Şərikli Biznes modeli

07.09.2018

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində 7 sentyabr 2018-ci il tarixində Bakı Mətbuat Mərkəzində mətbuat konfransı keçirilmişdir. Layihənin həyata keçirilməsində başlıca məqsəd Sahibkarlar arasında Birgə biznes modelini aşılamaq yolu ilə onlarda müstəqil şəkildə sərmayəçilərlə birbaşa əməkdaşlıq etmək qabiliyyətinin formalaşdırılmasına nail olmaqdır. Layihənin ictimai əhəmiyyəti ondan ibarətdir ki, 2016-cı ildə qəbul olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol xəritəsində” sahibkarlığın inkişafı ilə bağlı məsələlərə dəstək göstərmək üçün Birliyimiz tərəfindən biznesin birbaşa investisiya cəlbi imkanlarının artırılmasına yönəlmiş “Oratqlıq” işgüzar modeli irəli sürülmüşdür. Mətbuat konfransında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev, Professional mühasib jurnalının baş redaktoru, audit üzrə mütəxəssis Mehdi Babayev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev, Birləşmiş Ərəb Əmirliklərindən dəvət olunmuş xarici mütəxəssis Muzammal Zulfikar çıxış etmişlər. Natiqlər əsasən “Birgə biznes modeli”nin üstünlükləri və formaları və “Birgə fəaliyyət”in qanunvericilikdəki əsası, sənədləşdirilməsi, uçot və hesabatı mövzuları ətrafında öz çıxışlarını qurmuşdular. Tədbirdə 20-ə yaxın KİV əməkdaşı iştirak etmiş və ekspertlərdən müsahibə götürmüşdür. Qeyd edək ki, layihə çərçivəsində Lənkəran və Zaqatala rayonlarında yaşayan sahibkarlara treyninqlər keçiriləcəkdir