Azərbaycanda ali təhsildə qrant maliyyələşdirilməsinin mövcud vəziyyəti

Azərbaycan ali təhsil sahəsində, Azərbaycan  Respublikası Prezidenti yanında Elmin İnkişafı fondunun layihələri, dövlət proqramları, beynəlxalq təşkilatların proqramları, universitetlərin öz vəsaitləri, özəl sektorun və QHT-lərin maliyyələşdirdikləri qrantlar çərçivəsində qrant maliyyələşdirilməsi həyata keçirir.

Azərbaycan ali təhsil sahəsində dövlət dəstəyi ilə tətbiq edilən qrant maliyyələşdirilməsinə nümunə olaraq, Azərbaycan  Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” göstərilə bilər.
2009-cu ildən fəaliyyətə başlayan Elmin İnkişafı Fondu ali təhsil sahəsində müxtəlif proqram və layihələrə qrantlar ayırmaqdadır. Fonddan alınan məlumatlara əsasən 2012-ci ildə Azərbaycanın ali təhsil müəssisələrindən 151 alim Azərbaycan  Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələrində iştirak etmişdir. Ali təhsil sistemində çalışan alimlərə 2,5 milyon manatdan çox vəsait ayrılmışdır.
Ali təhsildə qrant maliyyələşdirilməsi üzrə dövlət proqramlarından biri olan  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasına 2007/2008-ci tədris ilindən başlanılmış və ümumilikdə, proqram çərçivəsində 1200 nəfərdən artıq azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanmışdır.
Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin dünyanın qabaqcıl ölkələrinin nüfuzlu ali məktəblərinə göndərilməsini təmin etmək məqsədilə imzalanmış ikitərəfli razılaşmalar əsasında Almaniyanın Akademik Mübadilə Xidməti (DAAD) və Fransanın CNOUS təşkilatları ilə də uğurlu əməkdaşlıq həyata keçirilir.
Onu da qeyd edək ki 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramında ali məktəblərdə elmi-tədqiqat işlərinə investisiyaların və büdcədənkənar vəsaitlərin cəlb olunmasını təmin edən normativ hüquqi bazanın formalaşdırılmasına başlanılmışdır.
Azərbaycan Respublikasında fəalliyyət göstərən ali təhsil müəssisələrində qrant maliyyələşdirilməsi üzrə ümumi vəziyyətə nəzər saldıqda elmi məqalələrin, dərs vəsaitlərinin yazılması, xarici ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi və professor-müəllim heyətinin xarici konfranslarda iştirakı ilə əlaqədar qrantlar verilməkdədir. Əlbəttə bu qrantların olması sevindirici haldır. Amma yuxarıda sadalanan bütün qrantlar universitetlərin öz daxili vəsaitləri hesabına ödənməkdədir. Bu qrantlara beynəlxalq təşkilatlardan, dövlət qurumlarından, maliyyə institutlarından, özəl sektordan və s. alınan qrantların da əlavə olunması universitet əməkdaşlarının və tələbələrinin daha sürətli inkişafına gətirib çıxarar.
Bütün bunlar belə bir fikir formalaşdırmağa əsas verir ki, Azərbaycanda bu sahədə vəziyyət bir o qədər də pis deyil, lakin formalaşmış təcrübələri təkmilləşdirərək digər müəssisələr də tətbiqinə çalışmalıdır. 

 

 

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “Ali təhsildə qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.

www.olaylar.az    03. 09.2013