Müasir şəraitdə Azərbaycanda fərdi sahibkarlığın inkişaf tendensiyası

  Azәrbaycan Respublikasının Vergi Mәcәllәsində 13.2.3. bəndində göstərildiyi kimi, Fiziki şəxs — Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs hesab olunur. Fiziki şəxs biznes təcrübəsində fərdi sahibkarlıq kimi də eyniləşdirilir. Bu baxımdan Fərdi sahibkarlıq dedikdə əsasən bir nəfərə məxsus olan müəssisələr və fiziki şəxslər nəzərdə tutulur.

  İqtisadi sahələrin kombinasiyası getdiyi bir dövrdə biznes subyektlərinin kiçik, orta və böyük tiplərinin paralel inkişafı ümumilikdə makro- iqtisadi hədəflərə nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə bir şəraitdə bazara rəqabətədavamlı məhsulların çıxarılması, istehlak- çıların bütün təbəqələrinin əmtəə və xitmətlərlə təchiz olunması, iqtisadi resursların proporsional bölgüsü, bazar subyektlərinin müxtəlif tiplərinin özünəməxsus rolunun önə çəkilməsi ilə mümkün olur. Bu baxımdan iri və orta sahibkarlığın məhsullarının yayılması və xırda partiyalarla yeni əmtəə və xidmətlərin istehsalının təşkili baxımından son dövrlər dünyada fərdi və kiçik sahibkarlığın inkişaf etdirilməsi daha çox diqqət mərkəzində saxlanılır.

  Həmçinin, son vaxtlar dünyada iri həcmdə kapitala, texniki avadanlıqlara və xeyli sayda işçi qüvvəsinə ehtiyac olmayan sahələrdə fərdi və kiçik sahibkarlığın sayının görünməmiş şəkildə artması faktı da özünü büruzə verməkdədir. Bu da özünü daha çox elmtutumlu sahələrdə və istehlak məhsullarının istehsalı sferasında göstərir. Fərdi sahibkarlıq şəxsi təşəbbüskarlığın inkişafının başlıca təkanverici qüvvəsidir. Bu tip biznes Kiçik və orta sahibkarlığın bir növü olsa da ümumilikdə onun iqtisadiyyatda çəkisinə həmişə ayrıca yanaşılır. Fərdi sahibkarlıq həm də təkbaşına iqtisadi fəaliyyəti özündə ehtiva edir. Bu baxımdan onun üstünlüklərini və çatışmazlıqlarını aşağıdakı şəkildə qruplaşdırmaq olar:

Üstünlüklər:  1. Tam müstəqillik, sərbəstlik və fəaliyyətdə operativlik; 2. Gəlir əldə olunmasında maksimum maraq; fəaliyyətdə məxfilik. Bununla yanaşı ümumilikdə biznes sferasın- da istehsalın kiçik formasının təşkil olunması iri və orta təsərrüfatçılığa nisbətən bir sıra amillərə görə - yerli səviyyəli bazarlara yaxınlıq və müştərilərin tələblərinə daha asan uyğunlaşması, iri və orta sa- hibkarlıq subyektləri üçün səmərəli olmayan kiçik həcmdə məhsul istehsalının təşkil edilməsi, lüzum- suz idarəetmə həlqələrinin aradan qaldırılması - ba- xımından səmərəlidir.

Çatışmazlıqlar:  1. Böyük kapital cəlb edilməsində çətinliklər;  2. Fəaliyyət müddətinin qeyri-müəyyənliyi;  3. Zərərə görə məhdud məsuliyyət;  4. Bütün idarəetmə ixtisaslarını bir əldə cəmləmək məcburiyyəti. 

  Fərdi sahibkarlıq iqtisadiyyatın sağlamlaşdırılması və davamlı inkişafı baxımından mühüm rola malikdir. Belə ki, fərdi və kiçik sahibkarlıq ölkədə rəqabət mühitinin formalaşması və dərinləşməsində, yeni iş yerlərinin açılmasında, iqtisadiyyatın strukturlaşmasında və şaxələnməsində, istehlak bazarının genişləndirilməsidnə xüsusi xidmətə malikdir. Bununla yanaşı fərdi və kiçik sahibkarlığın inkişaf etdirilməsi bazarın əmtəə və xitmətlərlə bollaşdırılmasına, ölkənin ixrac potensialının artmasına, yerli resursların istehsala cəlb olunmasına və onlardan səmərəli istifadə olunmasına gətirib çıxarır. Fərdi və kiçik sahibkarlığın iqtisadi inkişaf üçün xüsusi əhəmiyyətə malik olması səbəbindəndir ki, dünyanın inkişaf etmiş ölkələri və yeni sənaye dövlətləri təsərrüfat subyektlərinin bu tipinin fəaliyyətinin genişləndirilməsində daha çox maraqlıdırlar. 

