Azərbaycan iqtisadiyyatında kiçik müəssisələrin yeri və rolu

   

 Azərbaycan iqtisadiyyatında kiçik müəssisələrin yeri və rolu


Ruslan Atakişiyev iqtisad üzrə fəlfəsə doktoru


   Kiçik müəssisələr ilk növbədə müəssisə və birliklərin tərkibindən struktur və istehsal vahidlərinin, eləcə də istehsal bölmələrinin ayrılması, yaxud da səhm qoyulması əsasında yaradıla bilər. Muasir şəraitdə sonuncu yol daha optimal hesab edilir. Kiçik müəssisələr dövlət, ictimai kooperativ müəssisələr, xüsusi şəxslər, həmçinin mülkiyyətin digər formalarına əsaslanan təşkilatlarla birlikdə təsis edilə bilər.

   Kiçik müəssisələr həm respublikanın daxili bazarlarının əmtəə və xidmətlərlə dolması, inhisarçılığın ləğv edilməsi və rəqabətin bütün sahələrdə genişlənməsində, həm də təşəbbüskar insanların yaradıcılığının üzə çıxması, mövcud əmək və aterial ehtiyatlarının istehsala cəlb olunması və əhalinin tələbatının hərtərəfli təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, kiçik müəssisələr respublikanın bazar münasibətlərinə keçməsi, bazar mexanizminin təkmilləşdirilməsi, istehsalçılarla istehlakçılar arasında birbaşa iqtisadi əlaqələrin yaranması, həmçinin iqtisadi islahat və istehsalın texnoloji quruluşunun yenidən qurulmasının başlanğıc dövründə yaranmış artıq işçi qüvvəsinin özünə cəlb edilməsi və nəhayət, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin yüksəlməsində böyük əhəmiyyət kəsb edirlər. İqtisadi ədəbiyyatların bir hissəsində xırda və kiçik müəssisələri aşağıdakı kimi qruplaşdırırlar:

   1) Xırda müəsisələr- bunlara bəzən təkadamlıq müəssisə də deyilir. Belə müəssisələrdə sərmayə sahibi də, iş sahibi də, iş gördürən də, qərar verən də, qazanc sahibi də bir nəfər olur. Bu cür müəssisələr azsaylı işçi ilə kiçik müəssisələrə də çevrilə bilirlər. Qazancın, risqin bir şəxsə aid olduğu belə müəssisələrdə idarəetmə sadədir və qərarvermə çevikdir.

   2) Kiçik müəssisələr isə aşağıdakı kimi qruplaşdırılır. Yəni, müəssisənin fəaliyyət dairəsindən asılı olaraq, işləyənlərin sayını nəzərə alıb, onlara kiçik üəssisələr adı verilir. Bu, sənaye sahəsində işləyənlərin sayı 50-yə qədər, tikintidə 25-ə qədər, nəqliyyatda 15-ə qədər, ticarət və xidmət sahəsində isə 10-a qədər olan müəssisələrdir. Bu müəssisələrdə idarəetmə sərbəstdir, idarəedici sahibkar ola bilir, müəssisənin səmərəsi bir şəxsə və ya kiçik qrupa mənsubdur, müəyyən bir ərazidə fəaliyyətdədir, Sahibkar və işçilər ərazidə yaşayanlardır, əsas göstəriciləri orta böyüklükdə olan müəssisələrdən aşağıdır.

   Azərbaycanda isə Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinin təsnifatı aparılan zaman kiçik müəssisələrə işçilərinin orta illik sayı sənaye və tikintidə 50 nəfərə, kənd təsərrüfatında 25 nəfərə, topdan satışda 15 nəfərə, pərakəndə satış, nəqliyyat, xidmət sferalarında 10 nəfərə qədər olanlar, illik dövriyyəsi isə sənaye və tikintidə 500 min manata, kənd təsərrüfatında 250 min manata, topdan satışda 1 milyon manata, pərakəndə satış, nəqliyyat, xidmət sferalarında 250 min manata qədər olanlar aid edilir.
   Avropa Birliyində isə kiçik sahibkarlıq subyektlərinə içilərinin sayı 50 nəfərə qədər, illik dövriyyəsi və ya aktivlərinin balans dəyəri 10 milyon avroya qədər olanlar şamil olunur.

