"Procter & Gamble" şirkətinin Qafqaz ölkələri üzrə Xarici Əlagələr üzrə Meneceri, AMCHAM-ın KSM Komitəsinin sədri Leyla Seyidzadə ilə müsahibə

24.05.2012

 

Leyla Seyidzadə

"Procter & Gamble" şirkətinin Qafqaz ölkələri üzrə Xarici Əlagələr üzrə Meneceri, AMCHAM-ın Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin sədri Leyla Seyidzadənin Azərbaycanda KSM-in mövcud vəziyyəti barədə Ser.az saytına müsahibəsi.




Leyla xanım, Korporativ Sosial Məsuliyyət sahəsində uzunmüddətli təcrübə sahibi olaraq sosial problemlərin həllində sahibkarlıq subyektlərinin rolunu nə dərəcədə effektli hesab edirsiniz?


Fikrimcə sosial problemlərin həlli o zaman mümkün ola bilər ki, bütün cəmiyyət birlikdə buna çalışsın. Sahibkarlar da cəmiyyətin bir hissəsi olduğu üçün bu yöndə davamlı addımlar atmalıdırlar. Bilirsiniz, şirkətlərin istehlakçıları insanlardır, onların durumu yaxşıdırsa deməli biznesin də durumu yaxşı olacaq. Əgər insanların durumu pisdirsə bu, şirkətlərin fəaliyyətində özünü biruzə verəcək. Bu baxımdan sosial problemlərin həlli, insanların yüksək əhvalı şirkətlərin tam marağındadır. Şərt o deyil ki, problemləri tamamilə həll etsinlər. Ən azından bu yöndə müəyyən işlər görsələr müəyyən sahələrdə vəziyyəti yaxşılaşdıra bilərlər.



Biznesin sosial məsuliyyəti Azərbaycan sahibkarına nə verir?


İlk növbədə KSM-dən bir rəqabət meyarı olaraq istifadə edilir. Çünki bu gün yerli bazarda məhsulların keyfiyyəti, yaxşı və ya pis, demək olar ki, eynidir. Reklamlar, PR tədbirlər də artıq insanlar üçün adiləşib. Artıq şirkət rəhbərləri fikirləşməyə başlayırlar ki, istaehlakçıya təqdim etdikləri markanın imici baxımından daha nə edə bilərlər. Həmin şirkətin məhsullarını seçən müştəri də fikirləşir ki, mən bu məhsulu almaqla hər hansı ehtiyaclı şəxsə yardım etmiş oluram.
Digər tərəfdən artıq şirkətlərdə belə bir fikir formalaşır ki, əgər biz insanlardan pul qazanırıqsa, deməli bunun qarşılığı olaraq cəmiyyətə nəsə verməliyik. Bu, sosial düşüncənin məhsulu olan bir məsuliyyətdir. Bu gün KSM sahəsində irəliləmiş şirkətlərin direktorları xarici ölkələrdə təhsil almış şəxslərdir ki, onların fəaliyyəti nəticəsində artıq ölkədə biznesdə sosial məsuliyyət düşüncəsi yaranır.



Azərbaycanda fəaliyyət göstərən şirkətlərin bu yöndə atdığı addımları necə qiymətləndirirsiniz?


Son zamanlar yerli şirkətlər KSM sahəsində daha aktivləşiblər. Təxminən 8-10 il əvvəl biznes etika ilə əlaqədar yerli şirkətlərə seminarlar verəndə KSM-ə də toxunurdum və görürdüm ki, bu barədə məlumat çox azdır. Ancaq indi bir neçə şirkətin timsalında müəyyən qədər irəliləyiş hiss olunur. Lakin ümumilikdə hələ də ölkədə, KSM düşüncəsi tam formalaşmayıb. Çoxları elə düşünür ki, bu sadəcə olaraq xeyriyyə fəaliyyətidir. Bu tipli yanlış düşüncələrlə olsa da, ən azından hansısa addımlar atılır. Deməli istək var. Biz də, şirkətlər üçün apardığımız seminarlarda hər zaman bildiririk ki, bir uşaq evinə getmək, və ya hər hansı ehtiyaclı şəxslərə birdəfəlik yardımlar etmək hələ KSM demək deyil. Elə layihələr həyata keçirilməlidir ki, şirkətlər olmadan da işləsin. Məsələn təhsil sahəsini götürək. Şagirdlərə nə isə öyrədilsə bu onlarla qalacaq və bütün ömrü boyu işini görəcək.
Əgər şirkət tərəfindən sosial sahəyə müəyyən qədər pul ayırılıbsa yaxşı olardı ki, bu məbləğ bir neçə fərqli sahəyə aid layihələrə deyil, bir layihəyə ayrılsın və bununla da problemə dərindən yanaşılsın. Məqsəd o olmalıdır ki, mən bu sahəyə pul ayıracam və problemi həll edəcəm. Bu baxımdan, kor təbii də olsa addımlar atılır. Lakin, onu da bildirim ki, KSM prinsiplərini öyrənməyə də güclü meyl var. Dəfələrlə bizə zəng edirlər, müəyyən məsələləri öyrənmək istəyirlər. Bu yaxşı haldır.