  Bu baxımdan fərdi və kiçik sahibkarlıq sahəsində ABŞ, İspaniya, Yaponiya, Çin kimi ölkələrin təcrübəsini yaxından öyrənmək maraqlıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin ÜMM-nin 60%-i məhz kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti nəticəsində formalaşmışdır. 

  Dünya Bankının 2005-ci il üzrə illik heasabatında göstərildiyi kimi post-sosialist ölkələləri bu sahədə inkişafına görə iki hissəyə ayırmaq olar. Belə ki, Çexiya, Macarıstan, Latviya, Litva kimi ölkələrdə kiçik sahibkarlıq ÜMM-nin 50-60%-ni istehsal edir ki, bu göstərici də dünyanın qabaqcıl ölkələrinin bu sahədəki nəticələri ilə demək olar ki, eynidir. Amma Rusiya və Qazaxıstan kimi ölkələrdə bu göstərici ÜMM-nin 10-12%-ni təşkil edir. ABŞ-da 20 nəfərdən aşağı işçisi olan 6 mln. kiçik sahibkarlıq subyekti mövcuddur. Həmçinin 18,3 mln. fərdi sahibkar qeyri-aqrar sferasında fəaliyyət göstərir

. ABŞ-da fərdi və kiçik sahibkarlar başlıca olaraq ticarət, istehsal, maliyyə, konsaltinq və innovasiyalar sahəsində fəaliyyət göstərir.

İtaliyada isə 3,5 mln. fərdi və kiçik sahibkarlıq subyekti fəaliyyət göstərir ki, onlarda da 13 mln.-a yaxın insan çalışır ki, bu da ümumilikdə işçi qüvvəsinin 79%-nə bərabərdir. Bundan əlavə bu tip sahibkarlıq subyektləri tərəfindən ölkə ÜDM-nin 52%-i istehsal olunur.

Yaponiyaya gəldikdə isə qeyd edə bilərik ki, bu dövlət fərdi sahibkarlıq ölkəsidir. Yaponiyada kiçik sahibkarlığın sayı 5 milyon 738 min təşkil edir ki, bu da ümumilikdə ölkə üzrə mövcud olan təsərrüfat subyektlərinin 99%-i deməkdir. Burada fərdi və kiçik sahibkarlıq başlıca olaraq əməktutumlu sahələrdə: pərakəndə satış ticarətində, ictimai iaşə sferasında, xidmət sektorunda, tikinti və maşınqayırma sənayesində fəaliyyət göstərir.

  Çində isə 4,3 mln. kiçik sahibkarlıq və 27,9 mln. fərdi sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bunlarda da ümumi şəhərlərdə yaşayan iş qüvvəsinin 79%-i işləyir. Fərdi və kiçik sahibkarlıq sahəsində geniş təcrübəyə malik olan ölkələrin təcrübəsini təhlil etdiyimiz zaman onların bu tip təsərrüfat subyektlərini inkişaf etdirməkdə maraqlı olmalarını aşağıdakı səbəblərlə izah etmək olar: 

1. Fəaliyyətin müstəqilliyi;

2. Mobil və operativ qərarların verilməsi;

3. Yerli vəziyyətə qısa zamanda uyğunlaşması;

4. Kiçik sahibkarlığa yüksək marağın olması;

5. Əməliyyat xərclərinin aşağı olması;

6. Bazarda qısa müddətə uğura nail olunması;

7. Uzunmüddətli gəlirliyin təmin edilməsi;

8. Müxtəlif ixtisas və peşələrin kombinasiyasının forma- laşdırılması;

9. Sahibkarlıq ruhunun bütün fəaliyyət ərzində qorunub saxlanılması və s.

Azərbaycanda Fiziki şəxslərin  fərdi sahibkarlığın inkişaf dinamikasına nəzər saldıqda qeyd etmək olar ki, ötən illər ərzində fiziki şəxslərin sayı dinamik şəkildə artmaqda davam etmişdir. 2013-cü ilin I rübündə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı 17,5% artaraq 442143 vahidə çatmışdır. Onu da qeyd etmək yerinə düşər ki, fərdi sahibkarlıq olan fiziki şəxslərin sayı 2009- cu ildə cəmi 186 765 vahid təşkil etmişdir ki, 2013-cü ilin əvvəlinə olan 442143 rəqəmi ilə müqayisədə orta hesabla iki dəfədən çox bu tip təsərrüfat subyektlərinin artmasını müşahidə edə bilərik. Azərbaycanda Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əsas hissəsi Bakıda (36,4%), Aran (18,8%), Gəncə-Qazax (11,8%), Lənkəran (6,9%), Abşeron (6,0%), və Şəki-Zaqatala (5,9%) iqtisadi rayonlarında qeydiyya- ta alınmışdır. Ölkəmizdə Fərdi sahibkarların əsas hissəsi ticarət, nəqliyyat vasitələrinin təmiri (39,3%), nəqliyyat və anbar təsərrüfatı (16,6%), digər sahələrdə xidmət (13,7%) və kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (12,3%) sahələrində fəaliyyət göstərmişdir.

