Kollektiv danışıqların BMT-nin Qlobal Saziş prinsiplərinə uyğun aparılması effektiv funksiya daşıyır

17.11.2015

Birləşmiş Millətlər Təşkilatının Qlobal Saziş təşəbbüsü , dünyada təşkilatlar arasında  təcrübələri bölüşməyə, həmkarlar ittifaqları və digər qruplar ilə danışıqlar aparmağa imkan yaradır. Əsas qoyulan tələb təşkilatların  uzun müddət beynəlxalq səviyyədə  universal qayda olaraq,  qəbul edilən on prinsipi öz gündəlik təcrübələrinə daxil etmələri  və öz fəaliyyət dairələrinə uyğun şəkildə təbliğatını  həyata keçirmələridir. Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişini dəstəkləməklə iştirakçılar dörd sahədə (insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və korrupsiyaya qarşı mübarizə) təcrübələrini  beynəlxalq səviyyədə inkişaf etdirmək üçün istiqamətləndirir, təşkilatlar yerli  şəbəkənin  bir hissəsi olmağı seçərək , bu qloballaşmanı daha da ədalətli etməyə kömək edir. Bu yazıda məqsədimiz Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin dörd əmək prinsipinə daxil olan kollektiv danışıqların tanımasını dəstəkləməsi ilə bağlı məlumat vermək və bu prinsipi təcrübəyə tətbiq etməyin  yollarını başa salmaqdır. Hal-hazırda əmək münasibətlərinin tənzimlənməsində  kollektiv danışıqların aparılmasının və kollektiv  müqavilələrin rolu böyükdür.

Əmək münasibətlərində iştirak edən tərəflər arasında qarşılıqlı münasibətlərin nizamlanmasında, qaydaya salınmasında kollektiv danışıqlar və kollektiv  müqavilələr   üstünlük təşkil edir. Kollektiv danışıqlar aparmaq təşəbbüsünü  həmkarlar ittifaqları təşkilatları, əmək kollektivləri və işəgötürənlər  irəli sürür.  İrəli sürülmüş təşəbbüsə əsasən həmkarlar ittifaqları təşkilatları,  müəssisədə həmkarlar ittifaqları təşkilatları olmadıqda isə əmək kollektivinin ümumi yığıncağı kollektiv müqavilənin hazırlanması və bağlanması haqqında qərar qəbul edə bilər.  Kollektiv danışıqların aparılması - işəgötürənlərin və işçilərin müəyyən iş şəraitində münasibətləri barədə danışıqlar və müzakirələrin apardığı  könüllü bir prosesdir. Kollektiv danışıqların aparılması hər iki tərəfdən xoşməramlı və sərbəst şəkildə davranıldığı təqdirdə effektiv funksiya daşıya bilər.

Müəyyən nəticələrin əldə olunması üçün aşağıdakı faktorlara diqqət etmək lazımdır:  Razılığa gəlmək üçün cəhd göstərmək; Səmimi və konstruktiv danışıqlar aparmaq;  Əsaslandırılmamış gecikmələrin olmaması; Tamamlanmış razılaşmalara hörmətlə yanaşmaq və onları xoş məramla tətbiq etmək;  Tərəflərə kollektiv mübahisələrin müzakirə olunması və həll edilməsi üçün kifayət qədər vaxt vermək. Kollektiv  danışıqların aparılması prosesi  əvvəlki dövrü də əhatə edir: informasiyanın paylanılması, müzakirələr, birgə dəyərləndirmələr eləcə də kollektiv razılaşmaların icra edilməsi. Kollektiv müqavilələr bağlanmamışdan əvvəl kollektiv danışıqlar aparılır.

Kollektiv müqavilə dedikdə, işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatlarının arasında yazılı formada bağlanan elə bir müqavilə başa düşülür ki, bu müqavilə əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyir. Kollektiv müqavilə ilk dəfə XVI əsrin ortalarında İngiltərənin  toxuculuq, kömür və kimya sənayesi müəssisələrində bağlanmışdır. Azərbaycanda ayrı-ayrı müəssisələrdə kollektiv müqavilə tipində sazişlərin bağlanmasına 1903-cü ildə başlanmışdır. İlk kollektiv müqavilə isə Bakının neft sənayesinin fəhlələri ilə neft sənayeçiləri arasında 1904-cü ildə imzalanmışdır.

