Ruslan Atakişiyev: "QHT sektorunun vəziyyəti lazımi səviyyədə deyil"

21.06.2012

Ruslan Atakişiyev: «Yerli QHT-lərin əksəriyyətində layihələrin hazırlanması, icra edilməsi, hesabatların tərtibi standartlara tam cavab vermir»

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verən QHT-lərdən biri də İqtisadi Resursların Öyrənilməsi Mərkəzidir (İRÖM). İndiyədək bir çox əhəmiyyətli layihələr həyata keçirən təşkilat iqtisadi resursların öyrənilməsi istiqamətində fəaliyətini uğurla davam etdirir. Birliklə daha yaxından tanış olmaq üçün təşkilatın sədri Ruslan Atakişiyevlə həmsöhbət olduq.

 


- Neçənci ildən fəaliyyət göstərirsiniz?
- Təşkilatımız 2010-cu ilin fevralın ayından fəaliyyətə başlayıb.


- Neçənci ildə qeydiyyatdan keçdiniz? Qeydiyyatla bağlı probleminiz oldumu?
- Yox, dövlət qeydiyyatından keçəndə heç bir problem yaşamadıq. Qanunvericiliyə uyğun nizamnamə hazırladıq və sənədlərimizi Ədliyyə Hazirliyinə göndərdik. Hüquqi prosedurlardan sonra İqtisadi Resursların Öyrənilməsi Mərkəzi qeydiyyata alındı.


- Fəaliyyət istiqamətiniz nədən ibarətdir?
- Təşkilatımızın məqsədinə və məramına uyğun olaraq bir neçə istiqamətdə fəaliyyət göstəririk. Sonra İqtisadi Resursların Öyrənilməsi Mərkəzi Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb olunması, səhmdar cəmiyyətlərində korporativ idarəetmə, beynəlxalq mühasibat uçotu standartları, milli mühasibat uçotu standartları, beynəlxalq və regional iqtisadi təşkilatlarla əməkdaşlıq, korporativ sosial məsuliyyət, Azərbaycanda insan kapitalının inkişafı, əhalinin sosial təminatı, sahibkarlığın inkişafı, ərzaq təhlükəsizliyi, regionların sosial-iqtisadi inkişafı, faizsiz maliyyə bankçılığı, sığorta və lizinq kimi fəaliyyətlərlə məşğuldur.


- Hansı işləri görürsünüz?
- İqtisadi sahədə layihələr həyata keçiririk, gənclərə təlimlər keçirik, tədqiqatlar aparırıq, özəl sektora məsləhətlər veririk, kitablar, broşürlər, bukletlər nəşr edirik, mediada çıxış edirik.


- İndiyədək hansı uğurlu layihələriniz olub?
- Digər fəal QHT-lər kimi, bizim də həyata keçirdiyimiz bir çox layihələr olub. Mən «Ali təhsildə qiymətqoyma metodunun təkmilləşdirilməsi», «Faizsiz bankçılıq və İslam İnkişaf Bankı haqqında nə bilirik?», «Daimi inkişaf seminarları, «Turizm biznesində təbii resurslardan səmərəli istifadə olunması yolu ilə təbii abidələrin qorunması», «İqtisadi islahatlara dair dialoqun qurulması» və «Sosial problemlərin həllində sahibkarlıq subyektlərinin rolu» layihələrini həyata keçirmişik. Hazırda da üzərində çalışdığımız layihələr var.


- İqtisadi resursları necə öyrənirsiniz?
- Müasir tədqiqat üsullarına müraciət edirik. Məsələn, iqtisadi resursları materialların toplanması, sorğu, foks-qruplarda görüş, masaüstü araşdırma, analiz-sintez, deduksiya-induksiya, nəticə və təkliflər kimi üsullarla öyrənir və araşdırma aparırıq.


- İqtisadi resursların öyrənilməsi nə üçün lazımdır?
- Bu sahənin öyrənilməsi və araşdırılması mühüm işlərdən biridir. Ən başlıcası isə resurslardan qənaətlə istifadə etmək üçün önəmlidir.


- İqtisadi resursların öyrənilməsində QHT-lərin hansı rolu var?
- QHT-lər ictimai fəaliyyətlə məşğul olan qurumlardır. Odur ki, bizim bu istiqamət üzrə çalışmalarımız da ictimai dəstək məqsədi daşıyır.


