Ruslan Atakişiyev: “Ən öndə gələn səbəblərdən biri fermerlərin bazara çıxış imkanlarının zəif olmasıdır”

06.06.2012

 

Bazarlara nəzər saldıqda ölkə daxilində istehsal olunan məhsulların qiymətləri ilə idxal olunan məhsulların qiymətləri arasında böyük fərqlər müşahidə olunur. Bunu əsasən kənd təsərrüfatı və digər növ qida məhsullarının qiymətlərinə şamil etmək olar. Bu fərq idxal olunan məhsulun qiymətinin aşağı olması ilə qeydə alınır. Daxili istehsalatda bahalaşmanı ekspertlər müxtəlif cür izah etməyə çalışırlar.


İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev xaricdən idxal olunan məhsulların yerli məhsullara nisbətən daha ucuz olmasını bir neçə səbəblərlə izah edir. O bildirir ki, ən öndə gələn səbəblərdən biri fermerlərin bazara çıxış imkanlarının zəif olmasıdır:"Nəzərə çatdıraq ki, bu gün hər hansı bir kənd məhsulunu istehsal edən fermer öz məhsulunu bazarlara çıxarmaqda çətinlik çəkir. Yerində 50 qəpiyə olan məhsul bazarlara 2 - 3 manata çıxarılır. Bu da onu göstərir ki, kəndli öz məhsulunu bazara çıxarmaq imkanın məhdud olduğu üçün onu vasitəçilərə təqdim etməli olur”.

Ekspert həmçinin burada inhisarçılıq əlamətlərinin də olduğunu vurğulayır: "Bu da ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının bəzilərini bazara çıxmamışdan əvvəl topdan satış şəkildə bir əldən alanlar var. Satılan zaman isə istehlakçıya daha baha qiymətə satılır ki, bu da kənd təsərrüfatı məhsularının baha qiymətə olmasına səbəb olur”.

İqtisadçı onu da bildirir ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları ekstensiv yolla istehsal olunur: "Xaricdə isə istehsal olunan məhsulların əksəriyyəti intensiv yolla istehsal olunur. Həm də xaricdə yüksək məhsuldar toxum növlərindən istifadə edirlər ki, bu da əkilən məhsula daha çox məhsuldarlıq verir. Ona görə də onlar ucuz qiymətə sata bilirlər. Bizdə isə əl əməyindən daha geniş istifadə olunduğundan və həm də orada işləyənlərin də sayı çox olduğuna görə məhsulun bahalaşmasına səbəb olur”.


Ruslan Atakişiyev kəndlinin məhsullarının bahalaşmasına təsir edən amillərdən digərinin isə toxumların, gübrələrin xaricdən baha qiymətə alınmasında görür: "Bu da məhsulun maya dəyərində rol oynayır. Bununla yanaşı, toxumların əksəriyyəti bəzi hallarda yerli şəraitə uyğunlaşmadığına görə pərakəndə, kortəbii şəkildə məhsuldarlıq əvəzinə qeyri-məhsuldarlıq əks olunur. Yaxud da məhsuldarlığın tamamilə məhvi ilə qarşılaşılır. Bu da fermerlərin ziyanına səbəb olan amildir”.

İqtisadçı kənd təsərrüfatı məhsullarında bahalaşmanın onun saxlanması ilə də bağlı olduğunu qeyd edir: "Xaricdə istehsal olunan məhsullar yaxşı qablaşdırılır. Bu da ona yaxşı saxlanma imkanı yaradır. Ona görə də daşınma da yaxşı şəkildə təşkil oluna bilir. Bizdə isə fermer gətirdiyi məhsulu yaxşı bir şəkildə qablaşdıra bilmədiyindən daşınma zamanı məhsulun bir hissəsi xarab olur. Nəticədə də satıcı xarab etdiyi məhsulların pulunu ödəyə bilməsi üçün məhsulu baha satmağa məcbur olur. Ona görə də burada məhsulların qablaşdırılmasına, daşınmasına və saxlanılmasına diqqət etmək lazımdır”.

Ruslan Atakişiyev onu da bildirir ki, bu gün Azərbaycanda tərəvəz bitkiçiliyi ilə məşğul olanlar, xüsusən, diqqətlərini ixraca yönəldiblər: "Bu məhsulların ixracı güclənən zamanlarda daxili bazarda bahalaşma baş verir. Bizim məhsul xarici bazara aparılan zaman daxildə qıtlaşma əmələ gəlir. Bununla da onların qiymətləri bahalaşmağa başlayır”.

İqtisadçı ekspert sonda isə onu qeyd etdi ki, burada məhsul yığımının da düzgün təşkil olunmaması məsələsi var: "Yəni, sorğulardan məlum olur ki, bizim bazarda bəzi mövsümi məhsulların baha qiymətə olduğu halda, regionlarda həmin məhsulların əksəriyyəti ağaclardan yığılan olmadığından bu məhsullar tələf olurlar. Həmçinin həmin məhsulların vaxtında yığılması ilə yanaşı, onların konservləşdirilməsi, emal müəssisələrinin olması da yaxşı olar”.

 

Mübariz Bayramov
"Mövqe" qəzeti