Françayzinqin respublikamızda tətbiqinin genişləndirilməsinin əhəmiyyəti


      


Biznesin dünya təcrübəsində mövcud olan mütərəqqi forma və alətlərinin ölkədə tətbiqinin genişləndirilməsi sahibkarlığın

rəqabətqabiliyyətliliyinin artırılması, beynəlxalq işgüzar aləmə inteqrasiya, istehsalda səmərəliliyin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda sahibkarlığın inkişafı onun fərqli formalarının fəaliyyətinin daha çox önə çəkilməsi ilə xarakterikdir. Bu baxımdan sahibkarlığın kiçik və orta formalarının inkişaf etdirilməsi mütərəqqi ölkələrin təcrübəsində də olduğu kimi ölkədə biznes mühitinin daha da dərinləşdirilməsi, əhalinin istehlak məhsulları ilə ucuz və keyfiyyətli olaraq təmin olunması, işsizliyin aradan qaldırılması, iqtisadiyyatın şaxələnməsi baxımından vacib sayılır. Buna görə, kiçik və orta sahibkarlığın inkişafı üçün daim yeni innovasiyalar aşkar olunaraq
tətbiqinə çalışılır.

eynəlxalq aləmdə geniş tətbiq olunan kiçik və orta sahibkarlığın inkşafı baxımından sərfəli alətlərdən biri də françayzinqdir. Müstəqilliyin ilk dövrlərində Azərbaycanda françayzinqin formalaşması əsasən dünyaca tanınmış müxtəlif iri şirkətlərin məhsullarının ölkəmizdə satışının təşkili ilə xarakterik olub.

Françayzinq – kiçik və iri biznesdə müəssisələrin qarşılıqlı mənfəətə əsaslanan əməkdaşılıq sistemidir. O, hüquqi statusu olan, kirayə, alqı-satqı, podrat, nümayəndəlik elementlərini birləşdirən müqavilə münasibətlərinə əsaslanan sərbəst formadır. Bu subyektlərin qarşılıqlı münasibətləri françayzinq münasibətləri ilə rəsmiləşdirilir, bu müqavilə iri müəssisə-françayzer və kiçik müəssisə-françayzi (operator) arasında imzalanır. Bu zaman françayzer (adətən iri ana şirkət) kiçik firmanı və ya biznesmeni əvvəlcədən razılaşmış ərazidə öz
məhsulları, reklam xidmətləri, işlənmiş texnologiyalarla biznesi təmin etməyə məcburdur. Bunun müqabilində firma (françayzi) şirkətə (françayzerə) menecment və marketinq sahəsində yerli şəraiti və kapitalın hansısa hissəsini investisiyalaşdırmağı nəzərə almaqla xidmət verməyə borcludur.

Qeyd edək ki, françayzinq start sahibkarlığın aşağı riskli olaraq irəliyə addımlaması üçün mühüm açarlardan biri sayılır. Sahibkarlığın bu forması 19-cu əsrin 40–cı illərində Almaniyada pivə istehsalçılarının öz məhsullarını françayzi
vasitəsilə satmaq təşəbbüsləri ilə təşəkkül tapıb.

1851-ci ildə isə tikiş maşınlarının istehsalı sahəsində dünyaca məşhur olan “Zinger” şirkəti öz məhsullarının dünyanın müxtəlif bazarlarında satışını genişləndirmək məqsədilə kiçik şirkətlərə françayzi hüququ verərək onları öz məhsullarının distribütorluğunun həyata keçirilməsinə cəlb edib. Onu da qeyd edək ki, “Zinger” şirkətinin həmin dövrdə öz françayziləri arasında tətbiq etdiyi müqavilə forması da müasir françayzinq sazişləri üçün nümunə sayılır.

