"EcoVision" jurnalında Ruslan Atakişiyevin məqaləsi nəşr olundu.

06.03.2012

İqtisadi resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin müəllifi olduğu "Elm və biznesin vəhdəti əsasında rəqabətqabiliyyətliliyin artırılması" məqaləsi "EciVision" jurnalının 10-cu - fevral buraxılışında nəşr olunub. Məqaləni olduğu kimi sizə təqdim edirik.

 


Elm və biznesin vəhdəti əsasında rəqabətqabiliyyətliliyin artırılması.


  Müasir dövrdə sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoyur. Artıq biznesdə ən-ənəvi yanaşmalar getdikcə öz yerini sürətlə dəyişən iqtisadi şəraitə daha adekvat cavab verən ideya və texnologiyalara verir. Belə bir şəraitdə ölkədaxili, regional və dünya səviyyəsində biznesin rəqabətliliyinin müxtəlif çalarlı meyarları və tələbləri meydana çıxır. Yeni fəaliyyətə başlamış şirkət öz qarşısında iddialı məqsədlər qoymaqla yanaşı artıq bu ideyalara çatmaqda aşmalı olacağı mərhələlərin qabaqcadan hesablanmasını düşünməlidir.

Belə bir şəraitdə şirkətin rəqabətədavamlılığının artıtırlması startegiyasının önə çıxması daha xarakterikdir. Rəqabətədavamlılıq şirkətin insan, texniki, təcrübə və s. resurslarının mövcud potensialının düzgün qiymətlərndirilməsi əsasında formalaşır.

Hazırki şəraitdə rəqabətə davamlılığı şərtləndirən bir çox amillərin mövcudluğu halında elmi biliklərə əsaslanan biznesin inkişaf etdirilməsi ideyaları daha çox önə çəkilir. Belə yanaşma sahibkarlığın inkişafına təkan verməklə yanaşı cəmiyyətin düşünən təbəqəsi tətərəfindən formalaşan intellektual məhsulların – elmi kəşflərin, yeniliklərin – istehsalatda özünü reallaşdırmasına da imkan yaradır ki, bu da bazarın həcminin əmtəə və xidmətlərin çeşidlərinin artmsı hesabına böyüməsinə köməklik göstərməklə yanaşı yeni iş yerlərinin açılmasına, keyfiyyətin artmasına və biznesin davamlı inkişafına da şərait yaradır.

Elmi-Texniki Tərəqqinin istehsala tətbiqi Azərbaycanda hələ keçən əsrin ortalarından mühüm amil kimi üzə çıxmasına baxmayaraq ölkəmizdə inzibati amirlik sisteminin mövcudluğu ucbatından bu sahədə əsaslı nailiyyətlərə nail olunmamışdır. Bu səbəbdən də ölkəmizdə elmi əsaslara söykənən sahibkarlığın tərəqqisi məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilərək tətbiq olunmasına çalışmaq daha çox aktuallıq kəsb edir.

Qeyd edək ki, inkişaf etmiş Qərb dövlətlərində elmi nailiyyətlərin biznes strukturlarında tətbiq olunmasına hələ keçən əsrin 60 –cı illərində başlanılmışdır.  Belə ki, istehsal prosesi ilə yaxından əlaqəli olan mütəxəssislər tərəfindən hazırlanan yeniliklərin o cümlədən sahəninin alimlərinin səyləri ilə ortaya çıxan ixtiraların biznesə gətirilməsi ilə bağlı bir sıra kiçik tədqiqatçılar qrupları formalaşdırılırdı. Sonralar belə elmi birliklərin əksəriyyəti özünü iri korporasiyalarda reallaşdıra bilmədiklərindən kiçik innovasiya müəssisləri yaratmağa başlayırdı.

Lakin, növbəti dövrlərdə iri korporasiyaların və maliyyə qurumlarının elmi birliklərə marağının artması nətcisində onlar bu sferanın özlərinin daxilində ayrıca struktur kimi formalaşmasına şərait yaratmaqla yanaşı vençur kapitalı şəklində maliyyə vəsaitləri də yönəltməyə başladılar. İri müəssiəsələr bununla da elmi-ixtiraçılıq nəticəsində yaranan yeni bir ideya əsasında bazara rəqabətədavamlı mütərəqqi məhsul çıxarmaqla onun satışına nail olmaq və səhmlərinin daha da qiymətləndirilməsi əsasında sonda yüksək gəlir əldə etmək məqsədlərinə çatmağı güdürdülər.  

Elmin biznesdə uğurlu tətbiqi və onun əsasında sahibkarlığın inkişafının yeni mərhələyə qədəm qoyması bu sahəyə işadamlarının marağını artırmaqla yanaşı öz məhsulları ilə dünya bazarında layiqli yer və paya malik olmaq arzusunda olan dövlətlərin də diqqətini bu sahəyə çevirdi. Bu səbəbdən də günümüzdə elmtutumlu biznesin inkişafı dövlət və biznesin tərəfdaşlığı şəraitində inkişaf etdirilir.

