Biznes riskləri və onların idarəolunmasının səmərəli təşkilinin davamlı inkişaf baxımından əhəmiyyəti

    Biznes təcrübəsindən bilindiyi kimi, şirkətlər fəaliyyətləri zamanı müxtəlif növ çətinliklərlə qarşılaşırlar. Bu problemləri çox vaxt əvvəlcədən təyinetmək, proqnozlaşdırmaq çətin olduğu üçün şirkət həmin risklərdən zərər çəkir. Bu baxımdan
da klassik iqtisadçılar həmişə sahibkarlığa yüksək riskli fəaliyyət növü kimi yanaşmışdılar. Şirkət müvafiq sahədə peşəkarlığının, biliyinin az olması, bazar konyukturasının düzgün təyin edilməməsi, tələb və təklifin qarşılıqlı münasibətinin sonadək öyrənilməməsi, fəaliyyət sferasında investisiya mühitinin effektiv qiymətləndirilməməsi, maliyyə vəsaitinə olan ehtiyacın tam ödənilməməsi və s. ucbatından öz fəaliyyəti dövründə risklərlə qarşılaşır. Tanınmış amerikalı iqtisadçı P.Druker də öz növbəsində sahibkarlığı iqtisadi fəaliyyətin ən riskli sahəsi kimi xarakterizə etmişdir. Ümumiyyətlə, risklər şirkətin fəaliyyəti dövründə xarakterik olsa da onun gətirdiyi fəsadların minimuma endirilməsi müəssisənin risk strategiyasının başlıca istiqamətlərindəndir.

    İqtisadi ədəbiyyatda risklərin bir sıra növləri önə çəkilir. Bunlardan sığortalanan və sığortalanmayan riskləri qeyd etmək olar. Sığortalanan risklərə daha çox təbii fəlakətlər (sel, daşqın,zəlzələ və s.), insan fəaliyyəti nəticəsində yaranan texnogen hadisələr aid olunur.

     Həmçinin, bir sıra risklər də şirkətdə formalaşma mövqeyinə görə xarakterizə edilir ki, bunlara da təsərrüfatdaxili, sahibkarın şəxsiyyəti ilə bağlı və informasiyanın azlığından asılı olanları ayırmaq olar. Qeyd edək ki, əğər, şirkət bazarın konyukturası barəsində detallı məlumatlara malik deyilsə,tərəfdaşlarının bazar imici, maliyyə vəziyyət haqqında dərin informasiyası yoxdursa onda onu böyük risklər gözləyir. Burada rəqiblər barəsində ətraflı məlumatların olmaması da şirkətin bazar mövqeyinin zəifləməsinə gətirib çıxara bilər. 

      Bundan başqa əhatə dairəsinə görə risklər fərqləndirilir ki, bu da öz növbəsində lokal və qlobal olaraq ikiyə ayrılır. Qlobal risklər əsasən region, ölkə və beynəlxalq səviyyədə baş verir və geniş bir ərazini öz təsirinə salır. Lokal risklər isə şirkətin öz daxilini əhatə edir. Yaranma sferasına görə də risklər daxili və xarici olaraq təsnifatlaşdırılır. Belə ki, xarici risklər əsasən şirkətdən kənarda baş verir və çox zaman bu dəyişikliklərə lazımi reaksiya vermək müəssisənin imkanlarından kənar olur. Şirkət bu hadisələri əvvəlcədən təyin etmək və ya baş verdikdən sonra ziyanları azaltmaq üçün tədbirlər görməyə çalışır. Bu qəbildən olan risklərə siyasi və iqtisadi vəziyyətin dəyişməsini, qlobal və ya regional maliyyə böhranlarının baş verməsini, lizenziyanın ləğv edilməsini, inflyasiyanın dərinləşməsini, sanksiyaların qoyulmasını, iqtisadiyyatda özəl mülkiyyətin milliləşdirilməsini və s. şamil etmək olar. Şirkətdaxili risklər isə firmaanın özündə baş verir və daha çox sahibkarın səriştəsizliyi, marketinq siyasətinin uğursuzluğu, idarəetmə sisteminin səmərəsiz təşkili və s. səbəblərdən törəyir. Bununla yanaşı təsir müddətinə görə uzunmüdətli və qısamüddətli, nəticələrinə görə spekulyativ və adi risklər də bir- birindən fərqləndirilir.

