Ali Təhsildə Keyfiyyət Menecment Sisteminin Tətbiqi Problemləri

28.07.2013

Şahin Bayramov CABİR-Azərbaycan Məzunlar Şurasının sədri  qonaqları salamlayaraq qeyd etmişdir ki, CABİR-Azərbaycan Məzunlar Şurasının bu ilki iqtisadi tədbirlər silsiləsindən birincisi olaraq “Ali Təhsildə Keyfiyyət Menecment Sisteminin Tətbiqi Problemləri (ISO9001:2008)" mövzusu seçilmişdir. Bu tədbirin keçirilməsində məqsəd CABİR-in uzun illər akademik tərəfdaşı olan Azərbaycan Dövlət İqtisad Universitetinin «Keyfiyyəti İdarəetmə Sistemi» beynəlxalq sertifikatını alması və bu hadisənin ümumilikdə ölkəmizdə ali təhsilin inkişafı baxımından çox əlamətdar olmasıdır. CABİR hər zaman Azərbaycan cəmiyyəti üçün aktual olan mövzularda tədbirlər keçirir. Bu baxımdan ali təhsildə son dövrlər keyfiyyətli idarəetməyə keçid ölkəmizdə gənclərin yüksək təhsil alması baxımından mühüm hadisə kimi qeyd olunur. O, sözünə davam edərək bildirdi ki, 13 iyun 2012-ci il tarixində ADİU Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 9001:2008 «Keyfiyyəti İdarəetmə Sistemi» beynəlxalq sertifikatını almışdır. Türk Standartları Enstitüsü ilə sıx əlaqələrin mövcudluğunu söyləyən Ş.Bayramov diqqətə çatdırmışdır ki, ilk dəfə“Keyfiyyəti İdarəetmə Sistemi” Beynəlxalq sertifikatının bu universitetə verilməsi ADİU və Türk Standartları İnstitutu arasında imzalanmış müqavilə əsasında 6 ay davam edən layihə çərçivəsində həyata keçirilmişdir. Layihə çərçivəsində ADİU-nun 19 əməkdaşına ISO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə fərdi təlim kursları keçirilmiş və onlara TSE-nin sertifikatları verilmişdir. Bu isə ISO-nun keyfiyyət standartlarının universitetdə daha geniş tətbiq olunmasının zəruri kadr təminatını təşkil edəcəkdir. Sonra O, iştirakçıları tədbirin proqramı və məruzçilərlə tanış edərək hamını müzakirələrdə aktiv olmağa dəvət etdi.

  "İqtisadi Resurslarınıın Öyrənilməsi Mərkəzi"nin sədri  Ruslan Atakişiyev iştirakçıları salamlayaraq CABİR-Azərbaycan Məzunlar Şurasının fəaliyyəti, yaranması, məqsədləri, missiyası, indiyə kimi həyata keçirilmiş beynəlxalq tədbirlər barəsində ətraflı məlumat verdi. Bundan sonra O, CABİR-in saytı haqqında iştirakçılara məlumat verərək daha ətraflı məlumat almaları üçün ora müraciət etmələrini xahiş etdi. Sonra O, özünün CABİR ailəsinə qoşulmasının tarixi ilə bağlı maraqlı təəssüratlarını bölüşdü. Bununla yanaşı CABİR bu günki inkişafı, institutlaşma istiqamətindəki görülən işlərlə bağlı iştirakçılara məlumat verdi. Sonda O, tədbirin məhsuldar keçməsi üçün hamını aktiv olmağa dəvət etdi.

