Azərbaycan universitetlərinin inkişafı üçün qrantlar lazımdırmı?

Məlumdur ki, inkişaf etmiş ölkələrdə universitetlər tərəfindən aparılan elmi-tədqiqat işlərinə və tədrisin innovasiyalı inkişafı prosesinə istər özəl sektor, istərsə də dövlət tərəfindən böyük həcmdə maliyyə vəsaitləri ayrılır. Əlbəttə bu təsadüfi deyildir. Çünki, biz bəşəriyyətin inkişafının yeni mərhələsinə elm və innovasiyaya əsaslanan bilik iqtisadiyyatı dövrünə qədəm qoymuşuq. Bu da bir həqiqətdir ki, elmi-texniki potensialı güclü olan dövlətlər istənilən sahədə rəqabət üstünlüyünü əldə edir.

Elmi-texniki potensialın inkişaf etdirilməsi yollarından biri də dünya təcrübəsində geniş şəkildə tətbiq olunan qrant maliyyələşdirməsi mexanizmidir.

Qrant haqqında Azərbaycan Respublikasının Qanununun birinci maddəsində "qrant-humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin vəinfrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır” şəklində tərif edilmişdir. Qərb ədəbiyatında isə qrant dövlət qurumları, fondlar, beynəlxalq təşkilatlar və donorlar tərəfindən müsabiqə əsasında ödənən, geri ödənməsi nəzərdə tutulmayan qrant alanın təkmilləşdirilməsi, inkişaf etdirilməsini qarşısına məqsəd qoyan yardımlar şəklində tərif edilmişdir.

Ali təhsil sahəsində qrant maliyyələşdirməsi isə universitetlərdə maliyyə mənbəyi olaraq beynəlxalq təşkilatlar, dövlətqurumları, maliyyə institutları, özəl sektor habelə universitetlərin öz imkanları hesabına cəlb olunmuş vəsaitlər hesabına ali məktəblərin maddi-texniki bazasının inkişafı, professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin stimullaşdırılması, onların beynəlxalq konfranslarda iştirakının dəstəklənməsi, nəşrlərinin (kitab, məqalə) çap olunması, tələbələrə təqaüdlərin verilməsi, təhsil haqlarının ödənilməsi, xaricdə təhsil alınmasına dəstək göstərilməsi və s. şəklində əvəzsiz maliyyələşdirmənin həyata keçirilməsindən ibarətdir.

Dünya təcrübəsində ali təhsil müəssisələri əsasən aşağıdakı istiqamətlər üzrə qrantlara ehtiyac duyurlar:

· Elmi layihələrin həyata keçirilməsi;

· Təlim-tədris layihələrinin reallaşdırılması;

· Yaradıcı, innovativ ideyaların tətbiq olunması;

· Professor-müəllim heyətinin təkmilləşməsi;

· Beynəlxalq və yerli elmi konfranslarda iştirak və onların nəticələrinin tədris prosesinə tətbiq edilməsi,

· Elmi-texniki bazanın inkişaf etdirilməsi;

· Elmi işçilərin əmək haqlarının ödənilməsi;

· Tələbələrin təhsillərinin inkişaf etdirilməsi və təhsil haqlarının ödənilməsi;

Ali təhsil sahəsində qrant maliyyələşdirilməsi üzrə ədəbiyyatlar tədqiq edildiyi zaman bu sahədə qrantların daha çox iki növünün geniş yayıldığı görülməkdədir. Bunlar tədqiqat və təlim-təkmilləşdirmə qrantlarıdır.

Tədqiqat qrantları-qrant alan fərd vəya təşkilata spesifik bir araşdırmanın həyata keçirilməsi məqsədi ilə verilir. Bu tətqiqatlarda məqsəd hər hansı bir nəzəri prinsipin, proqramın və konsepsiyanın mövcud vəziyyətə yanaşmasındakı boşluqları ortadan qaldırmaqdır. Bu qrantlar daha çox tədqiqatçılara və ya onların birləşdiyi qruplara maaş yardımı, araşdırmanı həyata keçirmək üçün lazımi materialların təmin edilməsi və inkişaf etmiş təcrübənin öyrənilməsi üçün səyahətlərin təşkili şəklində ödənməkdədir. Həmçinin bakalavr və magistr tələbələrinə təqaüdlər şəklində ödənməkdədir.

Təkmilləşdirmə qrantları-universitet strukturlarının inkişafı, müəllimlərin, tələbələrin, tədqiqatçıların ixtisaslarının artırılması məqsədi ilə verilən qrantlardır. Bu qrantlar yeni və mövcud kurrikulumların inkişaf etdirilməsi, tələbələrin staj proqramlarına cəlb edilməsi və müəllimlərin ixtisasının artırılması və s. məqsədlər üçün verilməkdədir.

Qrantın hər hansı bir növünün Azərbaycan Universitetləri tərəfindən cəlb olunması onların potensialının artması baxımından əhəmiyyətlidir. Belə olduğu halda müasir dövrün tələbləri ilə uyğunlaşmaq məqsədilə Qrantların cəlbi işi ölkəmizdə fəaliyyət göstərən Universitetlər tərəfindən ciddi şəkildə öyrənilməlidir.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan "Ali təhsildə qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində hazırlanıb.

www.movqe.az        06.09.2013