   Dövlət Statistika Komitəsinin yanvar 2011-ci ilin məlumatlarına əsasən hesabat dövründə Azərbaycanda 207.120 qeydiyyatdan keçmiş kiçik sahibkarlıq subyektləri mövcud idi. Bunlardan 192.588-i fərdi sahibkar (fiziki şəxs) kimi qeydiyyatdan keçib. Kiçik sahibkarlığın milli gəlirdə payı 2,9% olub, məşğul əhalidə payı 6,7% təşkil edib. Kiçik sahibkarlığın əlavə dəyərdəki hissəsi 1,120 milyard AZN olub, həmçinin, məhsul satışının həcmində payı isə 3,835 milyard AZN təşkil edib. Bu da əvvəlki illə müqayisədə 32% artım deməkdir. Azərbaycanda kiçik sahibkarlığın iqtisadiyyatın sektorları üzrə yeri isə ticarətdə 64,6%, nəqliyyatda 10,69%, mehmanxana və restoran xidmətində 6,5%, sənayedə 2,23%, aqrarda 1,91%, tikintidə 0,74%, digər sahələrdə isə 13,33% təşkil edib.

   Dünya Bankının illik hesabat sənədlərində qeyd olunur ki, iqtisadi inkişaf səviyyəsindən və yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, əksər dünya ölkələrində iqtisadi fəaliyyətin əsas hissəsi kiçik sahibkarlığa aiddir. Hətta iqtisadi cəhətdən keçid dövrünü yaşayan bir çox ölkələr öz iri tipli müəssisələri
ilə tanınsalar da, hazırda həmin dövlətlərdə fəaliyyət göstərən iqtisadi subyektlərin böyük əksəriyyəti kiçik müəssisələrdir. Əgər qeyri-formal sektorda olan müəssisələri də buna əlavə etsək onda onların sayı xeyli artıq ola bilər.

   Belə qeyd edək ki, bir sahibkara və daxili resurslara malik olan kiçik müəssisələrdə idarəetmə böyük tipli şirkətlərə nisbətən daha asandır. Dünyanın inkişaf etmiş və inkişafda olan 54 ölkəsində Dünya Bankının ekspertləri tərəfindən aparılan tədqiqatlar onu göstərir ki, inkişaf etməkdə olan ölkələrdə kiçik və orta sahibkarlığın dirçəlməsi səbəblərinin əsasında instisional faktorlar dayanır. Kiçik müəssisələrin daxili imkanlarını səfərbər edərək, inkişafı dövlətin biznes mü-
hitinin inkişafını dəstəkləyən siyasəti ilə bağlıdır. Həmçinin bir çox dünya ölkələrinin hüquq mexanizmlərindəki çatışmazlıqların olması, bazar iqtisadiyyatının inkişafını əngəlləyən amillərdəndir və həm də götürülmüş borcların qaytarılması üzrə lazımi məhkəmə sisteminin olmaması kiçik sahibkarlığın inkişafında problemlər törədir. Bu cəhətdən kiçik tipli müəssisələr instisional faktorların nizamlılığından daha çox asılıdır.
   Kiçik sahibkarların səmərəli fəaliyyət göstərmək imkanları iri istehsalla müqayisədə bir sıra üstünlüklərə malikdir. Bunlar aşağıdakılardan ibarətdir: 1) yerli bazarlara məsafə baxımından yaxınlıq; 2) istehlakçıların (müştərilərin) tələbatlarına maksimum uyğunlaşma; 3) iri firmalar üçün əlverişli olmayan xırda partiyalarla məhsul istehsalı; 4) idarəetmədə paralel səviyyələrin ixtisar edilməsi və s.

   Təcrübə göstərir ki, xırda partiyalarla istehsal şəxsi istehlak sferasında tələbatların fərdiləşməsinə və diferensiallaşmasına imkan yaradır. Kiçik sahibkarlığın fəaliyyətiningenişləndirilməsi iqtisadiyyatın sağlamlaşdırılması üçün əlverişli şərait yaradır; rəqabət mühitinin inkişafı; əlavə iş yerlərinin yaranması; struktur yenidənqurulmasının fəallaşması və istehlak sektorunun genişlənməsini təmin edir.

    Kiçik müəssisələrin yaradılması və inkişafı eyni zamanda əmtəə və xidmətlər bazarının doldurulması, ixrac potensialının yüksəldilməsi və yerli xammal ehtiyatlarından səmərəli istifadə edilməsinə səmərəli təsir göstərir. Əmək tutumlu sahələrin genişləndirilməsi əhalinin sahibkarlıq fəaliyyəti üçün həmçinin sərbəst istehsal güclər və yaradıcılıq səylərindən maksimum istifadə baxımından kiçik müəssisələrin yaradılmasına imkan verir.