    Yolverilmə səviyyəsinə görə isə yol verilən, kritik və fəlakətli risklərə bölünür. Məsələn, şirkətin həyata keçirdiyi hər hansı bir layihəsinin uğursuzluğu ucbatından ziyan dəyə bilər ki, bu da əhatə dairəsinə görə kiçik olduqda həmin risk yol verilən səviyyəyə aid edilir. 

    Bundan başqa əgər layihənin icrası zamanı dəyən ziyan böyük vəsaitlərin itkisi hesabına başa gəlirsə onda bu kritik riskə aid olunur. Fəlakət  səviyyəsi isə çox vaxt şirkətin müflisləşməsi ilə nəticələnir. Yuxarıda sadalanan risk növlərindən başqa bir sıra digər risklər də mövcuddur. Lakin burada onlar sadalamadan risklərin gətirdiyi itkilər barəsində qısaca məlumat verəcəyik.

   Qeyd edək ki, təsərrüfat fəaliyyəti zamanı istehsal, kommersiya və maliyyə sahibkarlığında itkilərin növləri bir-birindən fərqlənsə də onların başlıca olanlarını aşağıdakı şəkildə sıralamaq olar:

     Maddi itkilər – bura nəzərdə tutulmayan əlavə xərclərin meydana çıxması, avadanlıq, əmlak, məhsul, xammal, enerji və s. itkilərini daxil etmək olar;

    Əmək itkiləri - əsasən işçi personalının fəaliyyətinin düzgün təşkil olunmaması, vəzifə və öhdəliklərin səmərəsiz bölgüsü zamanı ı insan-saat at, insan-gün və sadəcə olaraq iş vaxtı zamanı ilə ölçülürək təyin olunur;

     Maliyyə itkiləri – əvvəlcədən nəzərdə tutulmayan ödənişlər, cərimələr, sanksiyalar, əlavə vergilərin təyin olunması, pul vəsaiti və qiymətli kağızların itkisi ilə bağlıdır;

    Vaxt itkiləri – sahibkarlıq prosesi zamanı ləngimələr, müvafiq dövlət qurumları, tərəfdaşlar ilə əməkdaşlıqda gecikmələr sonda müəssisənin fəaliyyətində vaxt itkilərinə gətirib çıxarır.

    Müxtəlif problemlər nəticəsində sahibkalıq subyektlərində yaranan itkilər sadalananardan daha çox ola bilər. Bu da görülən işin xarakterindən, baş verən riskin təbiətindən xeyli asılıdır. Şirkətlərin bu və ya digər risklərlə qarşılaşması ehtimal olunan hal olsa da əsas məsələ həmin risklərin yaranma səbəblərini vaxtında aşkarlamaq və baş verə biləcək hadisəyə qarşı adekvat cavab vermək mühüm şərtlərdən biridir. Bu baxımdan son dövrlərdə şirkətlərdə risklərin idarəolunması istiqamətində mütəxəssislərin cəlb olunması, ayrıca bölmələrin yaradılması geniş vüsət almaqdadır.

  Qeyd edək ki, 2008-ci ildə meydana gəlmiş Qlobal maliyyə böhranı da risklərin idarəolunmasının vacibliyini önə çıxarmışdır. Məhz buna görə də Dünya Bankının və digər beynəlxalq maliyyə institutlarının ekspertlərinin bildirdiyinə əsasən hal-hazırkı dövrdə risklərin idərolunması üzrə mütəxəssislərə daha çox ehtiyac yaranmış və bu növ fəaliyyət ən populyar biznes növünə çevrilmişdir. Risklərin idarəolunması başlıca olaraq şirkətin daxilində müvafiq qurumun və ya qrupun işinin düzgün təşkilindən, effektiv qiymətləndirmənin aparılmasından, antirisk tədbirlərini özündə əks etdirən səmərəli strategiyaların işlənməsindən, qarşıya qoyulmuş işlərin həyata keçirilməsi üçün peşəkar kadrların mövcudluğundan, risk strategiyasının icrasının uğurla reallaşdırılmasından və s. asılıdır. Geniş əhatə dairəsinə malik olan risklərin idarəolunması sahəsində xeyli sayda metodlar və təcrübələr mövcuddur ki, hər bir şirkət də öz fəaliyyət sferasına, bazarda mövqeyinə, işlədiyi regiona və s. görə daha effektivlərini seçib həyata keçirir.

