“İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq toplantı

19.02.2015

Tarix: 19.02.2015

Layihə haqqinda qısa məlumat: Maliyyə mənbələrinin dayanıqlı inkişafı, onlara çıxış imkanlarının asanlığı və kapital resurslarından səmərəli istifadə olunması mikro və makro səviyyədə iqtisadi tərəqqinin əldə olunmasını şərtləndirən başlıca amillərdən biridir. Maliyyə bazarının müasir inkişaf mərhələsi onun yeni məhsullarının üzə çıxması ilə şərtlənir. Bu qəbildən keçən əsrin ortalarından başlayaraq meydana çıxan İslam maliyyə institutları getdikcə dünya kapital bazarının inkişafında mühüm rol oynamağa başlamışdır. Qısa bir tarixi yol keçməsinə baxmayaraq İslam kapitalı bu gün dünya maliyyə bazarında 1,3 trln. ABŞ dollarındakı həcmə malikdir. Dünyanın artıq 74 ölkəsində 400-dən çox maliyyə təşkilatı bu yeni sistemi tətbiq edir. Müasir rəqabət şəraitində yüksək maliyyə bazarının daha da inkişaf etdirilməsi, kapital axınlarının hərəkətinin asanlaşdırılması, investisiya imkanlarının genişləndirilməsi kapital alətlərinin çoxaldılması məqsədilə İslam maliyyə sisteminin formalaşdırlması mühüm əhəmiyyət kəsb edir. Bu reallığı nəzərə alaraq daAzərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə İktisadi Araştırmalar Merkezi (İKAME) və İqtisadi Resursların Öyrənilməsi Mərkəzi birgə olaraq 19 fevral 2015-ci il tarixində Bakı şəhərində “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq toplantını keçirəcəklər. Tədbiri keçirməkdə məqsəd İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, ictimai xadimləri, investorları və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təkliflər toplamaq, innovativ fikirləri paylaşmaq, iştirakçıların təmsil olunduqları ölkələr üçün İslam maliyyəsinin tətbiqi sahəsində tövsiyələr hazırlamaqdan ibarətdir.   Konfrans zamanı aşağıdakı mövzular üzrə bölmələr təşkil olunacaq:

1. İslam Bankçılığı;

2. İslam maliyyəsi üzrə Sığorta fəaliyyəti;

3. Lizinq və digər maliyyə alətləri;

4. Zəkat və xeyriyyə fondları; 5. İslam maliyyəsi üzrə Şərq və Qərb mütəfəkkirlərinin yanaşmaları;

6. İslam maliyyəsinin nəzəriyyəsi və metodologiyası

7. İslam maliyyə mühitinin formalaşdırılması

8. İslam Konfransı Ölkələri arasında investisiyaların axınının sürətlənməsində İslam maliyyə alətlərinin rolu