Azərbaycanda Ali təhsildə qrant maliyyələşdirməsinin tətbiqinin əhəmiyyəti

Azərbaycanın inkişafının indiki mərhələsində ölkə üçün prioritet məsələ neft sektorundan asılılığın ortadan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu istiqamətdə qəbul edilən strategiyalardan biri də “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasıdır. Bu strategiya ilə əlaqədar istiqamətlər öz əksini “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”nda da tapıb.
Ölkəmizdə bu gün dövlət universitetlərində çalışan müəllimlərin əmək haqqının müəyyən bir hissəsi elmi tədqiqatların aparılması məqsədilə ödənilir. Başqa sözlə, tədqiqatların aparılması üçün hər ay müəllimin əmək haqqısından asılı olaraq 100-120 AZN civarında vəsait ayrılır. Hər il müəllimlər tərəfindən hazırlanan tədqiqat işləri kafedralar tərəfindən yığılaraq sonda Milli Elmlər Akademiyasına və Təhsil Nazirliyinə təqdim olunur. Göründüyü kimi elmi tədqiqatların aparılmasına universitetlər tərəfindən həm maliyyə vəsaiti, həm də müəllimlər tərəfindən müəyyən qədər vaxt sərf olunur. Amma həmin tədqiqat işləri müasir bazar iqtisadiyyatının tələblərinə cavab vermədiyinə görə praktikada və istehsalat prosesində tətbiq olunmur. 
Hesab olunur ki, elmi-texniki tərəqqinin aparıcı qüvvəsi olan ali təhsil müəssisələrində çalışan tələbələrin, gənc tədqiqatçıların, professor və müəllim heyətinin beyin gücünü hərəkətə gətirmək, onlarda elmi kəşflərə, innovativ ixtiralara olan meylləri stimullaşdırmaq və bu fəaliyyətlərin real həyatın tələblərinə uyğunlaşıdrmaq üçün müasir tələblərə cavab verən qrant maliyyələşdirmə mexanizmləri hazırlanmalıdır. 
Bununla yanaşı, məqalədə aşağıdakı tədbirlərin görülməsi də məqsədəuyğun hesab olunur: KİV-də ali təhsildə qrant maliyyəşləşdirməsi sahəsində  maarifləndirici yazılar dərc olunmalı  və  proqramlar təşkil edilməlidir; qht-universitet əməkdaşlığı gücləndirilməlidir. QHT və universitetlər qrantların cəlb edilməsi və həyata keçirilməsində birgə əməkdaşlıq çərşivəsində fəaliyyət göstərməlidir; könüllülük prinsipi tələbələr arasında yayılmalı və bu yolla tələbələrin müəyyən təcrübə əldə etməsinə şəratin yaradılmalıdır; universitetlərin biznes strukturları ilə əməkdaşlığı üçün plan və strategiyalar hazırlanmalıdır.
Qeyd edək ki, Qrant maliyyələşdirilməsi sahəsində qabaqcıl təcrübənin öyrənilərək ölkəmizdə tətbiqinin genişləndirilməsi ali təhsil ocaqlarımızın yeni maliyyə resurslarına çıxışının artması, tələbə hazırlığının keyfiyyətinin yüksəldilməsi, professor-müəllim kollektivinin bilik və bacarıqlarından səmərəli istifadə olunması, beynəlxalq aləmdə Universitetlərimizin nüfuzunun yüksəlməsi, Azərbaycanın rəqabətqabiliyyətliliyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

www.qhtxeber.az      04.09.2013