 


Belə çıxır ki, birdəfəlik yardımları KSM fəaliyyətinə aid etmirsiniz...


Xeyr, aid edirik, sadəcə şirkətlər bununla kifayətlənməməlidirlər. Əgər şirkətdə KSM düşüncəsi varsa, mütləq bununla bağlı bir strategiyası olmalıdır. Bizdə isə bu çox az şirkətdə var. Tələsik işlər çox görürlər və məsələnin ən acınacaqlı tərəfi ondan ibarətdir ki, bu işlərə böyük maliyyə vəsaitləri sərf olunur. Ancaq işlərini strategiyaya bağlasalar daha uğurlu nəticələr əldə oluna bilər. Ümumiyyətlə KSM fəaliyyətlərini o zaman uğurlu hesab etmək olar ki, bundan bir çox tərəf faydalansın. Bu yöndə addımlar atılmalıdır.



Sizcə Şirkətlər KSM layihələrini özləri icra etməli yoxsa bu işdə ictimai təşkilatların yardımından istifadə etməlidir?


Əlbəttə ki, ictimai təşkilatlara müraciət olunmalıdır. Çünki, hər bir sahənin öz mütəxəssisi var və o öz sahəsində daha da uğurludur. Bu baxımdan şirkətin müvafiq qurumları həyata keçirmək istədiyi layihəni mövzusuna uyğun QHT-lərlə birgə işləsə daha yaxşı nəticələr qazanmaq olar. Ancaq, bir məsələ də var ki, bu gün Azərbaycanda keyfiyyətli işləyən QHT də tapmaq çətindir. QHT-lərlə də iş aparmaq lazımdır ki, KSM nədir, biznes qurumları ilə necə işləmək lazımdır. Çox maraqlı bir məsələdir ki, bu gün QHT-lər də KSM-ə hazır deyil, halbuki sosial fəaliyyətlər onların birbaşa fəaliyyət sahəsidir. QHT-lərlə görüşlərimizdə demək olar ki, 80%-i fəaliyyətləri haqqında həvəslə danışırlar ki, biz bu qədər buklet çap etmişik, bu qədər treyninq keçirmişik. Ancaq soruşanda ki, strategiya nədir, vizyon nədir, 5 il sonar harda olacaqsınız və yaxud hesabat necə tərtib olunur, çox az qism QHT buna dolğun cavab verə bilir. Buna görə də şirkətlərdə QHT-lərə inam o qədər yoxdur.



KSM fəaliyyətlərinə görə dövlət tərəfindən sahibkarlara hər hansı güzəştlərin tətbiq olunmasının tərəfdarısınızmı?


Bilirsiniz, biz bu məsələni bir neçə dəfə AMCHAM-da (Azırbaycanda Amerika Ticarət palatası) müzakirə etmişik. Qeyd edim ki, eyni zamanda həmin təşkilatın KSM şöbəsinin sədriyəm. Etdiyimiz müzakirələrdə əsas mövzulardan biri də bu sahədə fəaliyyət göstərən şirkətlərə imtiyazların nəzərdə tutulması olub. Bəli, biz istərdik ki, bu yöndə hər hansı qanunvericilik aktları olsun. Lakin hesab edirik ki, Azərbaycan üçün bu hələ tezdir. Çünki ümumilikdə cəmiyyətdə KSM düşüncəsi tam formalaşmayıb. İndiki dövr üçün hər hansı tövsiyyə sənədlərinin olması daha uğurlu olar.



Bu gün Azərbaycanda fəaliyyət göstərən şirkətlər KSM fəaliyyəti həyata keçirərkən hansısa təşkilati və yaxud hüquqi problemlərlə qarşılaşırlarmı?


Qanunlarda bəzən hər hansı fəaliyyətin həyata keçirilməsi ilə əlqədar məhdudiyyətlərə rast gəlirik. Ancaq sənədlər hüquqi şəkildə yerində olduqda, fəaliyyətin predmeti, məqsədi, görüləcək işlər və s. açıq şəkildə təsvir olunduqda kiçik bürokratik əngəlləri nəzərə almasaq o qədər də böyük problemlərə rast gəlinmir. Yetər ki, fəaliyyətlər şəffaf olsun.



Araz İsmayılov - İRÖM-ün PR meneceri



Bu müsahibə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Sosial problemlərin həllinə sahibkarlıq subyektlərinin cəlbi” layihəsi çərçivəsində aparılmışdır.