   Məlumdur ki, elmi-texniki tərəqqinin davamlılığını şərtləndirən amillərdən biri istehsalın təmərküzləşməsidir. Məhz, böyük firmalar istənilən qədər maddi, maliyyə, əmək resurslarına və yüksək bilikli ixtisaslı kadrlara malikdirlər. Bu tip müəssisələr böyük elmi-texniki işlər apara bilirlər. Bununla belə, kiçik sahibkarlığın inkişafı bazarda azad rəqabətə və sağlam mübarizəyə geniş imkan yaradır. Həmçinin, kiçik sahibkarlıq rəqabət mühitinin inkişafı; əlaə iş yerlərinin yaranması; struktur yenidənqurmalarının aktiv həyata keçirilməsi; tələbatçılar sektorunun genişləndirilməsi, bazarın mallar və xidmətlərlə zənginləşməsi, ixrac imkanlarının genişləndirilməsi, yerli xammal resurslarından səmərəli istifadənin effektliyinin artırılmasına geniş şərait yaradır.

   Kiçik sahibkarlığın digər əhəmiyyəti yerli təsərrüfat sferasına tez uyğunlaşma qabiliyyəti; kiçik sahibkarlığın böyük azadlığa malik olması; qəbul edilmiş qərarların cəld və yüksək operativliklə həyata keçirilməsi; iqtisadi fəaliyyətlə məşğul olan zaman administrativ və istehsal xərclərinin aşağı olması; şəxsin öz ideya və fikirlərini həyata keçirmək imkanlarının geniş olması; ilkin kapitala ehtiyacın az olması; müştərilərin tələbatından asılı olaraq məhsulun forma və keyfiyyətində tez bir zamanda dəyişiklik edilməsi imkanlarının mövcudluğu, şəxsi (sahibkar) kapitalın daha da geniş dövriyyəsi və s. ibarətdir.

   Kiçik müəssisələrin nümayəndələri həm də yerli bazarı çox yaxşı tanıyırlar və hətta ayrı-ayrı müştərilərin sifarişlərinə əsasən xırda partiyalarla məhsullar da istehsal edirlər. Kiçik və orta ölçülü müəssisələr bir çox ölkələrdə iri şirkətlərə nisbətən həm saylarına, həm də göstərilən xidmət və istehsal edilən məhsullara görə dominant mövqe tuturlar. Kiçik müəssisələr istehsala əlavə ictimai əməyi cəlb edirlər ki, bu da milli gəlirin artmasına və yeni dəyərin yaranmasına gətirib çıxarır.

   Dünya təcrübəsi göstərir ki, kiçik sahibkarlığın genişləndirilməsi aşağıda sadalanan problemlərin həllinə müsbət təsir göstərir: 1) Əhalinin mallara və xidmətlərə olan tələbatının yüksək səviyyədə qarşılanması üçün azad rəqabət mexanizminin işə düşməsi; 2) Məhsulun, xidmətin və işin çeşidinin və eyfiyyətinin artırılması; 3) Məhsul və xidmətlərin konkret müştərilərə yönəldilməsi; 4) İqtisadiyyatın strukturunun yenidənqurulmasına təsiri, kiçik sahibkarlıqiqtisadiyyata səfərbərlik, manevr və çeviklik keyfiyyətlərini bəxş edir; 5) əhalinin şəxsi vəsaitinin istehsala cəlb edilməsi; 6) yeni və əlavə iş yerlərinin təşkil olunması, həmçinin təhlükəsizliyin aşağı salınması;7) şəxsiyyətin istedadının və yaradıcılıq qabiliyyətinin tam üzə çıxarılması, ornamentlərdən geniş istifadə; 8) əhalinin müxtəlif qruplarının fəal işə cəlb olunması; 9) şəxsi sahibkarlığın inkişaf etdirilməsi; 10) elmi-texniki tərəqqinin inkişafının aktivləşdirilməsi; 11) yerli xammal resurslarının və iri şirkətlərin tullantılarının mənimsənilməsi və istifadə edilməsi.