Həmin dövrdən başlayaraq iri şirkətlər böyük xərclər və bazarların əlçatanlığının aşağı olması ucbatından daxil ola bilmədikləri satış məkanlarında məhz françayzinq metodu ilə məhsul və xidmətlərini geniş şəbəkədə paylamağa başlayıblar. 1950-ci ildə françayzinqin müasir inkişaf dövrü başlayıb. Bu etapın banisi məşhur süd kokteylinin istehsalçısı Rey Krok olub. Sonrakı dövrlərdə françayzinq daha da genişlənərək müasir inkişaf səviyyəsinə gəlib çatıb.

Hazırda beynəlxalq aləmdə bu sahədə həyata keçirilən işlərin koordinasiya edilməsi, biliklərin mübadiləsi, sahənin daha da inkişaf etdirilməsi üçün iri şəbəkələr formalaşıb. Bunlardan Beynəlxalq Françayzinq Assosiasiyasını və Avropa Franmayzinq Assosiasiyalarını misal göstərmək olar.

Qeyd edək ki, Françayzinqin 3 başlıca tipi mövcuddur: əmtəə, istehsal və işgüzar. Əmtəə françayzinqi dedikdə françayzi iri korporasiyanın ticarət nişanı altında onun məhsulunun satışını həyata keçirmək hüququnu əldə edir. Bu zaman françayzi özünün satış şəbəkələrini iri kompaniyanın markasından istifadə edərək formalaşdırır və bütün reklam məhsullarında onun məhsulunun nişanını önə çəkir.

İstehsal françayzinqi isə iri kompaniyaların qabaqcıl texnologiyaları françayziyə ötürməklə istehsalı təşkil etməsidir. Françayzinqin bu metodunda nisbətən kiçik şirkətlər françayzer vasitəsilə müasir və bahalı texnologiyaları əldə edərək məhsul buraxılışını həyata keçirirlər. Qeyd edək ki, xarici ölkələrdə françayzinqin bu tipi spirtsiz içkilərin istehsalı sferasında daha geniş yayılıb.

Françayzinq sahəsində ən populyar olan sahələrdən biri işgüzar françayzinqdir. Françayzinqin bu tipində iri şirkətlər onların adından istehlakçılara müxtəlif çeşidli əmtəələrin təqdim edilməsi və xidmətlərin göstərilməsi üçün mağazalar şəbəkəsinin, köşklərin və digər biznes sahələrinin açılması üçün kiçik və orta sahibkarlıq subyektlərinə lisenziyalar təqdim edirlər. Qeyd edək ki, iri şirkətlərin satış şəbəkələrinin inkişaf etməkdə olan ölkələrdə yayılmasında bu françayzinq metodundan geniş istifadə olunur. Ümumiyyətlə, françayzinqin tətbiqinin ölkəmizdə genişləndirilməsinin həm makro səviyyədə, həm də mikro səviyyədə təsirləri mövcuddur. Bu baxımdan onun ölkə iqtisadiyyatının inkişafı və sahibkarlığın tərəqqisi baxımından əhəmiyyətini aşağıdakı kimi sadalamaq olar:

• Kiçik və orta sahibkarlığın beynəlxalq standartlara uyğun inkişafı, böyük təcrübəyə malik iri şirkərlərin təcrübələrinin qısa zamanda və səmərəli ötürülməsi;

• Azərbaycan istehlakçısının çoxçeşidli idxal məhsulları ilə keyfiyyətli və ucuz qiymətə təmin olunması;

• Ölkənin ucqar rayonlarının və ümumlikdə regionların əmtəə və xidmətlərə çıxışının asanlaşdırılması;

• Françayzinq firmalarının fəaliyyətinin genişləndirilməsi nəticəsində əhalinin məşğulluğunun artması və işsizliyin azalması;

• İnkişaf etmiş ölkələrdə mövcud olan NouXauların Azərbycana transformasiyasının sürətlənməsi;

