Avro Azərbaycanın Avropa ilə müqavilələrini bahalaşdıra bilər

08.06.2012

Məlum olduğu kimi Avrozonada baş verən iqtisadi böhran Avropa valyutasının dəyərinə də təsirsiz ötüşmür. Belə ki, son günlər avronun məzənnəsi digər pul valyutalarına nisbətən kəskin şəkildə aşağı düşməkdə davam edir. Xüsusilə dollara nisbətən mövqeyini itirən avronun manatla müqayisədə məzənnəsi azalmaqdadır. Avropa valyutasının dəyərinin aşağı düşməsini iqtisadçı - ekspert Ruslan Atakişiyev müxtəlif səbəblərlə izah edir.

O bildirir ki, son dövrlər avronun dəyərdən düşməsi onun, ilk növbədə, beynəlxalq səviyyədə dolların qarşısında məzənnə itkisinə məruz qalması ilə özünü qabarıq büruzə verir: "Dünya səviyyəli tanınmış milyarder Corc Sorosun Avropanın artıq islahatların aparılması üçün 3 ay vaxtı qalıbdır kimi fikir irəli sürməsi psixoloji olaraq maliyyə bazarında əməliyyatlara təsir edir. Yəni, dolların mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır. Həmçinin ABŞ prezidenti Barak Obamanın da "Avropada baş verən proseslər ABŞ iqtisadiyyatına kölgə təsiri buraxır” kimi fikirləri, eləcə də Avropa Birliyində baş verən proseslər avronun getdikcə dəyərdən düşməsinə gətirir. Digər tərəfdən Avropada avronun kəskin şəkildə düşməsinin nəticəsində əmanətçilər öz əmanətlərini banklardan çıxarmağa çalışırlar. Bu da bəzi ölkələrdə kütləvi hal alır ki, istər -istəməz bank sektorunun stabil fəaliyyətinə mənfi təsir göstərir”.

Ekspert avronun aşağı düşməsilə Azərbaycanda bəzi problemlərin yaşanacağını bildirir: "Bu gün bununla yanaşı Azərbaycanın xarici banklarda saxlanılan 40 milyard dollardan çox valyuta ehtiyatları var. Bunların da bir hissəsi avro ilə saxlanılır. Ona görə də avronun kəskin şəkildə dünya bazarında düşməsi yenidən həmin o ehtiyatların digər valyutalara çevrilməsi məsələsini aktuallaşdıra bilər. Çünki, avroda saxlanılan ehtiyatlarımız dəyərdən düşür ki, bu da ölkəmizin maliyyə itkisi ilə üzləşməsinə səbəb olur. Bundan başqa, Avropa Birliyində fəaliyyət göstərən investisiya şirkətləri Azərbaycan şirkətləri ilə beynəlxalq səviyyəli müvaqilələr bağlayıb. Bu müvaqilələrin əksəriyyəti də avro ilə hesablanıb. Avronun belə kəskin şəkildə düşməsi həmin o müqavilələrə yenidən baxılmasına, həmin layihələrin yenidən dəyərləndirilməsinə və onların da bahalaşmasına gətirib çıxara bilər”.

İqtisadçı onu da əlavə etdi ki, avro məzənnəsinin kəskin şəkildə aşağı düşməsi nəticəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan sərt pul-kredit siyasəti əmanətçilər arasında psixoloji gərginliyin yaranmasına imkan vermir: "Burada tənzimləyici siyasət, yəni sərt pul-kredit siyasəti həyata keçirilir. Bu da Azərbaycan daxilində avronun manata nisbətən kəskin düşməsinin qarşısını alır”.


Ruslan Atakişiyev qabaqlayıcı addımlar kimi bu istiqamətdə, xüsusən də əmanətçilər arasında bəzi işlərin aparılmasını vurğulayır: "KİV - in üzərinə də böyük iş düşür ki, onlar əhali arasında avronun Azərbaycanda kəskin şəkildə düşməyəcəyi ilə bağlı proqnozlara üstünlük verməlidirlər».

Digər ekspert Qubad İbadoğlu isə avronun ucuzlaşmasında əsas təsirin həm idxal-ixrac, həm də bütövlükdə depozitlərə qoyulan əmanətlərdə yerləşdirilən vəsaitlərlə bağlı olacağını bildirir:"Azərbaycanda kimlərsə avro ilə depozitlər qoyubsa, bilməlidirlər ki, yaxın perspektivdə avroda olan əmanətlər dəyərsizləşəcək. Bu, son nəticədə avro məzənnəsinin aşağı düşməsi səbəbindən avroda olan əmanətlərin alıcılıq qabiliyyətinin, dəyərinin azalmasını şərtləndirəcək.


Mübariz Bayramov

"Mövqe" qəzeti

08.06.2012 sayı