Biznesdə Qlobal Saziş Prinsipləri

26.10.2015


Müasir dövrdə biznesin rolu cəmiyyətin inkişafının bütün sahələrini əhatə etməkdədir. Artıq ən-ənəvi düşüncə sayılan - sahibkar yalnız mənfəət üçün çalışır - fikri öz mahiyyətini itirməkdədir. Yaxşı biznes, onu əhatə edən insan cəmiyyətinin, ekoloji aləmin qayğısına qalan və öz işgüzar fəaliyyətində sosial ədaləti gözləyən hesab olunur. 2006-cı ildən Qlobal Sazişlə əlaqəyə girən və 2011-ci ildə ölkəmizdə bu təşəbbüsün fəaliyyətini dəstəkləyən Azərbaycanlı iş adamları, elm və təhsil ocaqları, vətəndaş cəmiyyəti nümayəndələri  insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və korrupsiya əleyhinə mübarizədə BMT ilə yaxından əməkdaşlıq etməyə hazır olduqlarını iqrar etmişdilər. Bu gün artıq öz ətrafında 19-a yaxın qurumu birləşdirən Azərbaycan Qlobal Saziş Yerli Şəbəkəsi yeni yaranmasına baxmayaraq 10 prinsip üzrə bir sıra işlər görmüşdür. Amma, buna baxmayaraq biz yeni üzvlərin sıralarımıza qatılması ilə gələcəkdə daha çox uğurlar qazanacağımıza inanırıq. Sizə təqdim olunan buroşur da məhz yeni üzvlərin cəlb olunması üçün əyani vəsait kimi mühüm əhəmiyyətə malikdir. Burada təqdim olunan resurslar Qlobal Kompakt haqqında ətraflı məlumat almaqda sizə kömək olacaqdır. Biz sizi əməkdaşlığa dəvət etməklə təmsil etdiyiniz qurumun dünyanın 145 ölkəsindən olan 10 000-dən çox şəbəkə üzvləri ilə əlaqələrinin formalaşmasında, BMT-nin qurumları ilə yaxın əməkdaşlığın qurulmasında, Qlobal Saziş prinsiplərini, Davamlı İnkişaf Məqsədlərini biznesinizdə tətbiqinə öz dəstəyimizi təklif edirik. Azərbaycan Qlobal Saziş Şəbəkəsinin gücü onun üzvlərinin gücüdür.