   Xırda, bir sahibkara məxsus müəssisəsinin spesifik çətinlikləri də var. Məsələn: müəssisəni quran şəxsin bilik və bacarığı, təcrübə və qabiliyyəti aşağı səviyyədə ola bilər. O, başqalarının (mütəxəssis, idarəedici) bilik və bacarıqlarından gərəkli istifadəetmədikdə iflasa uğrayar və ya zərərlə üzləşər. Belə müəssisələrdə işləyənlər ümumi qazancdan əlavə pay almaq imkanından da məhrum qalırlar. Odur ki, onların imkanları məhdud olduğundan fəaliyyət dairələrini təkmilləşdirməkdə, genişləndirməkdə və daha məhsuldar çalışmaqda maraqlı olmurlar. Tək şəxsin müəssisəsi, bir şəxsin sərmayəsi ilə yaradıldığından onun həcmi də məhduddur. Kredit almaq imkanı aşağı olur, ala bilsə də, yüksək faizlə alır və aldığını qaytarmaq məcburiyyəti müəssisənin qazancına ciddi təsir göstərir. Belə müəssisələr uzunömürlü olmurlar. Çünki bütün ixtiyar sahibinin bir şəxs olması üzündən onun dünyasını dəyişməsi və ya müəyyən səbəblər üzündən işini davam etdirə bilməməsi, bu cür müəssisələrin fəaliyyətinə son qoyur. İstər işçilər, istər mal göndərənlər və istərsə də mal alanlarla əlaqədə məsuliyyəti bir şəxs daşıyır. Bütün baş verə biləcək müqavilə, cavabdehlik və iddialara bir nəfər bütün varidatı ilə cavab verməli olur. Qazancın bir nəfərdə toplanması gəlir vergisinin də yüksək olmasına gətirib çıxarır.

   Kiçik müəssisələr təkcə istehsal sferasında deyil, həm də müəssisələr üçün əlverişli olmayan məhsul buraxılışında da səmərəlidir. Bundan əlavə kiçik müəssisələrin səmərəliliyi son məhsulun istehsalı üçün zəruri olan yarımfabrikatların və. s. buraxılışında da özünü doğruldur. Bütün bunlar isə cəmiyyətin iqtisadi həyatında kiçik müəssisələrin rolu və yerinin müəyyən edilməsinə kompleks yanaşmanın zəruriliyini əsaslandırmağa imkan verir. Xırda və kiçik hissisələrin fəaliyyətinə əsaslanan kiçik sahibkarlığın çox böyük ehtiyat mənbələri mövcuddur. Məsələn, ABŞ-da kiçik tipli firmalar ümumi daxili məhsulun 40 faizini, xüsusi sektorlarda isə ümumi daxili məhsulun yarıya qədərini təşkil edir. Kiçik firmalar emal sənayesinin 21, tikintinin 80,topdansatış ticarətinin 86, xidmət sferasının 81 faizində fəaliyyət göstərir. Bu müəssisələrdə xüsusi sektorda çalışan işçilərin, demək olar ki, yarısı məşğuldur. Bu müəssisələrdə elmi-texniki tərəqqinin inkişafı daha yüksək səviyyədə təmin olunur. Ona görə də onlar iri müəssisələrlə müqayisədə orta hesabla bir Amerika dolları məsrəfinə 17 dəfə çox yeni avadanlıq tətbiq edirlər.    

  Bizə belə gəlir ki, kiçik müəssisələrin yüksək səmərəliliyinin başlıca amili, onların məhsul istehsalı sahəsi və əmək vasitələrindən istifadə üzrə dar ixtisaslaşmasıdır. Ona görə də, belə müəssisələr bir qayda olaraq məhdud sayda məhsul istehsal edir və eyni zamanda, dar ixtisaslaşmış avadanlıqlardan istifadə etməsi və yüksək məhsuldarlığı ilə fərqlənirlər ki, bu da qısa müddətdə istehsal texnologiyalarının dəyişməyə, bütövlükdə isə həm məhsul istehsalı prosesini, həm də əsas fondların təkrar istehsalı prosesini intensivləşdirməyə imkan verir.Bazar iqtisadiyyatı inkişafı yolunu tutmuş bütün ölkələrdə kiçik sahibkarlığın inkişaf etdirilməsi həmin dövlətlərdə sahibkarlığın inkişafı istiqamətində aparılan siyasətlərin uğurla nəticələnməsinə gətirib çıxarar. O cümlədən də Azərbaycanda kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi ölkəmizin iqtisadi artımında qeyri-neft sektorunun payının artırılmasına xidmət etmiş olar. Hazırda ən əsas məsələ cəmiyyətdə bu dərəcə əhəmiyyəti olan sahibkarlıq sferasını daha da inkişaf etdirməkdir. Xüsusilə burada ən vacib məsələ yerli sahibkarlığın müasir zamanın tələblərinə uyğun bir şəkildə dirçəldilməsidir. Bunun üçün də əsas məsələ həmin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin maddi–texniki bazasının yüksəldilməsidir.

        "EcoVision"  jurnalı, fevral buraxılışı  2013

        Bütün müəllif hüqüqları qorunur.