BİZNESDƏ MƏNƏVİ DƏYƏRLƏRİN TƏTBİQİ QAYDALARI

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri  iqtisad üzrə fəlsəfə  doktoru Ruslan Atakişiyev


Cəmiyyətin davranış qaydaları, mental dəyərləri, mədəniyyəti, etik normaları həmişə onun ayrı-ayrı fərdlərinin iqtisadi fəaliyyətinə və sosial statusunun formalaşmasına təsir edib. Tarixən iqtisadi fəaliyyəti ayrıca fenomen kimi önə çəkən bir sıra iqtisadçılar insanı istehsalın formalaşmasında mühüm amil kimi önə çıxardığından onun mənəvi aidiyyatının iş dünyasına təsirləri kölgədə qalıb. Nəticədə fərdin öz iqtisadi fəaliyyətindən və gördüyü işdən mənəvi həzz ala bilməməsi sonda iqtisadi səmərəliliyin aşağı düşməsinə də gətirib çıxarır.

Artıq dünya biznesinin iri oyunçuları və onların ardıcılları insan mərkəzli davamlı inkişaf konsepsiyasna yiyələnirlər. Bütün bu yeniləşmələr biznesdə son dövrlər tez-tez rast gəldiyimiz dürüstlük, şəffaflıq, sosial ədalət, sosial sahibkarlıq, Korporativ Sosial Məsuliyyət, BMT-nin Qlobal Saziş prinsiplərinin getdikcə vüsət almasına gətirib çıxarır. Bu baxımdan biznesdə milli dəyərlər sisteminin tətbiqinin önə çəkilməsi fərdin mənəvi xoşbəxtliyinin tamamlanaraq şirkət daxilində
heyətin bütövləşməsinə və sonda firmanın fəaliyyətində səmərəliliyinin artmasına səbəb olar.

Azərbaycan sahibkarı əsrlər boyu milli dəyərlərə sadiqlik göstərərək, iqtisadi fəaliyyətlərini ona uyğunlaşdırıb. Müasir Azərbaycan sahibkarı milli dəyərlərimizdə mövcud olan yüksək biznes əxlaqını öz şirkətlərinə gətirməlidir. Məlumdur ki, xalqımız özünün bu dəyərlər sistemində həmişə Quran-i Kərimdəki hikmətlərə və İslam peyğəmbərinin məsləhətlərinə böyük önəm verib.

Bu baxımdam biznesdə olan şəxslər İslamın iş dünyası ilə bağlı məsləhətlərinə diqqətlə yanaşmalı və işgüzar həyatda nəzərə alınmasına çalışmalıdırlar. İş adamının necə olması, fəaliyyətini nə şəkildə qurması ilə bağlı İslamın bir sıra tövsiyələrini aşağıdakı şəkildə sadalamaq olar.

 

     1. Niyyətin gözəl olması


İş dünyasına başlayarkən gözəl niyyət və sağlam düşüncəyə malik olmaq lazımdır. Hər bir biznes nümayəndəsinin başlıca məqsədi öz fəaliyyəti ilə halallığı əsas tutmaq, başqalarına dəstək göstərmək, ailəsini və yaxınlarını himayəsinə almaq olmalıdır. Bununla yanaşı biznes fəaliyyətində qarşılaşdığı ədalətsizliyi aradan qaldırmalı, mənfi hallardan çəkindirərək yaxşılığı əmr etməlidir. Belə olduğu halda həmin insan iqtisadi qazanc əldə etməklə yanaşı Allah qarşısında da yüksək
məqamlar əldə etmək imkanı qazanır.

 

    2. İşə erkən başlamaq


Tirmizi, Hz. Peyğəmbərdən (aleyhissalatu vassallam)işə səhər tezdən başlamaqla bağlı hədisdə Allah elçisinin “Ey Rəbbim! Gündüzün erkən vaxtlarını ümmətimüçün bərəkətli et.” dediyi bildirilib. Qeyd edək ki, baba və nənələrimizdən də görmüşük ki, onlar həmişə öz işlərinə səhər tezdən başlayardılar. Bu baxımdan müasir günümüzdə günorta saatlarına yaxın işə başlayaraq gecə yarıya kimi işini bitirməkdə çətinlik çəkən iş adamlarımız üçün bu tövsiyəni həyata keçirmək çox yerinə düşərdi.

