. KOB-ların ölkə iqtisadiyyatına faydalı təsirinin daha da artırılması qarşısında hələ də bir sıra problemlər dayanır ki, onlardan biri də maliyyə təminatıdır. Bank faizlərinin yüksəkliyi, ağır girov təminatı, gecikmələrə görə cərimələr, mikro və kiçik sahibkarların kredit təşkilatları üçün böyük maraq kəsb etməməsi KOB-ların Alternativ maliyyə mənbələrinə üz tutmasını zərurirətə çevirir.

Alternativ maliyyə mənbələrinə françayzinq, faktorinq, lizinq, payda iştirak, Vençur kapitalı, Kraudfandinq və s. kimi alətlər şamil olunur. Son dövrlər bu maliyyələşmə növlərindən sayılan Ortaqlığa, Şərikliyə KOB-ların marağı xeyli artmışdır. Belə ki, mikro və kiçik sahibkarlar ölkədə fəaliyyət göstərən iri biznes strukturları, investorlar və imkanlı şəxslərlə görüşərək müxtəlif birgə biznes layihələrinin reallaşmasında razılığa gəlirlər.

 Amma birgə işə sərmayə cəlbində ideya sahibləri olan təşəbbüskarların başlıca problemləri öz biznes ideyalarını yazı halına gətiərək sərmayədarların qarşısına sanballı İnvestisiya layihəsi qoya bilməmələridir. Bu baxımdan hesab edirik ki, problemin həlli istiqamətində bir qrup KOB-lara Birgə biznesə Ortaq cəlbi üçün İnvestisiya layihəsinin hazırlanmasını öyrətmək məqsədəuyğundur. Bu yolla bir qrup biznes təşəbbüskar İnvestisiya layihəsini hazırlamağı öyrənməklə, həm öz biznes ideyalarına sərmayə cəlb edər, həm də gələcəkdə digər sahibkarlara bu biliyi aşılaya bilərlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq İqtisadi Resursların Öyrənilməsi Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 sentyabr 2022-ci ildə “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” layihəsinin həyata keçirilməsinə başlamışdır.

 Layihə çərçivəsində  Bakı, Quba, Zaqatala, Gəncə və Lənkəran şəhərlərində 100 nəfər mikro və kiçik sahibkara təlim  keçirmək nəzərdə tutulmuşdur.

Layihənin icrası üçün 3 ay müddəti nəzərdə tutulmuşdur.