Azərbaycan təcrübəsində intellektual mülkiyyətin idarə olunması

Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi İntellektual mülkiyyətin inkişafı istiqamətində də ardıcıl işlər aparılır. Ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin istiqamətlərini şərti olaraq intellektual mülkiyyətin təkmilləşdirilməsi, intellektual mülkiyyət sahiblərinin elmi fəaliyyətinin stimullaşdırılması, intellektual mülkiyyətin qorunması, və elmin, təhsilin inkişafının maliyyələşdirilməsi kimi ayırmaq olar.
Ölkəmizdə İntellektual mülkiyyətin təkmilləşdirilməsi məqsədilə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı qəbul olunmuşdur. Bu proqrama əsasən 2007-2015-ci illərdə istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulmuşdur. Bu proqram çərçivəsində hər il 1000 nəfərə yaxın müdavimin xaricdə təhsil alması planlaşdırılır. Ümumilikdə isə 2007-2015-ci illərdə 5000 nəfər şəxs bu proqramdan bəhrələnəcəkdir. Qeyd edək ki, artıq bu layihə çərçivəsində 1000-dən artıq azərbaycanlı tələbələr, magistrlər və tədqiqatçılar dünyanın inkişaf etmiş ölkələrinin universitetlərində təhsil alır.
Bununla yanaşı 19 iyul 2009-cu ildə yeni "Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi ilə ölkədə təhsil sistemi keyfiyyət dəyişikliyinə uğrayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bu istiqamətdə aparılan işlərdən biri də BMT-nin İnkişaf proqramı ilə Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi "Qara qızılın insan qızılına çevrilməsində Azərbaycanın neft gəlirlərindən potensial istifadə olunması” layihəsidir. Bu layihədə əsas məqsədlərdən biri neftdən gələn gəlirlərin insan kapitalının inkişafına yönəltməkdən ibarətdir.
Qeyd edək ki, İntellektual mülkiyyətin inkişafı sahəsində dövlət siyasətinin digər bir istiqamət intellektual mülkiyyət sahiblərinin elmi fəaliyyətinin stimullaşdırılmasıdır. Bununla əlaqədar olaraq "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” 21 oktyabr 2009-cu il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Elmin inkişafı Fondu təsis edilmişdir. Həmin fond tərəfindən 2010-cu ilin yay aylarında elmin müxtəlif sahələri üçün qrant müsabiqələri elan olunmuşdur. Bura fərdi və ya təşkilatı şəkildə bütün elmi fəaliyyətlə məşğul olan qruplar müraciət edə bilir. Artıq fondun xətti ilə elmin müxtəlif sahələrini əhatə etməklə qrant şəklində ümumilikdə 6.1 mln AZN vəsait ayrılmışdır.
Bildiyimiz kimi intellektual mülkiyyət sahəsində əsaslı nəticələrə nail olmaq üçün onun qorunmasına çox böyük ehtiyac vardır. Bunu dərk edən Azərbaycan hökuməti də intellektual mülkiyyətin qorunması sahəsində işlərin koordinasiya edilməsi üçün Müəllif Hüquqları Dövlət Agentliyini formalaşdırmışdır. Həmçinin, bu sahədə «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» , «ÜƏMT-nin müəlliflik hüququna dair müqaviləsi»nə qoşulmaq, «Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi sahəsində əməkdaşlıq haqqında» sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununları qəbul olunmuşdur.
Sonda onu qeyd edə bilərik ki, intellektual mülkiyyətin inkişaf etdirilməsi qabaqcıl ölkələrdə olduğu kimi bu gün Azərbaycanın qarşısında da prioritet məsələ kimi dayanır. Fikrimizcə, sabahını fikirləşən hər bil ölkə kimi Azərbaycan da bu sahənin inkişafına vəsait yatıraraq özünün intellektual sənayesinin formalaşdırılması istiqamətində əzmlə addımlayır.
 
 
 
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan "Ali təhsildə qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində hazırlanıb.

www.movqe.az    05.09.2013