• Françayzinq vasitəsilə Azərbaycanlı şirkətlərinin Qafqaz və Yaxın Şərq regionunda distribütorluq fəaliyyətinin genişlənməsi. Qeyd edək ki, bu təcrübə artıq uzun müddətdir ki, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və s. ölkələrin şirkətləri tərəfindən geniş tətbiq olunur. Həmin ölkələrin şirkətləri dünya brendlərinin regionda və o cümlədən Azərbaycanda yayılması istiqamətində xeyli işlər görmüşdür;

Makro səviyyədə françayzinqin müsbət tərəfləri daha çox özünü göstərdiyi halda şirkət təcrübəsində bu növ sahibkarlığın həm üstünlükləri, həm də ziyanları vardır. Təbii ki, belə fəaliyyət növünün şirkət səviyyəsində töhfəsinin əldə olunması şirkətin françayzinq strategiyasının düzgün qurulmasından asılıdır. Qeyd edək ki, françayzinq işinə başlayan Françayzer və Françayzi bir sıra məsələlərə çox diqqətli yanaşmalıdırlar. Françayzer onun məhsullarını bazarda təmsil edəcək və distribütorluğu həyata keçirəcək şirkət haqqında ətraflı məlumat toplamalı, onun dürüstlüyünü, şəffaflığını araşdırmalı, maliyyə idarəetməsi ilə yaxından tanış olmalı, onun tarixçəsini, sahiblərini dəqiq öyrənməlidir. Çünki françayzerə həmişə çoxlu sayda şirkətlər müraciət edir və bu sövdələşmənin uğuru başlıca olaraq düzgün françayzinin seçilməsindən asılıdır.

Françayzi isə öz növbəsində françayzeri seçən zaman bir sıra məsələlərə diqqət yetirməlidir. Bunlara françayzerin təklif etdiyi məhsullara bazar tələbatının olması, müqavilədə münasib şərtlərin mövcudluğu, gəlirlərin bölüşdürülməsi, françayzinin özünün gələcək inkişaf imkanlarının mümkünlüyünü aid etmək olar. Bütün yuxarıda göstərilən məsələlər nəzərə alınmaqla düzgün və dəqiq françayzinq strategiyasının qurulması nəticədə tərəflərin risklərinin azalmasına və qarşılıqlı səmərəliliyə gətirib çıxaracaq. Məsələni müəssisə səviyyəsində təhlil edən zaman beynəlxalq françayzinq təcrübəsindən françayzi şirkətləri üşün bu fəaliyyət növünün aşağıdakı üstünlüklərini və əhəmiyyətini qeyd etmək olar:

a. Bir növ mövcudluğa zəmanət, marketinq tədqiqatlarına, konsultasiyalara və digər xidmətlərə sərf olunacaq vəsaitlərə qənaət;

b. Xammal, material və yarımfabrikatların təchizatına zəmanətin olması;

c. Öz işini açma riskinin aşağı olması;

d. İri firma tərəfdaşının məsləhətinin və dəstəyinin olması;

e. Biznesiniz praktikada öz təsdiqini tapmış sahədə formalaşacaq. Bu da şəxsi biznes ideyalarınızı reallaşdırana qədər başqa françayzerlərin təcrübələrindən yararlanmaq imkanı verir;

f. Tanınmış brend və ticarət markalarından istifadə etmək fürsətinin əldə edilməsi. İri françayzerin reklam və promosyon vəasitərindən yararlanması;

g. İri şirkətin distribütorluğunu həyata keçirməklə investisiya təşkilatları arasında françayzinin nüfuzu artır. Nəticədə françayzi əlavə maliyyə vəsaiti cəlb etmək imkanını əldə edir;

h. Biznes risklərinin səviyyəsi aşağı düşür və tərəfdaşlar arasında paylanır;

i. Françayzin satış regionuna françayzer daxil olmaqla digər iri rəqiblərin də bazarına müdaxilə edir. Nəticədə kiçik və orta sahibkar tərəfdaşı olduğu françayzerin hesabına mövcud bazarda rəqabətqabiliyyətliliyini artırır;

j. Françayzer əməkdaşlıq dövründə françayziyə - treyninqlərin keçirilməsi, biznes əlaqələrinin formalaşdırılması, mütəmadi olaraq biznesdə necə inkişaf etməklə bağlı məsləhətlər edilməsi yolu ilə dəstək göstərir,