Ümumiyyətlə, elmdən istifadə olunmaqla firmanın texnoloji imkanlarının genişləndirilməsi bir sıra metodlarla həyata keçirilir. Bunlardan də ən uğurlu olanları biznes inkubatorların, texnoparkların, texnopolislərin, elmi və texniki regionların formalaşdırılmasıdır.

Biznes inkubator -  əsasən məxsusi elmi-texniki ideyaların istehsala tətbiqi ilə məşğul olan kiçik innovasiya müəssisələrinin səmərəli formalaşması üçün onlara əlverişli şəraitin yaradılması məqsədilə formlaşdırılır.

İnnovasiya müəssisələri güzəştli şərtlərlə inkubatorlardan ofis və texniki ləvazimat icarəyə götürərərk öz fəaliyyətlərini həyata keçirirlər. Müəssisələr adətən inkubator daxilində 2-3 və bəzi halda 5 ilə qədər işləyir. Bu müddət ərzində yeni yaranmış müəssisə bazarın tələblərinə uyğun fəaliyyət göstərmək bacarıqlarına yiyələnərək rəqabətədavamlılıq əldə edir.

Qeyd edək ki, elmi tədqiqatlar əsasnda meydana çıxan yeni məhsulun istehsala tətbiq olunması və bazarda özünəməxsus yer tutuması istiqamətində inkubatorlardan istifadə edilməsi şirkətin inkişafı baxımından çox əlverişlidir. Bununla yanaşı iri müəssisələr də elmi layihələrin istehsalatda reallaşdırılması istiqamətində bu kimi vasitələrdən istifadə edə bilərlər.  

İnkubator daxilində elmi layihələrini biznesdə reallaşdırmağa çalışan müəssisələr aşğıdakı imkanları əldə edirlər:

1. Maddi və qeyri-maddi dəstəyin göstərilməsi: maddi dəstək dedikdə müəssisələr inkubatorda güzəştli şərtlərlə ofis, texniki avadanlıq, elmi yeniliklərin ilkin tətbiqi ilə bağlı labaratoriya əldə edirlər. Qeyri-maddi vasitələrdən istifadəyə gəldikdə isə inkubatorlarda müssisələrin reklam fəaliyyəti təşkil olunur, onlara məsləhət xidməti göstərilir, elmi-tədqiat müəssisələri ilə əlaqələri qurularaq onların innovasiyaları ekspertizadan keçirilir, müxtəlif Universitetlərin elmi auditoriyalarına çıxış yaradılır, o cümlədən dayanıqlı maliyyə mənbələrinə əlçatanlığı formalaşdırmaq üçün iri korporasiyalarla, müvafiq dövlət qurumları ilə, investorlarla əlaqələri formlşdırılır. Ümumiyyətlə, bu kimi fəaliyyətlərin dəstəklənməsi dünya təcrübəsindən də bilindiyi kimi əsasən dövlət tərəfindən həyata keçirilir;

2. Elmi-texniki yeniliyə əsaslanan layihənin kommersialaşdırılması üzrə dəstək: Qeyd edək ki, innovasiyaya əsaslanan müəssisə inkubatorda yaradılmış əlverişli şəraitdən maksimum istifadə edərək qısa zamanda formalaşdırdığı yeni məhsulun kommersialaşdırılmasına çalışmalıdır. Bu baxımdan inkubatorda müəssisələrə məhsullarını reallaşdırmaları üçün satıcıların, alıcıların, təchizatçıların tapılması istiqamətində də dəstək göstərilir. Beləliklə müəssisə artıq ilk sifarişlərini elə inkubatorda olarkən əldə edir və məhsullarını bazarda reallaşdıraraq artıq gəlir əldə etməyə başlayır;

3. Biznes-tədris xidmətinin göstərilməsi: İnkubatorda innovasiya ilə məşğul olan qrupa bazarda müstəqil fəaliyyət göstərmələri üçün lazım olan bilikləri əldə etmək üçün ödənişsiz olaraq treyninqlər, seminarlar keçirilir. Belə olduğu təqdirdə heyət bazarın tələblərinə uyğun olaraq müasir biznes biliklərini əldə etmiş olur.

Bütün bu sadaladıqlarımız müəsisisənin rəqabətqabiliyyətliliyinin artması istiqamətində ona köməkliyin göstərilməsini xarakterizə edir. İnkubator elmi tədqiqatla məşğul olub da onun kommersialaşdırılmasına çalışan heyətlər üçün cəzbedici olsa da bu kimi imkanlardan istifadə etmək üçün bir sıra meyarlara cavab vermək lazımdır:  

- İnnovasiya layihəsinin texniki əsaslandırılması;

- Dəstək üçün iddialı olan heyətin sahibkarlıq bacarıqlarının qiymətləndirilməsi;

- Müsəssisənin idarə etmə sisteminin, liderinin şəxsi keyfiyyətlərinin ölçülməsi;

- İnnovasiya layihəsinin uğurlu həyata keçirilməsi və risklərə cavab verməsi baxımından hazırlanmış bisnes planın olması;

- Məhsulun bazara uğurlu yeridilməsi imkanlarını xarakterizə edən strategiyanın olması;

- Yeni məhsulun istehsala tətbiqi ilə formalaşacaq iş yerlərinin həcmininin qiymətləndirilməsi və s.  


