Bəxti açılmayan Rəqabət Məcəlləsi

26.05.2012

Ruslan Atakişiyev: «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması baxımından Rəqabət Məcəlləsinin qəbul olunması mühüm əhəmiyyət kəsb edir»

 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevlə müsahibənin yer aldığı, 26 may 2012-ci il tarixində "Mövqe" qəzetində dərc olunmuş "Bəxti açılmayan Rəqabət Məcəlləsi" məqaləsini təqdim edirik.

 


Məlumdur ki, Azərbaycanda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi yönündə hazırlanan Rəqabət Məcəlləsi Milli Məclisdə iki oxunuşda qəbul edilib. Artıq bunun üzərindən xeyli zaman keçsə də, üçüncü oxunuş üçün məcəllə Milli Məclisin plenar iclasına çıxarılmayıb.


Məsələ ilə əlaqədaq Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirir ki, son bir neçə ildə parlamentin həm payız, həm də yaz sessiyasının gündəmində Rəqabət Məcəlləsinə baxılması məsələsi yer alıb: "Məcəllənin üçüncü oxunuşda müzakirə edilməsi sonuncu dəfə keçən ilin payız sessiyasında nəzərdə tutulmuşdu. Amma, müəyyən səbəblərdən oxunuş təxirə salındı”.

Deputat qeyd etdi ki, Rəqabət Məcəlləsi Milli Məclisdə müzakirə olunarkən xeyli irad və təkliflər bildirilib: "Bu irad və təklifləri düzəltmək üçün həmin məcəllənin üzərində hal - hazırda da iş gedir. Amma, hələlik onun Milli Məclisin komitə iclasından sonra plenar iclasa çıxarılması məsələsinin vaxtı bəlli deyil”. Bundan başqa deputat onu da əlavə etdi ki, inhisarçılığın aradan qaldırılması üçün qanun vacibdir: "Amma, qanundan əlavə, siyasi iradə və inhisarçılığın aradan qaldırılması effekti mexanizmi işlənilib hazırlanmalıdır. Bu, üç amil birləşsə, inhisarçılığın aradan qaldırılması istiqamətində nəzərə çarpan nəticələr əldə etmək mümkün olar”.


Məcəllənin üçüncü oxunuşda müzakirəyə çıxarılmasında gecikdirilmələrin olmasını isə iqtisadçı ekspertlər müxtəlif səbəblərlə izah edirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Rəqabət Məcəlləsinin uzun müddət parlamentdə qalması ondan xəbər verir ki, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsində maraqlar nisbətən azdır: "Odur ki, onun qəbulu heç də bəlli olmayan səbəblərdən yubanır. Amma Rəqabət Məcəlləsinin həm də parlamentə təqdim olunması ondan xəbər verir ki, məhz qanunverici orqanda və ya hökumətdə iqtisadiyyatdakı mövcud inhisarçılığa qarşı mübarizənin gücləndirilməsni istəyənlər çoxdur. Bu, inhisarçılığa qarşı mübarizənin olması ilə bərabər, eyni zamanda siyasi iradənin olmasından xəbər verir”.

Ekspert bu məcəllənin birmənalı şəkildə qəbulunun vacibliyini də vurğuladı: "Ona görə vacibdir ki, Rəqabət Məcəlləsi məhz bazardakı rəqabət münasibətlərini müəyyənləşdirəcək və birmənalı şəkildə bazarda qiyməti qorumaq üçün yeni mexanizmlərin tətbiq edilməsinə imkan yaradacaq. Bu baxımdan Rəqabət Məcəlləsinin qəbul edilməsi bazarda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi üçün hüquqi baza formalaşdıraraq, istehlak bazarında rəqabətin qorunması yönündə əhəmiyyətli rol oynayacaq. Mükəmməl hüquqi bazanın olması isə birinci addım deməkdir. Ona görə də bütövlükdə məcəllənin qəbulunun birmənalı şəkildə istehlak bazarına təsir edəcəyinə güman edirəm. Həm də, bütün hallarda bu məcəllənin qəbulu ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.

Lakin bu o demək deyil ki, Rəqabət Məcəlləsi qəbul edildikdən sonra, qısa müddət ərzində ölkədə inhisarçılıq olmayacaq və ya bazarda qiymət rəqabət ətrafında müəyyənləşəcək. Təbii ki, bu müəyyən zaman tələb edir”.


Digər iqtisadçı ekspert, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, həmçinin xarici və daxili investisiyaların iqtisadiyyata cəlb olunması baxımından Rəqabət Məcəlləsinin qəbul edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirir. Bununla yanaşı, ekspert qeyd etdi ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlük üçün həmin təşkilata 1997-ci ildən müraciət edib: "Bu günə kimi də təşkilata üzvlük prosesi davam etməkdədir. Həmin təşkilata qəbul olunmaq prinsiplərindən biri də Azərbaycanda mövcud olan iqtisadiyyatı və ticarəti tənzimləyən bir sıra qanunverici aktlarının Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğunlaşdırılmasıdır”.

Ekspert həmin aktlardan birinin də Rəqabət Məcəlləsinin olmasını vurğuladı: "Məhz bu baxımdan Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması baxımından Rəqabət Məcəlləsinin qəbul olunması mühüm əhəmiyyət kəsb edir”.

Mərkəz rəhbəri onu da əlavə etdi ki, ümumiyyətlə, Rəqabət Məcəlləsinin qəbul olunması Azərbaycandakı inhisarçılığa meylli olan qüvvələrin fəaliyyətinin rəqabətli şəraitə uyğunlaşdırılması istiqamətdə bir addım olacaq: "Çünki, Rəqabət Məcəlləsi özündə bazar iqtisadiyyatı şəraitinə uyğun mövcud qanunvericilik çərçivəsində rəqabəti təşkil edir. Bu prinsiplərə uyğun gəlməyən hər hansı bir təşkilat mövcud məcəllənin müvafiq bəndlərini pozmuş olur ki, o da son nəticədə bu və ya digər şəkildə bazar iqtisadiyyatı şəraitinə müvafiq olaraq, müəyyən cəza sanksiyaları ilə üzləşəcək”.

Ruslan Atakişiyev Rəqabət Məcəlləsinin qəbul olunmasının sahibkarlıq mühitinin daha da inkişaf etməsinə öz töhfəsini verəcəyini də bildirdi: "Belə ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olanda biz artıq yeni bir iqtisadi şəraitdə olacağıq. Bu da ondan ibarətdir ki, artıq Azərbaycana gələn hər hansı bir şirkət gömrük vergilərini verdikdən sonra, ölkə daxilində digər şirkətlərlə bir yerdə eyni rəqabət şəraitinə uyğun bir şəkildə bazarda fəaliyyət göstərməli olacaq. Bu baxımdan həm yerli şirkətlərə, həm də xarici rəqabətli bazarda mövqe qazanmaq üçün müvafiq qanunvericiliklər şəffaf olmalıdır. Bu sahədə yalnız onlar rəqabət şəraitində mübarizə aparıb, bazarda mövqelərini mökəmləndirə bilərlər”.

Mərkəz rəhbəri son olaraq qeyd etdi ki, Rəqabət Məcəlləsinin qəbul olunması Azərbaycanda sahibkarlıq, investisiyalar mühitinin inkişafı baxımında, ümumilikdə nəticə etibarı ilə əhalinin ucuz mal və keyfiyyətli xidmətlərlə təmin olunmasına öz töhfəsini verəcək.


Mübariz Bayramov

Mövqe qəzeti