Dövlət, özəl sektor və ictimai təsisatların məsuliyyətliliyi əsasında Azərbaycanda faizsiz maliyyə sisteminin formalaşdırılması

         Dövlət, özəl sektor və ictimai təsisatların məsuliyyətliliyi əsasında                  

         Azərbaycanda faizsiz maliyyə sisteminin formalaşdırılması                                                                                                                              

Ruslan Atakişiyev İqtisad üzrə fəlsəfə doktoru


   Qeyd edək ki, Faizsiz maliyyə daha çox “Faizsiz Bankçılıq” (interest-free banking) kimi xarakterizə olunur. İlk dəfə olaraq da bu sistem 1963-66-cı illərdə Misir iqtisadçı alimi prof. Əhməd Nəccarın hazırladığı bank modeli əsasında elə həmin ölkədə də tətbiq edilmişdir.

    Bu sistemin formalaşdırılmasında əsas məqsəd Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya və Şimali Afrikanın müsəlman dövlətlərində yaşayan əhalinin yığımlarını (əmanətlərini) toplayaraq real iqtisadiyyata cəlb etməkdən ibarətdir. Faizsiz Bankları ənənəvi (yəni, müasir bank sistemi) Banklardan fərqləndirən əsas xüsusiyyət əvvəlcədən faiz dərəcəsi tətbiq etmədən  əmanətləri toplamaq və bu qayda ilə də real sektorda (istehsal, xidmət, ticarət və s.) çalışan sahibkarlara verilməsindən ibarətdir. Belə ki, Bank gəlirə və ziyana ortaq olmaq şərti ilə tərəflər arasında əvvəlcədən razılaşdırılmış pay bölgüsü əsasında (məs. gəlirdə 40%-60%, 50%-50% pay bölgüləri kimi) ayrı-ayrı şəxslərdən, şirkətlərdən və digər qurumlardan vəsaitləri toplayır. Sonra da həmin toplanmış maliyyəni sahibkarlara və digər təsərrüfat subyektlərinə bundan əvvəlki cümlədə qeyd etdiyimiz qayda üzrə təqdim edir. Qeyd edək ki, göstərilən bu model sadəcə olaraq Faizsiz Bankın fəaliyyətinin əsas ana prinsipini xarakterizə edir. Lakin, müasir inkişaf etmiş Faizsiz Banklar dünyanın 73-ə yaxın ölkəsində fəaliyyət göstərərək  öz müştərilərinə (cəmiyyətin, xüsusilə də iş adamlarının) onların müxtəlif tələblərinə və istəklərinə cavab verəcək şəkildə çoxlu sayda maliyyə xidmətləri təklif edirlər.

   Dünya maliyyə sistemində Faizsiz Bankçılıq üzrə aktivlərin ümumi həcmi 2012-ci ildə 1 trln. ABŞ dollarını keçmişdir. Qeyd edək ki, müasir dövrdə Faizsiz Bankçılıq ABŞ-dan tutmuş Çinə kimi dünyanın müxtəlif inkişaf etmiş (İEÖ) və inkişaf etməkdə olan (İEOÖ) ölkələrində tətbiq edilir. Bu ölkələr sırasında Böyük Britaniyanı, ABŞ-ı, Malayziyanı, İndoneziyanı, Türkiyəni, İranı, Körfəz ölkələrindən olan Səudiyyə Ərəbistanını, Bəhreyni, Küveyti və digərlərini göstərmək olar.

   Böyük Britaniyada bu fəaliyyətə dünyanın ən məşhur maliyyə institutu olan HSBC bankı təşəbbüs göstərərək Faizsiz Bankçılıq üzrə işləri həyata keçirmək üçün 1998-ci ildə özünün HSBC-Amanah qolunu formalaşdırmışdır. 2007-ci ilin məlumatlarına əsasən Böyük Britaniyada Faizsiz Bankçılıq üzrə ümumi aktivlərin həcmi 10.4 mlrd. ABŞ dollarına çatmışdır.

   Malayziyada isə Faizsiz Bankçılıq 1983-cü ildən meydana gəlmişdir. Bu ölkədə Faizsiz Bankçılıq üzrə fəaliyyət göstərən bütün müəssisələr əhaliyə və özəl sektora ümumilikdə 100 adda xidmət təklif edirlər. Qeyd edək ki, 2007-ci ilin statistik məlumatlarına əsasən Malayziyada bu növ fəaliyyət ölkə üzrə bankçılığın 12%-ni əhatə etməklə 65 mlrd. ABŞ dolları məbləğində aktivə malikdir. Bu ölkədə ənənəvi bankçılıq ilə faizsiz bankçılıq hər ikisi eyni şəraitdə fəaliyyət göstərir ki, bununla bağlı qanunvericilik bazasında təkmilləşdirmələr də aparılmışdır.

