Ali təhsildə qrant maliyyələşdirməsi üzrə beynəlxalq təcrübə

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, ali təhsil müəssisələrində qrant maliyyələşdirilməsinin aşağıdakı mənbələri mövcuddur:

a. Universitetlərin öz vəsaitləri hesabına qrant maliyyələşdirməsi;

b. Dövlət tərəfindən ali təhsilə dəstək qrantları;

c. Beynəlxalq təşkilatların ali təhsilin inkişaf etdirilməsi üzrə qrant proqramları;

d. Özəl sektorun, fərdi şəxslərin, QHT-lərin qrantları;

Bu mənbələr haqqında aşağıda tanış olmaq olar.

Dünya təcrübəsində universitetlər öz maliyyə vəsaitləri hesabına az gəlirli ailələrin uşaqlarının təhsil almasına təqaüdlər ayırmaqdadırlar. Bununla bərabər universitetlər tələbələrin illik təhsil haqlarının ödənilməsində də müəyyən güzəştlər tətbiq edirlər. Nümunə üçün qeyd etmək olar ki, Amerikanın Çikaqo universiteti illik olaraq tələbələrin təqaüdləri üçün 85 milyon ABŞ dolları ayırır.

Bundan əlavə universitetlər professor-müəllim heyətinin və elmi işçilərin inkişaf etməsinə, onların tədqiqatlar həyata keçirməsinə, beynəlxalq elmi konfrans və treyninqlərdə iştirak etməsinə maddi olaraq köməklik göstərirlər. Bu qrantlarla universitetlər həm müəllimlərin təkmilləşməsinə, həm də bütövlükdə universitetin keyfiyətli fəaliyyətinə nail olurlar ki, bu da nəticədə ölkənin inkişafına gətirib çıxarır.

ABŞ-da və Avropada qrantların böyük əksəriyyəti dövlət qurumlarından alınmaqdadır. Ali təhsil sahəsində dövlət qrantları əsasən hökumətin prioritet kimi müəyyənləşdirdiyi sahələrdə oxumaq və təhsilini təkmilləşdirmək istəyən şəxslərə verilir. ABŞ Mərkəzi Fondunun məlumatlarına görə hal-hazırda ştatlarda 88.000-ə yaxın fond fəaliyyət göstərik ki, onların vasitəsi ilə də hər il 40 milyard ABŞ dollarına yaxın qrant verilir. ABŞ-da qrant maliyyələşdirməsi təhsil nazirliyinin elan etdiyi proqramlarla, əvəzsiz və ya geri qaytarılan qrantlar şəklində həyata keçirilir. Bununla yanaşı hər il ABŞ konqresinin Fulbrigth Təhsil proqramı ilə minlərlə tələbə və müəllimə qrantlar verilməkdədir.

Avropada isə Avropa Komissiyası tərəfindən həm üzv ölkələrə, həm də qeyri-üzv ölkələrə Erasmus Mundos, Leonardo da Vinci, Ömür Boyu Öyrənmə, Tempus və s. proqramları adı altında hər il milyonlarla avro vəsait ayrılmaqdadır. Bu proqramlardan sadəcə Erasmus Mundos proqramında 1987-ci ildən bu günə qədər 3 milyon tələbə, 1997-ci ildən etibarən 300 000 müəllim və universitet əməkdaşı iştirak etmişdir. Bu proqramın illik büdcəsi 450 milyon avrodur. Hər il 33 ölkədən 4000-dən çox ali təhsil ocağı bu proqramın iştirakçısına çevrilirlər.

Qeyd edək ki, beynəlxalq və regional təşkilatlar, maliyyə institutları, təhsilin inkişaf etdirilməsini özlərinin proqramlarında həmişə prioritet məsələ kimi nəzərdən keçirlər. Bu təşkilatlardan təhsilin inkişafı sahəsində iri məbləğdə vəsait ayıran Dünya Bankını, Asya İnkişaf Bankını, İslam İnkişaf Bankını, ABŞ Beynəlxalq İnkişaf Agentliyini və s. sadalamaq olar.

Dünya Bankı 1950-ci ildən təhsil sahəsinə qrantlar ayırmaqdadır. Bu dövrdən bu günə kimi Dünya Bankı tərəfindən 1539 təhsil layihəsi maliyyələşdirmiş və bunun üçün ayrılan məbləğ 68.9 milyard ABŞ dolları (2005-ci il qiymətləndirməsi ilə) olmuşdur. Dünya Bankı tərəfindən ümumi orta təhsilə böyük əhəmiyyət verilsə də ayrılan qrantların təxminən 34.8 faizi ali təhsil sahəsinə ayrılmaqdadır.

Asiya İnkişaf Bankı (AİB) isə 2000-2009-cu illər ərzində təhsil sahəsinə ümumilikdə 3 milyard ABŞ dolları qrant ayırmışdır. 2009-2013 il ərzində isə bu məbləğ 1.5 milyard ABŞ dolları təşkil etmişdir. Bu qrantların təxminən 45%-ə yaxını üzv ölkələrin ali təhsil sahəsindəki inkişafına sərf olunmuşdur.

AİB öz fəaliyyətində orta gəlirli ölkələrdə keyfiyyətli təhsil sisteminin qurulması, ali təhsil sahəsində bərabər imkanların yaradılması, müasir ixtisasların təşkil olunması və universitet-özəl sektor arasında əlaqələrin səviyyəsinin yaxşılaşdırılması kimi məsələləri önə cəkir.

Universitetlərin qrant mənbələrindən biri də özəl şirkət və şəxslərdən, QHT və müxtəlif fondlardan alınan maliyyə vəsaitləridir. Dünyanın qabaqcıl universitetlərinin cəlb etdikləri qrant vəsaitlərinə nəzər saldıqda görərik ki, bu gəlirlərin 25 %-i özəl sektor, 30 %-ə yaxını fərdi şəxslərin və ya zəngin ailələrin, 30 %-i müxtəlif fondlardan alınan qrantlar və 15 %-i məzunlar dərnəklərinin maliyəsi hesabına formalaşmaqdadır.

www.movqe.az   03.09.2013