  ADİU-nin ISO 9001:2008 Keydiyyəti İdarəetmə Sistemi üzrə baş auditoru Həmid Həmidov bildirmişdir ki, Beynəlxalq Standartlaşdırma Təşkilatı 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının standartların koordinasiya komitəsinin qərarı ilə yaradılmışdır. ISO BMT-nin tərkibində məşvərətçi statusa malik olan təşkilatdır və nizamnaməsində bəyan edən əsas məqsədi dünya miqyasında standatrlaşdırma sahəsinə yardım edilən, intellektual, elmin – texniki və iqtisadi sahələrdə əməkdaşlığın inkişafına kömək göstərməsinə çalışır. Təşkilat tərəfindən ilk standart 1951-ci ildə qəbul edilmişdir. Bu günə qədər hazırlanmış və qəbul edilmiş ISO 9000, İSO / TS 16949, ISO 14000, OHSAS 18001, ISO 22000 və ISO 27001 standatrları dünyada ən çox istifadə olunan standartlardır. ISO beynəlxalq standatrlarının inkişafı əsasən iki istiqamətdə gedir: keyfiyyət menecment sistemləri istiqamətində və bunların əsasında ayrı-ayrı sənaye sahələrində uyğunlaşdırılmış tələblər istiqamətində. Məruzəçi qeyd etmişdir ki, respublikamız 2003-cü il iyunun 1-dən dünyanın ən nüfuzlu təşkilatlarından biri olan Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tam hüquqlu üzvü seçilmişdir. Azərbaycanda da bir sıra müəssisələr ISO seriyalı beynəlxalq standartları (ISO 9000 – keyfiyyətin idarə edilməsi, ISO 14000 - ətraf mühitin mühafizəsi, OHSAS 18001 - əməyin mühafizəsi və təhlükəsizliyi) tətbiq etməklə müvafiq sertifikatlara malikdirlər. Bu gün ISO-nun tərkibinə 162 ölkənin öz milli standartları üzrə təşkilatları daxildir. ISO-nun tərkibində 80-dən çox komitə - üzvlər var. Üzv – abonent dərəcəsi inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulub. Komitə üzvlərinin ISO-nun texniki komitəsinin istənilən işində iştirak etmək hüququ var, yəni standartlar üzrə layihələrdə səs verə bilər, ISO-nun şurasının tərkibinə seçilə bilər və baş assambleyasının iclasında təmsilçi kimi iştirak edə bilər. ISO 9000- keyfiyyət, ISO 14000 - ətraf mühitin mühafizəsi, OHSAS 18001 - əməyin mühafizəsi və təhlükəsizliyi seriyalı beynəlxalq idarəetmə sistemlərinin müəssisədə qurulması və tətbiq edilməsi üçün tələb olunan sənədləşməyə rəhbərliyin bu sahədəki siyasəti və əsas məqsədlərinin sənədləşdirilmiş bəyanatı, hər üç standartın idarə edilməsi sisteminə rəhbəredici sənədlərin hazırlanması, öz proseslərinin effektiv planlaşdırılmasının, tətbiqinin təmin edilməsi üçün müəssisəyə lazım olan sənədlər, o cümlədən bu standartlar tərəfindən tələb olunan qeydlərin aparılması tələb olunur. Hər bir standartla bağlı bu sənədlərin ayrı-ayrılıqda tərtib edilməsi, düzgün icrası və təkmilləşdirmə ehtiyacları haqqında rəhbərliyə hesabat vermək, müştəri tələbləri barədə məlumatlandırmanı təmin etmək üçün müvafiq standart barədə lazımi bilik və bacarığa malik olan rəhbərlik nümayəndəsi kimi fəaliyyət göstərə bilən kadrlara ehtiyac vardır. Aydın məsələdir ki, hər bir standart üçün sənədləşmə prosesinin istər elektron variantda, istərsə də kağız variantında tərtib edilməsi izafi vaxt, enerji, kağız, digər ləvazimatlar və maliyyə sərfinə səbəb olur ki, bu da son nəticədə həm əməyin mühafizəsi və təhlükəsizliyi, həm də ətraf mühitin mühafizəsi baxımından birbaşa və yaxud dolayısı ilə insanların sağlamlığına mənfi təsirini göstərir. Ümumiyyətlə, mövcud qaydalara görə beynəlxalq standartın tətbiqi bütün müəssisələr üçün məcburi xarakter daşımasa da, istər daxili bazarda, istərsə də dünya bazarında rəqabətlik qabiliyyətinə davam gətirmək üçün standartların tətbiqi mütləqdir. Müəssisələrin fəaliyyəti, ətraf mühitin mühafizəsinin təmin edilməsi, ümumiyyətlə, dünyanın mövcudluğunun zəruriliyi belə insanın fəaliyyəti, insan faktoru ilə əlaqədardır. Hər bir fəaliyyət insanın yaxşı, təhlükəsiz yaşamasına və daima inkişaf etməsinə xidmət etməlidir. Yəni istənlilən bir müəssisə fəaliyyətində yalnız öz infrastrukturunu deyil, bütün bəşəriyyətə müəyyən dərəcədə müsbət və yaxud mənfi təsir göstərir.