Qeyd edək ki, Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 82,7 faizini kişilər, 17,3 faizini qadınlar təşkil edir. Sahibkar qadınların 42,4 faizi Bakıda, 15,3 faizi Aran, 14,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçmişdilər. Ölkədə sahibkarlıq subyektlərinin ümumi bölgüsünə gəldikdə, onların 15,4%-ni hüquqi şəxslər, 84,6%-ni isə fiziki şəxslər təşkil etdiyi məlum olur.

Ölkəmizdə təşəbbüskar şəxslər tərəfindən fərdi sahibkarlığa son dövrlər artan marağı aşağıdakılarla əsaslandırmaq olar.

1. Sadələşdirilmiş vergi sisteminin olması;

2. İri və orta sahibkarlıq subyektlərinə vasitəçilik xidmətinin göstərilməsi;

3. Asan idarəetmə sisteminin mövcudluğu;

4. Gəlirin bir nəfərə qalması;

5. İdarəetmə xərclərinin aşağı olması və s.;

Azərbaycanda fərdi sahibkar olmağa çalışan təşəbbüskarlar ilk vaxtlarda bir sıra problemlərlə qarşılaşırlar ki, onlardan başlıca olaraq start kapitalının əldə edilməsi və fəaliyyət sferasının seçilməsidir. Beynəlxalq və milli təcrübəni araşdırdığımız zaman aydın olur ki, fərdi sahibkarlıq subyektləri borc kapitalının müxtəlif növlərindən Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondun vəsaitlərindən və s. həmçinin, müxtəlif növ qrant maliyyələşməsindən  Rabitə və İnformasiya Texnologiyları Nazirliyinin təşəbbüsü ilə açılmış İnformasiya Texnologiyalarının İnkişafı Fondunun vəsaitlərindən və s. qənaət olunmuş maliyyədən, yaxınların dəstəyindən, Vençur kapitalından istifadə edə bilərlər.

Fəaliyyət sferasının seçilməsinə gəldikdə isə qeyd edə bilərik ki, fərdi sahibkarlar üçün əlverişli iqtisadi sahələrə kiçik partiyalarla əmtəə istehsalının təşkil edilməsini, maliyyə-kommersiya fəaliyyətinin həyata keçirilməsini, konsaltinq və audit xitmətinin verilməsini, innovasiya və elmtutumlu sferalarda biznesin qurulmasını, lizinq işinin yaradılamsını, Françayzinq istiqaməti üzrə çalışılmasını aid etmək olar. Qeyd edək ki, Vençur kapitalının cəlb olunması, Françayzinq işi və innovasiyalı biznesin təşkili Azərbaycan üçün son dövrlər geniş maraq kəsb edən yeni sahələrdir. Bu sferalarda fərdi sahibkarlığın inkişafı üçün müvafiq biliklərə yiyələnmənin, sektor üzrə informasiyalara çıxışın əldə olması, korporativ və şəxsi əlaqələrin genişləndirilməsi və konkret fəaliyyət planının (Biznes planın) olması əsas şərtlərdəndir.

Onu da qeyd edək ki, fərdi sahibkarlığın ölkəmizdə sa- yının və işinin keyfiyyətinin artması təkcə bu sahəyə marağı olan insanların fəaliyyətindən asılı deyil. Azərbaycan hökuməti də ölkəmizdə fərdi sahibkarlığın davamlı inkişafının təmin olunması baxımından bu sahədə apardığı islahatları daha da artırararaq kadr hazırlığı işini təkmilləşdirməli, fərdi sahibkarlığın maliyyə təminatı istqamətində davamlı tədbirlər görməli, yəni bu tip biznes subyektlərinə güzəştli vəsaitlər verilməli, sadələşdirilmiş vergi üzrə illik keçid maliyyə həcmi artırılmalı, inkişaf etmiş ölkələrin bəzilərində olduğu kimi 1-2 illiyinə yeni fəaliyyətə başlayan təşəbbüskarlar vergilərdən azad olunmalı, bu tip biznes üçün inkubatorlar açılmalı və s. tədbirlər görülməlidir. Hesab edirik ki, fərdi sahibkarlığın inkişaf etdirilməsi sonda ölkəmizdə sahibkarlıq mühitinin və rəqabət şəraitinin daha da inkişaf eməsinə gətirib çıxaracaqdır.

Bütün hüquqları qorunur.  Ecovision jurnalı 17-ci sayı