Universitetlər pulu haradan tapır?

Dünyanın qabaqcıl universitetləri tədqiqat mərkəzləri, fondlar və məzun dərnəkləri yaradıb qrant cəlb edir.

Universitetlərdə tədqiqat mərkəzləri dövlət qurumlarının, beynəlxalq təşkilatların və özəl sektorun ehtiyacı olan sahələrin inkişafı, onların fəaliyyətinin daha səmərəli təşkili üçün qurulur. Bir çox universitetdə tədqiqat mərkəzləri innovativ mərkəz kimi də fəaliyyət göstərir, iqtisadi inkişaf, tədqiqatların təcrübəyə çevrilməsi, nano-sistemlərin inteqrasiyası və digər sahələrdə çalışır. Mərkəzlərin ehtiyac duyduğu sahələr üzrə mütəxəssislər universitetlərin özündən və ya kənardan gətirilir. Onların fəaliyyəti həm daxili, həm də xarici mənbələr hesabına maliyyələşdirilir.

Universitet fondları müxtəlif beynəlxalq təşkilatlardan, maliyyə institutlarından, dövlət və özəl sektor müəssisələrindən, xeyriyyəçilərdən əldə olunan ianələri tələbələrin və müəllimlərin inkişafına yönəltmək məqsədilə qurulur. Həmin fondlar özəl sektorun əvəzsiz ianələrinin universitetə cəlb olunmasında aktiv rol oynayır. Bu fondların vəsaitləri hesabına təhsil almağa maddi imkanı olmayan bacarıqlı, xüsusi istedada malik şəxslərin də oxumasına köməklik göstərilir. Həmçinin fondların vəsaitlərindən universitetlərdə innovativ düşüncəsi olan professor-müəllim heyəti, tələbələr, xüsusi ehtiyac sahibi müəllimlər üçün istifadə edilir.

Məzun dərnəklərinin ən başlıca məqsədi universitet məzunları ilə əlaqələrin daha effektiv şəkildə davam etdirilməsidir. Bu məqsədlə məzunlar arasında yaradılan şəbəkədən həm məzunlar, həm də universitetlər faydalanır. Məzunlar üçün müxtəlif istiqamətlərdə kurslar, onların sosial fəaliyyətlərə dəvət olunması (kino, teatr, pikniklər və s.), onların aylıq jurnal və məqalələrlə təmin edilməsi, kitabxana materiallarından istifadə və məzunlar haqqında məlumatların paylaşılması kimi tədbirlər də bu çərçivədə gerçəkləşdirilir.

www.mediaforum.az     06.09.2013