İRÖM, Dünya Bankının Azərbaycan ofisi və ADİU ilə birgə tədbir keçirdi.

18.05.2012

Dünən, 17 may 2012-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində yerləşən Dünya Bankı İctimai İnformasiya Mərkəzində İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (İRÖM), Dünya Bankının Azərbaycan ofisi və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) birgə təşkilatçılığı ilə tələbələr üçün “Dünya Bankının İnformasiya yayım siyasəti” adlı tədbir keçirildi.Tədbirdə iştirakçılara Dünya Bankının informasiya yayım sistemində son dövrlər həyata keçirdiyi yeniliklər, o cümlədən bankın məlumat sistemindən istifadə edərək tədqiqat aparma imkanları barəsində ətraflı məlumat verildi.


Tədbiri giriş sözü ilə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev açdı. O iştirakçıları salamlayaraq tədbirin mahiyyəti haqqında bəhs edərək, Dünya Bankının elmin inkişafında gördüyü işlərdən bəhs etdi. Ruslan Atakişiyev həmçinin rəhbərlik etdiyi mərkəzin Dünya Bankı ilə etdiyi əməkdaşlıq və bu əməkdaşlığın gələcək perspektivləri barədə məlumat verdi.


Sonra söz Dünya Bankının Azərbaycan ofisində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayevə verildi. O, Dünya bankının yenilənmiş saytını tədbir iştirakçılarına təqdim edərək bu saytadan yararlanma imkanlarını izah etdi.

Tədbirin sonunda ADİU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Elçin Rəşidov çıxış edərək gələcəkdə də bu kimi tədbirlərin keçiriləcəyini qeyd etdi.


İRÖM PR xidməti