   Xarici iqtisadi ədəbiyyatlarda geniş şəkildə qeyd olunan risklərin idarəolunması metodlarından yayınma, məhdudlaşdırma, səpələnmə və əvəzetmə vasitəsi daha səmərəli hesab olunur.

  Yayınma metoduna əsasən şirkət riskləri idarə etmək məqsədilə etibarsız tərəfdaşlardan, riskli layihələrdən imtina etməli, təsərrüfat risklərini sığortalamalı və yeni təminatçıların axtarışını həyata keçirməlidir. Yuxarıda da qeyd etdiyimiz kimi, şirkət əməkdaşlıq etməyə hazırlaşdığı yeni müəssisənin maliyyə vəziyyəti, bazar imici haqqında əvvəlcədən ətraflı məlumat toplamalıdır. Əgər həmin tərəfdaşla artıq biznes əlaqələrinə malikdirsə və o şirkətlə əməkdaşlıq zamanı mütəmadi olaraq gecikmələr, vaxtında pulun ödənilməməsi, keyfiyyətsiz məhsul ilə təchiz etmək və s. halları təkrarlayırsa, onda həmin tərəfdaş işinə daha intizamlı yanaşan başqa sı ilə əvəz olunmalıdır. Bunun üçün də şirkət mövcud tərəfdaşlarla kifayətlənməməli mütəmadi olaraq yeni tərəfdaşın axtarışında olmalı və ehtiyat mənbə kimi onları ətrafında birləşdirməlidir. O cümlədən dolğun şəkildə əsaslandırılmamış və öyrənilməmiş layihələrdən də üz çevirməlidir. 

   Məhdudlaşdırma metodunda isə əsas tövsiyələr Vençur müəssisələrin yaradılması, riskli layihələrin idarəolunması üçün xüsusi qrupların formalaşdırılmasından ibarətdir.

  Bu metoda müəssisələr daha çox yeni layihələrin icrasına başlayan və ya «ana» şirkətlərin özlərinin filial və «qız» müəssisələrini quran zaman müraciət edirlər. Bununla yanaşı Vençur kapitalı əsasında innnovasiya layihələrinin uğuru bir sıra hallarda şübhə doğurduğu və bu sahənin yüksək riskli olduğu üçün şirkətin nəzdində qabaqlayıcı tədbir olaraq peşəkarlardan ibarət xüsusi qruplar da formalaşdırılır.

   Səpələnmə metodunda fəaliyyət növləri və zonaların diversifikasiyası, satış və alışın şaxələndirilməsi,investisiyaların diversifikasiyası, məsuliyyətin istehsal iştirakçıları arasında paylanması və yenə də Vençurlu müəssisələrin yaradılması irəli sürülməkdədir.

   Bu metod öz çevikliyi ilə seçilir. Metodda şirkətə istehsal etdiyi məhsul və xidmətin çeşidini artırmaq, istehlakçıların müxtəlif sosial təbəqələrinin maraqlarına cavab vemək, istifadə etdiyi texnologiyaları daim artırmaq və yeniləşdirmək təklif olunur.

    Bununla yanaşı bu metoda əsasən şirkət bir neçə əmtəə bazarında işləyərərək öz satış imkanlarını və fəaliyyət spektrini genişləndirməlidir. Çünki əgər bazarların birində hər hansı bir uğursuzluq baş verərsə şirkət digər bazarlardakı mövqeyini qoruyub saxlayar. Əks təqdirdə yalnız bir bazara yönələn şirkət uğursuzluqla qarşılaşdığı zaman tamamilə bağlanmaq təhlükəsi qarşısında qala bilər. 