  BƏT-in "Təşkilat yaratmaq və kollektiv danışıqlar aparmaq hüququ prinsiplərinin tətbiqi haqqında" 98 №li Konvensiyasında qeyd edilir ki, əməkçilər əmək sahəsində birləşmək hüququna malikdirlər. Bu hüquqların sıxışdırılmasına və ya bu istiqamətə yönəldilmiş heç bir hərəkətə yol verilməməlidir. Qanunvericilik kollektiv müqavilənin tərəfi kimi həmkarlar ittifaqının və əmək kollektivlərinin hüquqlarının məhdudlaşdırılmasına yol vermir. Adıçəkilən konvensiyada kollektiv danışıqların aparılması hüququ təsbit edilsə də, bu, dövlət qulluqçularına şamil edilmirdi. Bu qurumla bağlı məsələlər, o cümlədən kollektiv danışıqların aparılması BƏT-in 151 №li "Dövlət qulluğunda əmək münasibətləri" adlı Konvensiyası ilə tənzimlənirdi. Sonradan iqtisadi həyatın bütün sahələrində kollektiv danışıqların aparılmasını təsbit edən "Kollektiv danışıqlara kömək göstərilməsi haqqında" 154 №li Konvensiya və eyni adlı 163 №li Tövsiyə qəbul edildi. Konvensiyada milli şəraitə uyğun gələn tədbirlərin görülməsi nəzərdə tutulur.  BƏT-in "Kollektiv danışıqlara kömək göstərilməsi haqqında" 154 nömrəli Konvensiyasında danışıqların aparılması qaydalarına və şərtlərinə əməl edilməsinə xüsusi diqqət yetirilir.

Burada qeyd edilir ki, danışıqlar hər iki tərəfin maraqlarını əhatə etməlidir. Bu zaman müəssisənin maliyyə, iqtisadi, istehsal və sosial xüsusiyyətləri də nəzərə alınmalı və göstərilən sahələrin inkişafına xidmət edən bütün şərtləri layihənin məzmununa daxil edilməsinə nail olmalıdır. Bazar iqtisadiyyatına keçid dövründə kollektiv müqavilə, əməyin şərtlərini, habelə müəssisənin işçiləri üçün əmək şəraitinin təmin edilməsi ilə sıx bağlı olan digər məsələləri müəyyən edən hüquqi sənəd kimi çıxış edir.Tərəflər kollektiv müqavilənin məzmununa aid məsələlərin seçilməsi və müzakirə edilməsində sərbəstdirlər. Kollektiv müqavilənin quruluş və məzmununu tərəflər müəyyən edir.

Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilir: Əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi; Məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri; Qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla, əmək haqqı miqdarının tənzimlənmə mexanizmi; İş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər; İşçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi; Qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması; Əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi; Əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi; İşçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi; Kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti və s.  

  BMT-nin Qlobal Sazişinin əmək prinsipləri əsas hüquqlarla əlaqəli minimum  standartlara əsaslanır. Kollektiv  davranış üçün gələcək planların daha dərindən anlaşılması məqsədilə bəyannamə və transmilli şirkətlər üçün Qlobal Sazişin əmək  prinsipləri ilə əlaqədar şərhləri və izahları müştərək davranış üçün etibarlı istinad rolunu oynayır. BMT-nin Qlobal Sazişin əmək prinsiplərinin tətbiqi, yüksək səviyyəli kollektiv danışıqların aparılması və müqavilələrin bağlanılması zamanı ilk növbədə, dövlətin iqtisadi qüdrətinin artırılması, əhalinin yaşayışının daha da yaxşılaşması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı, əhalinin gəlirlərinin artması və s. kimi məsələləri  ön planda tutmaq  vacib məsələlərdəndir