 

    3. Səmimi münasibətin göstərilməsi

 

Biznesdə ən vacib məsələlərdən biri də müştərilərlə səmimi davranmaq, onlara xoş söz söyləmək, istəklərinə diqqətlə yanaşmaqdır. Bununla bağlı Peyğəmbərimiz (aleyhissalatu vassallam) hədisi şərifdə buyurub ki: “Allah Təalə aldığında, satdığında və ödəməni qəbul etdiyində asanlaşdırana mərhəmət edər” (Buxari). Digər bir hədisi şərifdə isə qeyd olunur: “Sizdən əvvəl dünyada yaşayan bir nəfər aldığında, satdığında və ödəməni qəbul etdiyində asanlaşdırdığna görə Rəbbimiz onu bağışladı”(Tirmizi)

Biznes tərəfdaşları ilə münasibətlər sistemində qarşılıqlı güzəştlərin edilməsi uzunmüddətli əməkdaşlığın qorunub saxlanması baxımından əhəmiyyətlidir. Mənəvi dəyərlər konteksində də tərəfdaşlara bu şəkildə həssas yanaşılması işgüzarlığın qarşılıqlı yardımlaşma mahiyyətini üzə çıxarır.

Uca Rəbbimiz Quran-i Kərimin Bəqərə surəsində (2/280) bu şəkildə buyurur: “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə,(borcu) ona sədəqə olaraq ışlamağınız daha yaxşıdır!”. Bu ayətdən bəhrələnərək şirkətlər öz biznes tərəfdalarının, işçilərinin, debitorlarının daim sosial vəziyyəti ilə maraqlanmalı və borclarının ödənilməsi ilə bağlı tələblərini həmin şəxslərin imkanlarına uyğun həyata keçirmək haqqında düşünməlidirlər. Biznesdə sosial vəziyyəti ağır olan borclulara dəstəyin göstərilməsi sonda həmin şəxslər arasında firmanın rəğbətinin artmasına da mühüm təsir edər. Borcluya dəstəyin göstərilməsi ilə bağlı digər bir hədisdə. buyrulur ki: “Borcunu ödəməkdə çətinlik çəkən bir şəxsə möhlət verən və ya onun borcunu silən bir kəsi uca Allah özünün kölgəsindən başqa bir kölgənin olmadığı bir gündə ərşinin kölgəsinə qonaq edər” (Tirmizi)

.

   4. Dürüstlük, doğruluq və etibarlılıq


Müasir günümüzdə biznesdə dürüstlüyün və doğruluğun vacibliyi haqqında geniş söhbət açılır. Bu dəyərlər biznesdə şirkətin mövqeyinin möhkəmlənməsi və imicinin qorunub saxlanması baxımından vacibdir. Milli dəyərlər sistemimizdə dürüstlüklə bağlı xeyli sayda məsləhətlərə rast gəlmək olar. Bu qəbildən Peyğəmbərimiz (aleyhis-salatu vassallam) buyurub ki: “Dürüstlük insanı yaxşılığa, yaxşılıq da cənnətə aparar. Əgər bir şəxs doğruluqda səbat göstərərsə Allah qatında ona dürüstlük yazılar. Yalan isə insanı günaha, günah da cəhənnəm atəşinə cəlb edər. Əgər bir şəxs də yalan danışmaqda davam edərsə Allah qatında O, yalançılardan sayılar” (Buxari). Hədsidən də göründüyü kimi, dürüstlük mədh olunur yalan isə çirkin əməl hesab edilir. Əfsuslar olsun ki, bəzi hallarda bir sıra işbazlar ilahi hikmətlərdən xəbərsiz olmaları ucbatından müştəriləri aldadır, məhsul haqqında yanlış məlumat verir, çaşdırıcı reklamlar vasitəsilə öz bizneslərinin uğur qazanacaqlarını düşünürlər. Fikrimizcə, doğruluq və dürüstlük ciddi və dayanıqlı biznes üçün çox keçərli vasitədir.

