Davamlı İnkişaf Məqsədləri- Azərbaycanda Milli Məsləhətləşmələr

27.05.2013

Dünyanın bir çox ölkələrində BMT və onun qurumları tərəfindən Minilliyin İnkişaf Məqsədlərinin (MİM) (ifrat yoxsulluğu və aclığı aradan qaldırmaq, ümümi ibtidai təhsilə nail olmaq, gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək, uşaq ölümü hallarını azaltmaq, ana sağlamlığını yaxşılaşdırmaq, HİV/AİDS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq, ətraf mühitin davamlılığını təmin etmək, inkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirmək) növbəti dövr üçün prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri bugün  27 may 2013-cü il tarixində  Dünya Bankı Bakı ofisi və İqtisadi Resursların Öyrənilməsi Mərkəziylə birgə “Davamlı İnkişaf Məqsədləri- Azərbaycanda Milli Məsləhətləşmələr” mövzusunda seminarı Park -İNN otelinin “Nəsimi” zalında  baş tutmuşdur.Tədbir İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri  iqtisad üzrə fəlfəsə doktoru Ruslan Atakişiyevin açılış çıxışı ilə başlamışdır. Tədbirdə həmçinin Larisa Leşçenko Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek də çıxış etmişdirlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və innovsiyalar üzrə prorektoru i.e.d. prof. Əvəz Bayramovun  “Yoxsulluq fenomeni: paradiqmal yeniləşmənin konseptual istiqamətləri”,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmin təşkili şöbəsinin müdiri Dos. Rəcəb Rəhimlinin ” Davamlı inkişaf prinsiplərinin dövlət siyasəti və proqramlarına daxil edilməsi” məruzələri tədbir iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.

Bildiyimiz kimi Minilliyin İnkişafı Məqsədləri (MİM) çərçivəsində dünya ictimaiyyəti qarşısında yoxsulluq və aclığın miqyasının iki dəfə azaldılması, iqlim dəyişikliklərinin aradan qaldırılması, xəstəliklərlə mübarizənin aparılması, təmiz suyun və sanitariyanın formalaşdırılması ilə bağlı problemlərin həlli, təhsil sahəsində yeniliklərin genişləndirilməsi, qız və qadınlar üçün yeni imkanların yaradılması kimi 8 ambisiyalı məqsəd qoyulmuşdur. 2012-ci ilin iyun ayında BMT tərəfindən keçirilən Rio+20 konfransında 2015-ci ildən etibarən MİM-lərə daha səmərəli şəkildə çatmaq üçün yeni prioritetlərin müəyyənləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edək ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin bütün meyarlarına uğurla cavab vermiş və buna görə də 2015-ci ildən sonrakı dövrü əhatə edəcək Davamlı İnkişaf Məqsədlərinin hazırlanması üçün pilot ölkələrdən biri kimi seçilmişdir