Qeyd edək ki, dünya təcrübəsində elmin kommersialaşdırlması istiqamətində biznes inkubatorlarla yanaşı tətbiq olunan texnoparklar da innovasiyaların istehsalata tətbiq olunmasında mühüm rola malikdirlər.

Texnopark – elmi texniki park – elmi ixtiralar əsasında meydana çıxmış məhsulların yüksək texnologiyalı əmtəələr bazarına çıxışını şərtləndirən kiçik elmi-texniki müəsisələrin formalaşmasına təkan verən  elmi tədqiqat və istehsalat institutudur.  

Texnoparklar öz ətrafında elmi işçiləri cəlb etməklə yanaşı müxtəlif iri müəssisələrin innovasiya istiqamətində çalışan əməkdaşlarını da birləşdirirlər. Burada təcrübi labaratoriyalar, tədqiqat mərkəzləri, sınaq poliqonları da fəaliyyət göstərir. Əksər hallarda elmi tədqiqatın nəticəsində meydana çıxmış məhsulların ilkin hazırlanması da həyata keçirilir. Qeyd edək ki, son dövrlər biznes aləmində geniş yayılmış nanotexnologiyalara əsaslanan məhsulların meydana çıxmasında da texnoparkların rolu böyükdür.

Texnoparklar əsasən dövlət tərəfindən təşkil olunur və onun fəliyyəti üçün nəzərdə tutulan bütün texniki təchizat, lazımi resurslarla təminat işləri həyata keçirilir. Lakin, texnoparkaların iri korporasiyalar tərəfidən təşkil edilməsi sahəsində də dünyada xeyli təcrübə vardır. Texnoparklar elmi ideyaların biznesdə reallaşması üçün geniş şərait yaratmaqla yanaşı onun bazarda ilkin satışından da yüksək gəlirlərin əldə edilməsinə köməklik göstərir. Bu baxımdan texnoparkların maliyyələşdirilməsi strukturuna dövlət qurumları ilə yanaşı müxtəlif biznes strukturları da aid edilir.

Müasir dövrdə iqtisadi inkişafın təmin edilməsi üçün əksər ölkələrdə texnoparklar yaradılır. O cümlədən Azərbaycanda da bu istiqamətdə işlər aparılır. Ümumiyyətlə texnoparkların yaradılması cədvəl 2-dən də göründüyü kimi bir sıra məqsədlərə xidmət edir:  

 

- Bilik və ixtiraların texnologiyalara çevrilməsi;

- Texnologiyaların kommersiya məhsulu halına gətirilməsi;

- Kiçik elmtutumlu müəssisələr vasitəsilə texnologiyaların istehsalata ötürülməsi;

- Elmtutumlu müəssisənin qurulması və bazar şəraitinə uyunlaşdırılması;

- Elmtutumlu sahibkarlıq sahəsində müəssisənin sonrakı inkişafının dəstəklənməsi və s.  


Texnoparklarla yanaşı texnopolislərin və elmi-texnoloji regionların formalaşması da sahibkarlığın inkişafında mühüm rol oynayır. Texnopolislər başlıca olaraq böyük bir kompleksi, strukturu özündə ehtiva etdiyi halda elmi –texnoloji regionlar daha çox böyük bir inzibati ərazini əhatə edə bilər. Çox vaxt elmi-texnoloji regionlar iri şəhərlərin, sənayeləşmiş rayonların inzibati əraziləri ilə eynilik təşkil edir. Bu da əsasən bir regionda xeyli sayda biznes strukturlarının, istehsal obyektlərinin, əlaqəli tədqiqat obyektlərinin cəmlənməsi ilə formalaşır. Amma, forma və quruluşundan asılı olmayaraq elmi-texniki nailiyyətlərin istehsalata transferini nəzərdə tutan istənilən institusional qurumun son məqsədi ölkənin o cümlədən onun sahibkarlıq subyektlərinin bazar prinsiplərinə əsaslanaraq rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində biliklərə əsaslanan sənayeni formalaşdıraraq həm daxili bazarda həm də beynəlxalq aləmdə üstünlüklər əldə etməklə daha çox gəlirlərə nail olmaqdır.

Sonda onu qeyd edək ki, elmi biliklərə əsaslanan texnologiyaların istehsala tətbiqi sahibkarlığın inkişafı baxımından nə qədər cəzbedici görünnsə də burada diqqəti cəlb edən mühüm məsələrdən biri də innovativ düşüncənin banilərinin ixtiraları, layihələri, təklifləri üzərində müəlliflik hüquqlarının qoruması məsələləridir. Qeyd edək ki, beynəlxalq aləmdə bu sahədə geniş hüquqi baza olmaqla yanaşı Azərbaycanda da müəllif hüquqlarının qorunması sahəsində qanunvericilik aktları mövcuddur. Bu sahədə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir ki, hər bir yenilikçinin öz ixtiralarını biznesə tətbiq etmədən öncə həmin qurumdan qeydiyyatdan keçirməsi də vacib şərtlərdən biridir.