- Sizcə, iqtisadi resursların öyrənilməməsi cəmiyyətə və iqtisadiyyatımıza necə təsir göstərir?
- Bir az əvvəl də qeyd etdiyim kimi, iqtisadi resursların öyrənilməsi onlardan səmərəli istifadəni də təmin edir. İstismar edilən resurslar haqqında ətraflı məlumat olmalıdır. Resursların öyrənilməsi onlardan düzgün və faydalı istifadə olunmasına və əhalinin rifah halının yaxşılaşdırılmasına nail olmağa təsir göstərir. Odur ki, bu sahənin öyrənilməməsi qeyd etdiyim istiqamətlər üzrə inkişafa mənfi təsir göstərər.


- Sizcə, cəmiyyət olaraq bütün iqtisadi resurslarımızı tanıyırıqmı?
- Təəssüflə qeyd etməliyəm ki, tanımırıq. Əlbəttə ki, bu sahə üzrə mütəxəssislərin məlumatı var. Amma əgər söhbət ictimaiyyətdən gedirsə, cəmiyyətin yetərincə məlumatlı olduğunu deyə bilmərəm.


- Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını necə dəyərləndirərdiniz?
- Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına can atan ölkədir. Hazırkı vəziyyəti orta səviyyədə qiymətləndirərdim.


- Sizcə, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında əsas hansı amillər rol oynayır?
- QHT-lərin maddi təminatı, ofislə təchizatı, ictimai sektorda işləmək üzrə biliklərinin artırılması (fandreyzinq, layihə menecmenti, maliyyə menecmenti, PR işi və s.).


- Bəs QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında hansı rolu var?
- Bütün QHT-lərin fəaliyyət predmeti ilk növbədə vətəndaş cəmiyyətinin inkişafıdır. Onlar bunun üçün fəaliyyət göstərirlər. Azərbaycan baxımından bu rolun yetərli olmadığının şahidi olsaq da, beynəlxalq səviyyədə QHT-lər bir çox ölkə miqyaslı qərarların alınmasında həlledici rola malikdirlər.


- Azərbaycan QHT-ləri vətəndaş cəmiyyətinin inkişafında nə dərəcədə maraqlıdır?
- Qeyd etdiyim kimi, bütün dünyada QHT-lərin fəaliyyət predmeti vətəndaş cəmiyyətinin inkişafı kimi tanınıb. Azərbaycanda isə bir sıra QHT-lər hələ də bunu dərk etmir və ya dərk etmək istəmirlər. Əldə olunan vəsaitlərin istiqaməti üzrə xərclənməməsi, layihə hesabatlarında yalan məlumatların qeyd olunması, layihələrin icrasının qeyri-şəffaf həyata keçirilməsi onu göstərir ki, ölkəmizdə QHT sektorunun vəziyyəti və ümumilikdə vətəndaş cəmiyyətinə baxış lazımi səviyyədə deyil.


- Azərbaycan QHT-lərinin fəaliyyətini necə dəyərləndirərdiniz?
- Azərbaycanda QHT ənənələri yeni inkişaf edir. Bu baxımdan ölkədəki QHT-lərin fəaliyyətində çatışmazlıqlar çoxdur. Ümumi götürdükdə yerli QHT-lərin əksəriyyətində layihələrin hazırlanması, icra edilməsi, hesabatların tərtib edilməsi standartlara tam cavab vermir. Bəzən idarəçilərin neqativ keyfiyyətləri də ölkə QHT-lərin imicinə böyük xələl gətirir.


- QHT olaraq bütün layihələrinizi və məqsədlərinizi həyata keçirə bilirsiniz?
- Bizdən asılı olmayan səbəblərdən bu yöndə müəyyən çətinliklərimiz olur. Ölkə vətəndaşları arasında hələ də QHT anlayışı tam olaraq formalaşmayıb. Bu da müxtəlif informasiyaların əldə edilməsində, vətəndaşların, müəssisələrin layihələrə cəlbində əngəllər yaradır.


- Fəaliyyətinizdə qanun məhdudiyyəti ilə qarşılaşırsınız?
- Xeyr, bizim fəaliyyətimizdə və praktikamızda belə hallar olmayıb.