   Ümumilikdə isə qeyd edə bilərik ki, Faizsiz Bankçılıq 50 ilə yaxın bir dövrdə meydana gəlməsinə və formalaşmasına baxmayaraq artıq son dövrlər dünya maliyyə sistemində özünəməxsus yer tutmaqdadır.

   Fikrimizcə, Azərbaycanda sahibkarlığın inkişaf etdirildiyi bir dövrdə dünyada mövcud olan ən yaxşı iqtisadi təcrübələrdən istifadə edərək yeni maliyyə institutlarının ölkəmizdə tətbiqinə çalışmaq yaxşı olardı. Belə ki, sahibkarlığın hərtərəfli inkişafı qarşısında bir sıra problemlər dayanır ki, onlardan da ən əsası iqtisadi fəaliyyətə başlamaq üçün zəruri kapitalın çatışmazlığıdır. Bu baxımdan da real sektorda fəaliyyət göstərən sahibkarların xüsusilə də kiçik və orta sahibkarların  maliyyə təminatını həyata keçirmək üçün faizsiz maliyyə vəsaitlərinin xarici investitsiya mənbəyi kimi ölkəmizə cəlb olunmasına çalışılmalıdır. Bu məqsədlə ölkədə mövcud olan iqtisadi qanunvericilik faizsiz maliyyə sisteminin işləkliyinin təmini üçün təkmilləşdirilməli,instutsional islahatlar aparılmalı,təminat məsələləri həll olunmalıdır. Bununla yanaşı gələcəkdə bu tip institutları respublikamızda formalaşdıraraq əhalidə olan əmanətlərin toplanılaraq  iqtisadiyyata yönəldilməsi istiqamətində iş aparılmalıdır.

   Onu da qeyd edək ki, respublikamızda son dövrlər bu istiqamətdə İslam İnkişaf Bankının dəstəyi ilə bir sıra layihələr həyata keçirilməkdədir. Fikrimizcə, bu beynəlxalq maliyyə institutu ilə hökumətimiz arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq qanunvericilik bazasında zəruri islahatların aparılması, faizsiz bankçılığın institsional dayaqlarının formalaşdırılması sonda respublikamızda hər iki sistemə malik olan Bank sektorunun inkişaf edərək ölkənin maliyyə bazarında investitsiyaların həcminin artmasına və sahibkarlığın kapital təminatının güclənməsinə gətirib çıxaracaqdır.  

   Belə ki, Azərbaycanda mövcud olan maliyyə institutlarının təklif etdikləri maliyyə vəsaitlərinə çıxışla bağlı sahibkarların bir sıra problemləri mövcuddur. Bura yüksək faiz dərəcələrinin olmasını, ağır girov şərtlərini, kiçik məbləğdə vəsaitlərin verilməməsi və s. kimi çətinlikləri göstərmək olar. Amma, əvvəlcədən fiksə olunmuş faizlə kreditin verilməsi sahibkarların onu ödəmələrində dərin problemlər yaradır. Bu da sahibkarın götürdüyü vəsitdən gəlir əldə edib etməməsindən asılı olmayaraq verilmiş borcun üzərində qoyulmuş faizə uyğun vəsaiti ödəməsi ilə şərtlənir. Faizsiz maliyyə sistemində isə sahibkarlara təqdim olunan vəsaitlərə görə heç bir faiz ödənilmir. Burada birgə iş qurulur və hər iki tərəf formalaşdırılmış biznesin xeyirinə və ziyanına ortaq olur. Ümumiyyətlə, Azərbaycanda sahibkarlığın inkişafı baxımından faizsiz maliyyə sisteminin vəsaitindən istifadənin əhəmiyyətini aşağıdakı şəkildə sıralamaq olar:

-   muharaba yolu ilə avadanlığa ehtiyacı olan kiçik sahibkarlıq subyektlərinin asan yolla öz ehtiyaclarını ödəyə bilmələri;


-   Faizsiz bankçılığın mudaraba maliyyə aləti vasitəsilə gənc sahibkarların eilkin öz vəsaitləri olmadan belə mudaribin (bankın) maliyyə imkanlarından istifadə edərək  layihələrini reallaşdırmaq imkanları;


-   İcarə yolu (lisinq) ilə kənd təsərrüfatı, tikinti, nəqliyyat və s. texnikanı əldə edərək fərdi biznesini irəli aparmaq;


-   Biznesin uğursuzluğu zamanı sahibkar aldığı borca görə heç bir faiz ödəmədən yalnız cəlb etdiyi maliyyə vəsaitinin ümumi işə dəymiş ziyanın pay hesabına görə hissəsi çıxıldıqdan sonra qalan məbləği geri qaytarmaq asanlığı;


-  Gənclərin, təhsil alanların, yeni ailə quranların, şəxsi biznesə başlamaq üçün heç bir imkanı olmayanların heç bir faiz ödəmədən kiçik borcların alınması    imkanları və s. 