Doğruluqla bağlı başqa bir hədisdə bildirilir: “İki tərəf aralarındakı danışıqları bitirmədikcə cavabdehlik sayılmır. Əgər doğru danışaraq hər bir məsələni açıq-aydın şəkildə danışarlarsa ticarətləri bərəkətli olur. Əgər yalan danışaraq (məhsulların) çatışmazlıqlarını gizlədərlərsə, onda ticarətləri bərəkətli olmaz” (Buxari; Müslim). Bu baxımdan biznes sövdələşmələri aparılan zaman əmtəə və xidmətlər haqqında, razılaşmanın şərtləri barəsində təfsilatlı məlumatlar verilməli, hər iki tərəfə qaranlıq qala biləcək bütün məsələlər qeyd olunmalıdır. Artıq sövdələşmə bitdikdən sonra yeni şərtlər qoyulmamalıdır. Qeyd edək ki, əsrləri aşan mənəvi dəyərlərə sahib olmağımıza baxmayaraq bu gün bütün təfərrüatı açıqlanmış sazişlərə daha çox Qərbin şirkətlərində rast gəlmək olur.

 

     5. Ölçən zaman dəqiq olmaq

 

Bu məsələ həqiqətən də günümüzün çox aktual problemlərindən biridir. Hələ də alıcılar bazarlarda dəfələrlə aldadıqlarından şikayət edirlər. Hətta, cəmiyyətimizdə satıcılara inam hissi demək olar ki, xeyli azalıb. Əfsuslar olsun ki, bir sıra şirkətlərdə çalışanlar da imkan tapan kimi məhsulların yüklənməsində və göndərilməsində çəkilərə çox vaxt diqqətlə yanaşmırlar. Bütün bunların aradan qaldırılması müştərilərin məmnuniyyəti baxımından vacib olan məsələlərdəndir. Bununla bağlı Quran-İ Kərimdə bu şəkildə bəyan edilmişdir: “...Ölçüdə və çəkidə düz olun....” (Ənam, 6/152), “Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır! (İsra, 17/35)”

 

    6. əhdə vəfa göstərmə


İşgüzarlıq zamanı tez-tez vədlərin verilməsinə və onların vaxtında yerinə yetirilməməsinə rast gəlirik. Bir sıra hallarda isə müştərini əlimizdə saxlamaq üçün icrası çətin olan işləri həyata keçirəcəyimizə söz veririk. Sonda müştəri narazı qalır, gördüyümüz işin isə keyfiyyəti aşağı olur. Məlumdur ki, müasir biznesdə keyfiyyətin idarə ounması, müştərilər qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsi qarşıya qoyulan başlıca tələblərdəndir. Bu baxımdan milli dəyərlərimizdə bununla bağlı tövsiyələrə diqqət verilməsi həm beynəlxalq biznes prinsiplərinin yerinə yetirilməsi, həm də mənəvi saflığa dayanan işgüzarlıq üçün çox faydalıdır. Bu baxımdan əhdlərlə bağlı uca Allah ayəti kərimədə bu şəkildə buyurur: “Ey iman edənlər! Əhdlərə sadiq olun....” (Maidə, 5/1), “Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar” (Əs-Saff, 61/3).

