İRÖM Şuranın dəstəklədiyi layihəni başa vurdu

15.12.2011

      İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (İRÖM) “Turizm biznesində təbii resurslardan səmərəli istifadə olunması yolu ilə təbii abidələrin qorunması” layihəsinin icrasını başa vurdu.  Layihə çərçivəsində 3 regional mərkəzdə - Xaçmaz, Lənkəran və Şəki şəhərlərində turizm sahibkarları, bu təşəbbüsdə olan şəxslər, regional turizm informasiya mərkəzlərinin, mədəniyyət və turizm idarələrinin əməkdaşları üçün təbii abidələr, növləri, onların qorunması yolları, ekoturizmin Azərbaycanda inkişafı perspektivləri, bu yöndə atılmalı olan addımlar, o cümlədən turizmdə menecment işinin təşkili, marketinqin aparılması qaydaları, bu sferaya daxili və xarici investisya mənbələrinin cəlb olunması yolları haqqında seminarlar təşkil olundu. İRÖM-ün sədri, eyni zamanda layihənin rəhbəri Ruslan Atakişiyevin qhtxeber.az-a verdiyi məlumata görə, bu layihə bir daha sübut etdi ki, təbii abidələrə və ətraf mühitə ziyan vurmadan da turizm sahəsində biznes fəaliyyətini genişləndirmək mümkündür. “Fikrimcə layihəyə cəlb olunmuş sahibkarlıq subyektləri və turizm biznesində maraqlı olan şəxslər mütəxəssislərimiz tərəfindən onlara keçirilmiş seminarlardan öz gələcək işlərini qurmaq üçün xeyli bilik əldə etdilər. Bu sözü deməyə seminarların sonunda iştirakçılar arasında keçirilmiş sorğudakı cavablar əsas verir. Ümumiyyətlə biz “2011-Turizm ili” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının tərəfindən bu tip layihələrin dəstəklənməsini mühüm iş kimi qiymətləndirərək təqdirəlayiq sayırıq”.  

 

       Xatırladaq ki, icrasına 3 ay əvvəl başlanılmış “Turizm biznesində təbii resurslardan səmərəli istifadə olunması yolu ilə təbii abidələrin qorunması” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilirdi.     


http://www.qhtxeber.az/news/a-12261.html