  ADİU-nun Karyera Mərkəzinin direktoru Fuad Əliyev öz çıxışında qeyd etmişdir ki, ISO 9001:2008 standartının universitetdə tətbiqi struktur bölmələri üzrə ölçüləbilən keyfiyyət hədəflərinin təyin olunmasını, onların qiymətləndirilməsinin asanlaşdırılması, sənədləşmənin beynəlxalq standartlara uygunlaşdırılmasını və təhsil sistemində beynəlxalq təcrübəni tətbiq etməklə yüksək imicin formalaşmasını təmin etməsi baxımından əhəmiyyət kəsb etməkdədir. Standartın universitetimizdə tətbiq edilməsi üzrə tədbirlər planı isə əsasən üç istiqamətdə - maarifləndirmə istiqamətində, kargüzarlıq sisteminin təşkili istiqamətində və fəaliyyətlərin icrası həyata keçirilməsi nəzərdə tutulmuşdur. 20-21 iyun 2013-cü il tarixlərində ADİU-da keçirilən auditdə ISO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemi”nin prosedurları, təlimatları və standartları ilə əlaqədar sənədlərə və qeydlərə baxılmış və onların ADİU-da icra səviyyəsi yoxlanılmış və Türk Standarları Enstitüsünün (TSE) Azərbaycandakı nümayəndələri ADİU-da bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək universitetdə olan idarəetmə sisteminin, tədris prosesinin təşkilini müasir tələblərə və standartlara uyğun olduğunu xüsusi olaraq qeyd etmişdir. Rektorun əmrinə müvafiq olaraq 18 Aprel - 06 May tarixlərində universitetdə 28 struktur vahidi üzrə daxili audit keçirilmişdir. Daxili auditdə audit sertifikatı olan işçi qrupunun üzvlərindən 18 nəfər iştirak etmişdir. Daxili audit əsasən universitetin fakültələri, şöbələri və mərkəzləri üzrə aparılmışdır. Fakültələr üzrə tədris prosesində istifadə edilən sənədlərin, hesabat formalarının, tədris proqramlarının, tədris zamanı rəhbər tutulan qanun və təlimatların, imtahanın keçirilməsi qaydalarının və istifadə edilən formaların standartın tələblərinə uyğunlaşdırılmasının və siyahıya alınmasının vəziyyəti araşdırılmışdır. Şöbə və mərkəzlər üzrə isə struktur vahidləri üzrə əsasnamələrin, cari il üzrə fəaliyyət planının, fəaliyyəti tənzimləyən proseslərin təsviri, metodiki göstərişlərin, təlimatların və istifadə olunan formaların standartın tələblərinə uyğunlaşdırılmasının və siyahıya alınmasının vəziyyəti araşdırılmışdır. ISO 9001:2008 standartının universitetdə tətbiqinin inkişaf perspektivlərinə gəlincə məruzəçi elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, lokal normativ-hüquqi bazanın sistemləşdirilməsi və təkmilləşdirilməsi, tələbə özünüidarə sisteminin universitetin ümumi idarə edilməsində geniş iştirakının təmin edilməsi və idarəetmə sisteminin demokratikləşdirilməsi və optimallaşdırılması baxımından mühüm rol oynayacağını qeyd etmişdir.

 Suallar:

Ramin Bayramov – Əmrahbank ASC-nin Gənclik filialının direktoru: Sual 1: ISO 14000 və OHSAS 18001 beynəlxalq idarəetmə sistemi hansı sahədə tətbiq edilir?

Cavab: Həmid Həmidov bildirmişdir ki, ISO 14000 ətraf mühit menecment sistemi üçün beynəlxalq standartlar silsiləsidir. Bu standartın məqsədi müəssisəyə ətraf mühitin qorunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məsələləri ilə bağlı köməklik etməkdir. ISO 14001 sertifikatı ilə təsdiqlənmə daha geniş surətdə istehlakçılar tərəfindən, xüsusi ilə də Avropa istehlakçıları tərəfindən tələb edilməkdədir. OHSAS 18001 sistemi, təşkilatın peşə təhlükəsizliyi menecment sisteminin əsas məqsədi etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq və yüksək səviyyəli iş təhlükəsizliyini təmin etməkdir. Peşə təhlükəsizliyi üçün ən mühüm prinsip və tələblər sağlamlıq və təhlükəsizliklə bağlı qanunvericiliklə öz əksini tapmış məcburi tələblərdən ibarətdir.

  Nicat Xalıyev – Coca-Cola Bottlers Azerbaijan şirkətinin əməkdaşı Sual 2: ISO-nun tərkib hissələri haqqında qısa məlumat verməyinizi xahiş edirəm?  Cavab: Fuad Əliyev qeyd etmişdir ki, Bu gün ISO-nun tərkibinə 162 ölkənin öz milli standartları üzrə təşkilatlar daxildir. ISO-nun tərkibində 80-dən çox komitə-üzvlər var. Üzv-abonent dərəcəsi inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulub. Komitə üzvlərinin ISO-nun texniki komitəsinin istənilən işində iştirak etmək hüququ var, yəni standartlar üzrə layihələrdə səs verə bilər, ISO-nun şurasının tərkibinə seçilə bilər və baş assamleyasının iclasında təmsilçi kimi iştirak edə bilər.

  Məmmədova Ülkər, Qala Sığorta şırkətinin meneceri Sual 3: Universitetinizdə fəaliyyətlərin icrası istiqamətində hansı işlər görülməkdədir? Həmid Həmidov bildirmişdir ki, Universitetimizdə icra olunan, dəyişdirilən və yeni tərtib olunan sənədlərin “Sənədlərə nəzarət prosedurası” na uygun olaraq sənədləşdirilməsi, sistemin icrası ilə əlaqədar qeydlərin siyahısının tərtib olunması, illik audit planının, qrafikinin tərtibi və məsul şəxslərin təyin olunması, daxili auditin keçirilməsi ilə əlaqədar sənədləşmələr (xəbərdarlıq formaları, auditin fəaliyyət planı, sualları, daxili audit hesabatları, uyğunsuzluqlar, qabaqlayıcı fəaliyyətlər, düzəldici-qabaqlayıcı fəaliyyətlərin qeydiyyatı və s.), performans göstəriciləri üzrə hesabatlarının hazırlanması və eləcədə “Sistemin rəhbərlik tərəfindən təhlili” iclasının keçirilməsi və nəticələrin sənədləşdirilməsi kimi işlər görülür və bu işlərə mütəmadi nəzarət edilir.