İRÖM “Yaşıl iqtisadiyyat və turizm” mövzusunda tədbir keçirdi

28.11.2011

        

    İqtisadi Resursların Öyrənilməsi Mərkəzi və CABİR Məzunlar Şurası-Azərbaycanın birgə təşkilatçılığı, ADİU Karyera Mərkəzinin dəstəyi ilə “Yaşıl iqtisadiyyat və turizm” mövzusunda tədbir keçirilib. Tədbirdə bu sahə üzrə maraqlı tələbələr iştirak edib. 

 

     Təşkilatçıların qhtxeber.az-a verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan CABİR Məzunlar Şurası Azərbaycan-ın direktoru Şahin Bayramov bütün iştirakçıları salamladı və İqtisadi Resursların Öyrənilməsi Mərkəzi ilə davamlı əməkdaşlıqdan böyük məmnunluq duyduğunu qeyd etdi. Rəhbərlik etdiyi təşkilatın fəaliyyətlərindən danışan Şahin Bayramov “İş dünyasında yaşıl iqtisadiyyat konsepsiyası” mühazirəsini təqdim etmək üçün ilk sözü Azərbaycan Türkiyə İşadamları Birliyinin (ATİB) baş katibi Rəşad Rəsulluya verdi. R.Rəsullu mühazirəsində ətraf mühit problemləri, bu problemlərin həll olunmasında yaşıl iqtisadiyyata keçidin önəmli tərəfləri, həmçinin ölkəmizin bu xüsusda geniş potensialı haqda iştirakçılara ətraflı məlumat verdi. Daha sonra çıxış üçün söz ADİU-nun müəllimi Dr. Rauf Quliyevə verildi. R. Quliyev çıxışı zamanı ekoturizmin Azərbaycanda inkişaf perspektivləri haqda danışdı. O, bildirdi ki, Azərbaycanda ekoloji problemlərin aradan qalxmasında eko-turizmin böyük töhvəsi ola bilər. 

   

     Son olaraq “BMT Qlobal Saziş Şəbəkəsi – Ətraf mühitin qorunması – Biznes Liderlik Platforması” mühazirəsini söyləmək üçün İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə koordinatoru Araz İsmayılov söz aldı. O, çıxışında bu şəbəkə, ona qoşulmağın üstün tərəfləri haqqında məlumat verdi. Sazişin 10 prinsipindən 3-ünün ətraf mühitin qorunması mövzusunda olmasını qeyd edən A. İsmayılov bu prinsipləri qəbul edən şirkətlərin iş dünyasında böyük uğurlara nail olmasından bəhs etdi. 

 

     Tədbir iştirakçılarla aparılan maraqlı diskussiya ilə sona çatdı.