“İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq toplantı keçirilmişdir.

19.02.2015

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə İktisadi Araştırmalar Merkezi (İKAME) və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi ilə birgə olaraq 19 fevral 2015-ci il tarixində Bakı şəhərində, Park İnn mehmanxanasında “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq toplantı keçirmişdilər. Tədbiri keçirməkdə məqsəd İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, ictimai xadimləri, investorları və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təkliflər toplamaq, innovativ fikirləri paylaşmaq, iştirakçıların təmsil olunduqları ölkələr üçün İslam maliyyəsinin tətbiqi sahəsində tövsiyələr hazırlamaqdan ibarətdir. Tədbirdə AMEA –nın İqtisadiyyat İnstitutunun direktoru i.e.d., prof. Nazim İmanov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Baki proqram koordinasiya ofisinin koordinatoru Mustafa Haşim Polad və İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri İ.f.d. Ruslan Atakişiyev ardıcıllıqla açılış nitqləri etmişdilər. Onlar XX əsrin ortalarından başlayaraq dünyada əsaslı inkişaf tempinə malik olan İslam maliyyəsi üzrə vəsaitlərin Azərbaycanda tətbiqinin genişləndirilməsinin əhəmiyyətindən danışmışlar. O, da vurğulanmışdır ki, İslam maliyyəsi bu gün 1,3 trlyn. ABŞ dolları həcmində dövriyyəyə malik olub dünyanın 75 ölkəsində 400-dən çox maliyyə təşkilatı tərəfindən idarə olunur. Azərbaycanda isə artıq 7-dən çox Bank, lizinq, mikrokredit təşkilatı tərəfindən İslam maliyyəsi üzrə işlər aprılır. Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Prof. Əvəz Bayramov ilə yanaşı xarici ölkələrdən Səudiyyə Ərəbistanından prof. Mohammad Aljarf, Umm Al-Qura Universitetinin İslam iqtisadiyyatı üzrə müəllimi,  Gürcüstandan prof. Merab Kakulia, Qafqaz İnkişaf Bankının müşahidə şurasının sədr müavini, Gürcüstan Dövlət İdarəçilik  İnstitutunun iqtisadiyyat üzrə professoru və başqaları məruzə ilə çıxış etmişdilər.