Françayzinqin inkişafı üçün iri firmalar çox maraqlıdırlar. Bu inkişaf onların məhsullarının satışını genişləndirir, başqa bazarlara daxil olmalarını təmin edir və müvafiq olaraq tələbatın dəyişilməsinə tez reaksiya göstərir, əlavə kapitalı cəlb edir, operator tərəfindən reallaşdıran məhsulun və xidmətin keyfiyyətinə sərt operativ nəzarəti həyata keçirir.

Bütün bunlarla yanaşı Françayzinq fəaliyyətini həyata keçirilməsinin Françayzilər üçün aşağıdakı çatışmazlıqları da mövcuddur:

a. İri şirkətlər və başqa səhm sahiblərinin, tərəfdaşların maraqlarının nəzərdə tutulması;

b. Daimi surətdə lisenziya sahibini ağır maliyyə şərtlərinə vadar edən gəlirdən yox, satış həcmindən gündəlik ayırmaların olması;

c. Lisenziya satıcısının maliyyə sənədləşməsini yoxlamaq hüququnun olması;

d. Əməkdaşlıq edilən şirkətlərin təlimatlarında qeyd edilən biznes metodlarının tətbiqi, bunun da manevr etmə imkanlarını məhdudlaşdırması;

e. Lisenziya sahibinin hərəkətlərini məhdudlaşdıran ehtiyac olunan avadanlıqların və materialların alınması;

f. Françayzerin təqdim etdiyi əmtəə və xidmətlərin qiymətinin gözlənildiyindən baha olması. Nəticədə françayzi iri şirkətin məhsullarını satan zaman həm çətinliklə  üzləşir, həm də aradakı fərqdən az gəlir əldə edir;

g. Təcrübədə çox vaxt müqavilələrdə biznesin həyata keçirilməsi ilə bağlı məhdudlaşdırıcı şərtlər olur. Bu şərtlər bir sıra hallarda françayzinin yerli bazarda çevik hərəkət etməsində maneçilik törədir;

h. Françayzerin bazarı tərk etməsi və ya məhsul istehsalı üzrə sahəsini dəyişməsi françayzini çıxılmaz vəziyyətə qoymaqla yanaşı, onun da fəaliyyətinin sona yetməsinə gətirib çıxara bilər;

i. Başqa françayzilərin məhsulun brendini korlayan addımlar atması;

j. Françayzi yalnız françayzer tərəfindən təsdiqlənmiş həcmdə və bölgədə fəaliyyət göstərə bilər ki, bu da fəaliyyətin məhdudlaşmasını xarakterizə edir;

k. Risklərin azaldılması son nəticədə çox vaxt françayzinin daha yüksək gəlir əldə etmək imkanlarını məhdudlaşdırır.

Françayzinqin şirkət üçün müsbət və mənfi keyfiyyətlərinin olmasına baxmayaraq biznesin bütün sferalarında olduğu kimi dəqiq ölçülmüş və planlaşdırılmış yanaşma nəticəsində bu fəaliyyətdən istifadə olunması kiçik və orta sahibkarlıq üçün çox mühümdür. Azərbaycanda françayzinqin yayılması dövlətin sahibkarlığın inkişafı strategiyasında ayrıca bir istiqamət kimi yer alması, bu fəaliyyət növünün ölkəmizdə təşviq edilməsi, respublikamızda bu sferanın tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının daha da təkmilləşdirilməsi ümumi ticarət dövriyyəsində bu fəaliyyət növünün çəkisinin artması baxımından da vacibdir.

"EcoVision" jurnalı may buraxılışı  15-ci sayı

Bütün müəllif hüquqları qorunur.