İRÖM, ekspertləri tərəfindən yazılan kitabların təqdimatını həyata keçirdi.

29.12.2011

     

      İqtisadi Resursların Öyrənilməsi Mərkəzi ali təhsil məktəblərinin tələbələrinə yeni nəşrdən çıxmış "Faizsiz Bankçılığa Giriş" və “Beynəlxalq uçot və hesabata giriş” kitablarının təqdimatını həyata keçirdi. Tədbir “CABİR Məzunlar Şurası-Azərbaycan”ın və ADİU Karyera Mərkəzinin dəstəyi ilə təşkil olunmuşdu.

     qhtxeber.az-ın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bütün iştirakçıları salamladı, rəhbərlik etdiyi mərkəzin faizsiz bankçılıq və mühasibat uçotu sahəsində gördüyü işlərdən bəhs etdi. Sonra R. Atakişiyev sözü İsveçrə Konfederasiyasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Sənubər xanıma verdi. O, da öz növbəsində tədbir iştirakçılarını salamladı və tələbələrin inkişafı yönündə atılan bu kimi addımların təqdirə layiq hal olduğunu bildirdi.

      Daha sonra R. Atakişiyev müəllifi olduğu "Faizsiz Bankçılığa Giriş" kitabı haqqında iştirakçılara ətraflı məlumat verdi. O, bildirdi ki, kitabda faizsiz bankçılığın yaranma tarixi, elmi-nəzəri əsasları, dünya maliyyə sistemində yeri, bu tip institutların fəaliyyət prinsipləri öz əksini tapmışdır. Azərbaycanda dövlət və özəl sektorun maliyyə təminatında Faizsiz Bankların vəsaitlərinin cəlb olunmasının yolları və perspektiv imkanları barəsindəki məsələlərə toxunan R.Atakişiyev son dövrlər dünyada geniş yayılmış, yüzlərlə maliyyə təşkilatı tərəfindən həyata keçirilən faizsiz bankçılıq haqqında Azərbaycan oxucusunun məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir.

      R.Atakişiyevin çıxışından sonra “Beynəlxalq uçot və hesabata giriş” kitabının təqdimatına keçildi və ilk söz kitabın müəlliflərindən biri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, i.e.n, dos. Vaqif Quliyevə verildi. Vaqif Quliyev kitab haqqında tələbələrə geniş informasiya verdi və qeyd etdi ki, kitabda müasir dövrdə tətbiq olunan beynəlxalq mühasibat uçotu və hesabatının prinsipləri, müxtəlif təsərrüfat əməliyyatlarının hesablar üzrə qeydiyyatı və maliyyə hesabatı formalarında əks etdirilməsi qaydaları nəzərdən keçirilib, həmçinin yeni sistemə keçidlə əlaqədar uçotun aktual mövzularından olan təxirə salınmış vergi aktivi və öhdəlikləri, gəlir və xərclərin diskontlaşdırılması, maliyyə hesabatının təhlili və digər məsələlərə toxunulub. Söz alan, kitabın digər müəllifi Radil Fətullayev isə bildirdi ki, nəşr edilmiş bu kitab vasitəsi ilə beynəlxalq mühasibat sahəsində zəruri bilikləri öyrənməklə yanaşı, yeni uçot sistemi ilə köhnə uçot arasındakı fərqləri asan şəkildə dərk etmək və praktikada tətbiq etmək imkanları da əldə etmək olar.

      Tədbirin sonunda təqdim olunan kitablar barədə geniş diskussiya aparıldı.

 

http://www.qhtxeber.az/news/a-13613.html