    Həmçinin bu məsələ təchizatçılara və tədarükçülərə də aiddir. Şirkət öz təchizatçılarının sayını artırmalı və ya ehtiyat müəssisələrlə əlaqələrini möhkəmləndirməlidir. Belə olduğu halda təzhizatçı şirkətdə baş verən hər hansı bir problemin şirkətə də keçməsinin qarşısı alınmış olar. Qeyd edək ki, Qlobal maliyyə böhranından sonra Avropada şirkətlər riskləri azaltmaq üçün öz təchizatçılarının sayını artıraraq bir şirkətdən asılılığı aradan qaldırmağa çalışırlar. Səpələnmə metodunda investisiyaların da şaxələnməsi təklif olunur ki, bu zaman şirkət müxtəlif maliyyə mənbələrindən özünə kapital cəlb etməklə bir sərmayəçidən asılılığı azaltmış olur.

    Diqqət çəkilən əsas məsələlərdən biri də ondan ibarətdir ki, şirkət özü də investisiya yatıran zaman bir layihəyə böyük bir vəsait ayırmaq əvəzinə bir neçə layihələrə kapital qoyuluşu etməsi daha yaxşı olar. Belə olduğu halda bir layihənin uğursuzluğu ümumilikdə şirkətə böyük itkilərə gətirib çıxarmaz.

     Sonuncu əvəzetmə metodunda strateji planlaşdırma, xarici şəraitin proqnozlaşdırılması, sosial-iqtisadi və normativ-hüquqi mühitin monitorinqi, ehtiyatlar sisteminin yaradılması və Vençurlu müəssisələrin yaradılması təklif olunur.

    Bu metod daxilində olan strateji planlaşdırma firmanın mövcud vəziyyətinin daha dəqiq qiymətləndirilməsi və hədəflərə çatmağın optimal yollarının seçilməsi baxımından əhəmiyyətlidir. Hər bir şirkət inkişafının məqsədlərini özündə əks etdirən strategiyaya malik olmalıdır. Uğurlu strateji planlaşdırma bu sahədə ekspertlərin peşəkarlığından və ya cəlb olunmuş şirkətin yüksək xidmətindən asılıdır.

    Burada önə çəkilən məsələlərdən  biri də xarici mühitin proqnozlaşdırılmasıdır. Qeyd edək ki, şirkət bu zaman onun əhatə dairəsinə düşən tərəfdaşlarının hərəkətlərini müəyyənləşdirmək, satıcı və alıcı qismində çıxış edən bazar bölmələrində və seqmentlərində dəyişiklikləri proqnozlaşdırmaq, rəqiblərin müvafiq bazarda davranışlarını izləyərək proqnozlaşdırmaq imkanı əldə edir. Belə olduğu təqdirdə şirkətin menecmenti tərəfindən verilən qərarların da səmərəliliyi və dəqiqliyi artır. Amma sosial-iqtisadi və normativ-hüquqi mühitin monitorinqini aparmadan burada tam məqsədə çatmaq mümkün olmur.

     Belə ki, şirkət mütəmadi olaraq ölkədə qəbul edilən yeni qanunlar, qanunvericilik bazasına edilən düzəlişlər və əlavələr, müvafiq strukturlar tərəfindən qəbul olunan hüquqi aktlar, sərəncamlar barəsində məlumatlı olmalıdır. Bunun üçün xüsusi bir şəxs də ayrıla bilər ki, O, mütəmadi olaraq şirkətin fəaliyyətinə təsir edə biləcək hüquqi aktların qəbulu ilə bağlı məlumatları toplayaraq emal etsin.

     Bu metod içərisində özünə yer alan ehtiyatlar sisteminin formalaşdırılmasında başlıca olaraq müəssisənin daxilində pul, mal və material, böhranlı vəziyyət üçün müxtəlif ehtiyatların toplanması nəzərdə tutulur.

    Qeyd edək ki, Qloballaşan dünyada iqtisadi fəaliyyətin qarşısında xeyli sayda təhdidlər və risklər meydana çıxmağa başlamışdır. Bu da beynəlxalq aləmə inteqrasiya, rəqabətin daha da kəskinləşməsi nəticəsində çox zaman ölkədən kənarda baş verən proseslərin təsirindən formalaşır. Ona görə də qarşısında böyük hədəflər qoyan və bazarda uzunmüddətli fəaliyyəti planlaşdıran şirkətlər öz arzularını reallaşdırmaq üçün risklərin səmərəli idarəolunması sahəsində müvafiq işlər görməlidirlər.