Az En

Beynəlxalq simpozium haqqında ümumi məlumat:

 

            Maliyyə mənbərlərinin dayanıqlı inkişafı, onlara çıxış imkanlarının asanlığı və kapital resurslarından səmərəli istifadə olunması mikro və makro səviyyədə iqtisadi tərəqqinin əldə olunmasını şərtləndirən başlıca amillərdən biridir.
             Maliyyə bazarının müasir inkişaf mərhələsi onun yeni məhsullarının üzə çıxması ilə şərtlənir. Bu qəbildən keçən əsrin ortalarından başlayaraq meydana çıxan faizsiz maliyyə institutları getdikcə dünya kapital bazarının inkişafında mühüm rol oynamağa başlayır. Qısa bir tarixi yol keçməsinə baxmayaraq faizsiz kapital bu gün dünya maliyyə bazarında 1,3 trln. ABŞ dollarındakı həcmə malikdir. Dünyanın artıq 74 ölkəsində 400-dən çox maliyyə təşkilatı bu yeni sistemi tətbiq edir.
             Rəqabətli bazar iqtisadiyyatı şəraitində yüksək inkişaf göstəriciləri əldə etmiş Azərbaycanın maliyyə bazarının daha da inkişaf etdirilməsi, kapital axınlarının ölkəyə cəlb olunması, investisiya imkanlarının genişləndirilməsi və onun xidmət sferasının, alətlərinin çoxaldılması, yerli və xarici sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatında tam məşğulluğunun təmin edilməsi baxımından alternativ mənbə kimi faizsiz prinsiplərə əsaslanan yeni maliyyə sisteminin formalaşdırlması mühüm əhəmiyyət kəsb edir.
             Bu reallığı nəzərə alaraq da Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi və Türkiyə Cümhuriyyəti İstanbul İqtisadi Araşdırmalar və Məsləhət İnstitutu (İSEREC) birgə olaraq 25 sentyabr 2012-ci il tarixində Bakı şəhərində “Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf prespektivləri” mövzusunda beynəlxalq simpozium keçirəcəklər.
             Tədbiri keçirməkdə məqsəd faizsiz maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, sahibkarları, investorları, ictimai xadimləri, jurnalistləri, dövlət işçilərini və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təklifləri toplamaq, Azərbaycanda yeni investisiya imkanlarını təqdim etmək, iştirakçılar arasında əməkdaşlığın gələcək formalarını işləyib hazırlamaqdan ibarətdir.
Toplantıda aşağıdakı mövzular üzrə müzakirələr aparılacaq:
1. Beynəlxalq kapital bazarının inkişafı baxımından Faizsiz maliyyə institutlarının yeri və rolu;
2. Alternativ investisiya mənbəyi kimi Azərbaycanda faizsiz maliyyə bazarının inkişafına baxış;
3. Azərbaycanda Faizsiz maliyyə bazarının formalaşmasının mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri;
4. Azərbaycan iqtisadiyyatında investisiya layihələrində İslam maliyyə institutlarının iştirak imkanları;
5. Azərbaycan maliyyə xidməti sektorunun İslam bankçılığına münasibəti və ölkədə fəaliyyət göstərən banklarda bu istiqamətin inkişafı;
6. İslam bankçılığı üzrə fəaliyyət göstərən xarici və beynəlxalq təşkilatların yerli Azərbaycan maliyyə strukturları ilə əməkdaşlığının formalaşdırılması yolları

             Beynəlxalq simpoziumda çıxış: tədbirdə çıxış etmək istəyənlər toplantıda müzakirə olunacaq mövzulara uyğun iki səhifə həcmində tezis hazırlayıb əlaqə ünvanlarına göndərməlidir. Bura çıxışın mövzusu, qısa mətni və məruzəçi haqqında (bax: qeydiyyat blankı) məlumatlar daxildir. Tezis Times new roman-da 12 şriftlə, sətrarası məsafə 1,5, səhifənin sag tərəfində 2,5 mm. abzas, sol tərəfində 1,5 mm. abzas, aşağıdan və yuxarıdan 2,0 mm olmaqla hazırlanmalıdır.

             Beynəlxalq simpoziuma qeydiyyat qaydaları: Tədbirdə iştirak etmək istəyən şəxslər əlavədə göstərilmiş (bax: qeydiyyat blankı) formanı doldurub birbaşa olaraq ruslanatakishiyev@yahoo.com , r.atakishiyev@aseu.az və ya (+99412) 492 59 40; 436 86 74 nömrəli faksa o cümlədən AZ1001, Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət 6, Azərbaycan Dövlət İqtisad Universitetinə göndərə bilərlər.
             Bundan əlavə www.ser.az/symposium saytında da qeydiyyatdan keçmək olar.
             Qeyd: Göstərilən vasitələrdən biri ilə qeydiyyatdan keçib təsdiq cavabı alanlara digər yollardan istifadə etməyə ehtiyac yoxdur.
             Əlaqələndirici şəxs: Ruslan Atakişiyev

             Beynəlxalq simpoziumun keçirilmə vaxtı və məkanı: 25 sentyabr 2012-ci il, saat 09:00-dan – 18:00-a kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binası, II mərtəbə, böyük akt zalı (Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət küç. 6).
             Qeyd: 26 sentyabr 2012-ci il yarımgünlük saat 09:00-dan 14:00-a kimi şəhər gəzintisi (xarici qonaqlar üçün).

             Beynəlxalq simpozium ilə bağlı xərclər: xarici iştirakçıların Bakı şəhərində yerləşdirilməsi və qalması, tədbirlə bağlı material, qidalanma və ziyafət, 26 sentyabr 2012-ci il tarixində Bakı şəhərində tur proqramı ilə bağlı bütün xərclər təşkilat komitəsi tərəfindən ödəniləcəkdir.
             İştirakçıların vətənlərindən Azərbaycanın paytaxtı Bakı şəhərinə gəlməsi və qayıtması o cümlədən viza işləri bağlı xərclər xarici qonaqların özləri tərəfindən ödənilir.

             Beynəlxalq simpozium ilə bağlı başlıca tarixlər:
            Beynəlxalq simpoziuma qeydiyyatın başlanması: 01.05.2012
            Məruzəçilərdən tezislərin qəbuluna başlanması: 01.05.2012
            Beynəlxalq simpoziumda çıxışla bağlı müraciətlərin son tarixi: 20.08.2012
            Beynəlxalq simpoziumda iştirak üçün qeydiyyatın son tarixi:15.08.2012
© All rights reserved. Design by Web City