- Qanunlarımız QHT-lərin fəaliyyətini yetərincə təmin edirmi?
- Onu deyə bilərəm ki, bu sahədə xeyli islahatlara ehtiyac var.


- Təşkilatınızın üzvləri kimlərdir?
- Könüllü olaraq təşkilatımızda fəaliyyət göstərən şəxslərdir. Sıralarında professor və elmlər doktoru Əvəz Bayramov, fəlsəfə elmləri doktoru Hüseyn Hümbətov, dossent, fəlsəfə elmləri doktoru Nazim Hacıyev də var.


- Sizcə, vətəndaşlarımız QHT-lərdə təmsil olunmaqda maraqlı və həvəslidirlərmi?
- Bütün yaş qruplarından vətəndaşları götürdükdə QHT sektoruna marağın kifayət qədər böyük olmadığını görmək olar.


- Gənclərlə və tələbələrlə əməkdaşlıqlarınız var?
- İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin idarəçiliyində tələbələr aktiv iştirak edir. Mərkəzin PR meneceri və xarici əlaqələr meneceri, həmçinin könüllülərinin böyük əksəriyyəti hazırda tələbədir.


- Sizcə, gənclərimiz və tələbələrimiz ictimai fəaliyyətə nə dərcədə maraq göstərirlər?
- Sosial sferada aktivlik sərgiləyən gənclərimiz çoxdur. Ancaq bu sahədəki vəziyyəti qənaətbəxş saymaq olmaz. İctimai fəaliyyət, sosial fəallıq insanın daxilində olmalıdır və QHT-lərdə təmsil olunmadan da cəmiyyətə yararlı olmaq üçün müəyyən işlər görülməlidir.


- Regionlarda nümayəndəlikləriniz var?
- Təşkilatımızın hələlik regionlarda nümayəndəlikləri yoxdur. Fəaliyyətlərimizi daha da genişləndirdikdən sonra bu barədə fikirləşə bilərik.


- QHT olaraq fəaliyyətinizdə əsas hansı çətinlikləriniz var?
- Bizim də QHT olaraq müəyyən çətinliklərimiz olur. Məsələn, peşəkar kadrların cəlb olunması, maliyyə resurslarının qıtlığı və s. Lakin zamanla bu problemləri də aradan qaldırmağa çalışırıq.


- Vətəndaşları üzvlüyə necə cəlb edirsiniz?
- Onları Azərbaycan qanunvericiliyi çərçivəsində könüllülük müqaviləsi bağlamaq yolu ilə üzvlüyə cəlb edirik.


- Başqa QHT-lərlə də əməkdaşlıqlarınız var?
- Bəli. Bir çox fəal təşkilatlarla əməkdaşlığımız var. Mən onlardan İqtisadi və Sosial İnkişaf Mərkəzinin, Milli QHT Forumunun, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun, Gəncliyə Yardım Fondunun, İqtisadi Tədqiqatlar Mərkəzinin, Keyfiyyət Assosiasiyasının, Xalça Dünyası Assosiasiyasının, İdrak İctimai Birliyinin, Azad İqtisadiyyata Yardım Mərkəzinin, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin, Gənc Sahibkarlar İctimai Birliyinin, Himayədar İctimai Birliyinin, SOS Uşaq Kəndləri Assosiasiyasının, Miras Tarixi Öyrənmə Mərkəzinin, Azad İstehlakçılar Birliyinin, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin adını çəkə bilərəm.


- Fəal QHT olmaq üçün nə lazımdır?
- Hər bir QHT fəal olmağa və ölkədə vətəndaş cəmiyyətinin inkişafında faydalı olmağa çalışmalıdır. Buna nail olmaq üçün ictimai proseslərdə yaxından iştirak etmək lazımdır. Cəmiyyətin problemlərini mütəmadi olaraq araşdırıb yeni layihələr hazırlamalı və onların həyata keçirilməsinə çalışılmalıdır.



Real Cəfərli

"Xalq Cəbhəsi" qəzeti, 20.06.2012 sayı 


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi «Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu prosesi və dünyəvi dövlətçilik prinsiplərinin təbliği» layihəsi çərçivəsində təqdim olunur.


http://www.xalqcebhesi.az/?p=102778