   Qeyd edək ki, ölkəmizdə bu növ maliyyə sisteminin tətbiqinin sürətlənməsi və ondan istifadə imkanlarının optimallaşdırılması istiqamətində özəl sektorun və yaxud da ayrıca bir bankın təkbaşına hərəkət etməsi istənilən səmərəliliyin əldə olunmasına imkan yaratmır. Bu baxımdan sözügedən sahədə dövlət orqanlarının, özəl sektorun və ictimai təsisatların birgə əməkdaşlığına böyük ehtiyac vardır. Bu ehtiyac cəmiyyətin əksər təbəqələrinin asan maliyyə mənbələrinə çıxışı, sosial təminatın yeni alətinin əldə olunması kimi zərurətdən tutmuş ölkə iqtisadiyyatının makro səviyyədə inkişafına yönəlmiş tədbirlərin potensialının artırılması istəyinə yönəlmiş dövlət marağına kimi geniş bir miqyası əhatə edir.

  Bu baxımdan biz faizsiz maliyyə üzrə mövcud olan problemləri və vəzifələri sektorlar üzrə bölüb aşağıdakı kimi xarakterizə edə bilərik:

Dövlət səviyyəli

Problemlər:

- İslam maliyyəsinin işləkliyinin tam şəkildə təmin edilməsi məqsədilə qanunvericiliyin sonadək formalaşmaması;

- Faizsiz maliyyə sahəsinin idarəolunması üzrə institusional sistemin yetərli olmaması;

Vəzifələr:

- Faizsiz maliyyə sisteminin hərəkətliyinin təmin olunması məqsədilə mövcud qanunverilikdə zəruri islahatların aparılmalı, institusional dayaqları tam formalaşdırılmalıdır.

Özəl sektor

Problemlər:

-          Maliyyə subyektlərində faizsiz kapital üzrə praktiki sistemin yoxluğu;

-          Bu sahədə məlumatsızlığın mövcudluğu;

-          Kadr çatışmazlığı;

-          Kapital bazarında faizsiz prinsiplərə uyğun resurs çatışmazlığı;

-          İslam maliyyəsi üzrə bazar əlaqələrinin zəifliyi və s.;

Vəzifələr:

-          Faizsiz maliyyə üzrə fəaliyyət barəsində marağın qabardılması;

-          Dövlət və ictimai sektorla qarşılıqlı əlaqənin gücləndirilməsi;

-          Faizsiz investiyalar üzrə daxili və xarici mənbələrlə əlaqələrin genişləndirilməsi;

-          Faizsiz maliyyə üzrə bilik və bacarıqlrın, müasir texnologiyaların öyrənilməsi və s.

İctimai təsisatlar və cəmiyyət

Problemlər:

-          Bu sahəyə marağın zəifliyi və ya ifadə edilməməsi;

-          Media tərəfindən faizsiz maliyyə üzrə çıxışlara maraq göstərilməməsi;

-          Təhsildə bu sahənin yetərincə öyrənilməməsi və bu ixtisasda kadrların hazırlanmaması;

-          Faizsiz maliyyənin Azərbaycanda tətbiqinin ictiamiyyələşməməsi və s.

Vəzifələr:

-          Təhsildə faizsiz maliyyə üzrə kadr hazırlığının təşkil olunması;

-          KİV-də mütəmadi olaraq ictimai maarifləndirmənin həyata keçirilməsi;

-          Faizsiz maliyyənin Azərbaycanda tətbiqi üzrə ictimaiyyətin məlumatlandırılması, sahibkarların, əhalinin bu vəsitlərə çıxışlarının formalaşdırılması üzrə işlərin aparılması o cümlədən hökumətlə əməkdaşlıq çərçivəsində bu sahənin inkişafı üzrə silsilə layihələrin icra olunması və s.

Qeyd edək ki, cəmiyyətin başlıca strukturları arasında səmərəli əməkdaşlığın formalaşdırılması əsasında ölkəmizdə faizsiz maliyyə sisteminin formalaşdırılmasına nail olunması sonda sahibkarlığın hərtərəfli inkişafına və rəqabətqabiliyyətliliyinin artmasına gətirib çıxaracaqdır. 


 “Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf prespektivləri” mövzusunda beynəlxalq simpoziumun məqalələr toplusu  25 sentyabr 2012

 Bütün müəllif hüqüqları qorunur.