 

   7. Müştərinin haqlı tələbi əsasında satılmış malın geri qaytarılması


Mənəvi dəyərlər sistemimizdə müştəri aldığı malın qaytarılmasını tələb etdiyi zaman onun iddiasının müsbət təmin olunması yaxşı hal kimi qəbul edilib. Təbii, burada müştərinin tələbinin haqlı olması və heç bir qərəz daşımaması vacib məsələlərdəndir. Bir baxımdan da bu məsələ istehlakçıların hüquqlarının qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Peyğəmbər (aleyhissalatu vassallam) müştəri hər hansı bir səbəb ucbatından aldığı maldan razı qalmayıb, onu qaytarmaq istədiyi halda satıcının ona köməklik göstərməsini tövsiyə edib: “Əgər bir şəxs bir müsəlmana ikalə (aldığı malın qaytarılması) edərsə Allah da Qiyamət günü həmin kəsin günahlarını bağışlayar” (İbn Macə, Ticarət, 26)

 

   8. dələduzluqdan və aldatmaqdan uzaq durmaq


Müasir dövrdə biznesdə rast gəlinən məsələlər sırasında məhsul haqqında yanlış məlumatın verilməsi, məhsulun çatışmazlılarının gizlədilməsi, keyfiyyətsiz əmtəənin keyfiyyətli kimi təqdim olunması hallarını sadalamaq olar. Bu, çox vaxt
müştərinin aldığı məhsullardan narazı qalması ilə nəticələnir. Hətta müştəri ona satılan keyfiyyətsiz məhsul ucbatından əlavə xərcə düşməli olur. Bir sıra işbazlar da belə vəziyyətdən sui-istifadə edərək gəlir əldə etməyi düşünür ki, sonda onlar özlərini gözdən salmaqla yanaşı vicdanlı iş adamlarının da cəmiyyətdə etibarının zəifləməsinə zəmin yaradırlar. Bununla bağlı bir hədisdə qeyd olunur ki, Peyğəmbər (aleyhissalatu vassallam) günlərin bir günü bazarda gəzərkən
qida məhsulu ilə dolu kisənin yanına yaxınlaşıb əllərini onun içərisinə saldı. Bu zaman əli nəmləndiyi üçün satıcıdan soruşur ki: “Bu nədir?”. Satıcı da cavab verir ey Allahın elçisi məhsul yağış səbəbiylə islanmışdır. Peyğəmbərimiz s.a.s.
həmin şəxsə belə buyurur: “Yaxşı olardı ki, məhsulun (yağışdan) islanmış hissəsini üstə yığardın. Kim bizi aldadırsa o şəxs bizdən sayılmaz” (Müslim).

Mal satarkən müştərinin aldadılmasının Allaha inanan cəmiyyət üçün heç uyğun bir hərəkət olmadığı hədisdə aydın şəkildə görünür. Digər bir hədisdə isə sözügedən məsələ ilə bağlı bu şəkildə buyrulur: “Müsəlman müsəlmanın qardaşıdır. Belə olduğu halda bir müsəlmanın digər qardaşına məhsulun çatışmayan tərəflərini açıq-aydın şəkildə bildirmədən ona satması caiz (uyğun, halal) deyildir” (İbn Macə, Ticarət, 45)

bərimizin (aleyhissalatu vassallam) biznesdə dürüstlük, doğruluq, xeyirxahlıq, halallıq və s. ilə bağlı tövsiyələri o qədər çoxdur ki, onları bir məqalədə ehtiva etmək mümkün deyildir. Amma bu misallar bizə bir yoldur ki, hər hansı bir biznes fəaliyyətinə başlayarkən və ya onu həyata keçirərkən ilk öncə milli dəyərlərimizə müraciət edib onları dərindən öyrənməliyik. Bizneslə məşğul olmaq sonda yalnız gəlir əldə etmək məramını daşımır. Biznes cəmiyyətin tələblərini ödəyən əmtəə və xidmətləri istehsal etməklə yanaşı onun fərdlərinin halal qidalanması və əldə etdikləri məhsullardan razı qalmasını da təmin etməlidir.Sonda onu qeyd edək ki, 14 əsr bizə davamlı olaraq tövsiyə olunan biznes dəyərlərinə yiyələnsək, onda sahibkarlarımız dünya iş aləminə özünün zəngin təcrübəsini bölüşmək imkanı da əldə edər.


"Ecovision"   jurnalı  sentyabr buraxılışı  2013